22 Dekabr 2024, Bazar

Bu mövzuda 24-25 oktyabr tarixlərində keçirilən seminar dünən öz işini davam etdirməyə başlayıb

Dünən Naxçıvan şəhərindəki “Təbriz” mehmanxanasında “Naxçıvan Muxtar Respublikasında sahibkarlıq potensialının gücləndirilməsinə dəstək” mövzusunda seminar keçirilib. Seminarın ilk məşğələsi kiçik və orta sahibkarların maliyyə və kredit mənbələrindən, kiçik biznesin maliyyələşdirilməsinin alternativ metodlarından istifadə imkanlarına həsr edilib.
Tədbiri ATƏT-in Bakı Ofisinin əməkdaşı Matilde Nquyen Raniqel açıb. Qeyd olunub ki, son illər ATƏT-in Bakı Ofisi iqtisadi idarəetmənin keyfiyyətini artırmaq, Bakıda və Azərbaycanın regionlarında əlverişli biznes mühitini təşviq etmək üçün normativ hüquqi məsələlərin yaxşılaşdırılması istiqamətində dəstək tədbirləri həyata keçirməyi diqqət mərkəzində saxlayır. Naxçıvan Muxtar Respublikasında ilk belə tədbir 2009-cu ilin mayında keçirilib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri Abbas Babayev muxtar respublikada güclü sahibkarlar təbəqəsinin formalaşdığını diqqətə çatdırıb, bunun təməlində hərtərəfli dövlət dəstəyinin dayandığını bildirib.
Qeyd olunub ki, sahibkarlıq subyektlərinin qeydiyyatı çərçivəsində 2013-cü ilin ötən dövrü ərzində muxtar respublika üzrə 22 hüquqi və 925 fiziki şəxs qeydiyyata alınıb. 2013-cü ilin yanvar-sentyabr ayları ərzində bank və kredit təşkilatları tərəfindən sahibkarlara 33 milyon 196 min manatdan artıq həcmdə kreditlərin verilməsi təmin olunub.
Seminarda “Bank of Azerbaijan” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialının rəhbəri Anar Məm­mədovun “Biznesimizin sağlam maliyyə idarəetməsinin əsas yolları” mövzusunda məruzəsi dinlənilib. Bildirilib ki, maliyyə idarəetməsinin əsas yollarından biri düzgün maliyyələşdirmədir. Şərti olaraq maliyyələşdirməni özünümaliyyələşdirmə, kredit yolu ilə maliyyələşdirmə, lizinq, büdcə maliyyələşdirməsi təşkil edir. Özünümaliyyələşdirmə ən əlverişli yoldur. Bu, fəaliyyətdə olan müəssisələr üçün daha münasibdir və müəssisə daxili imkanlar hesabına maliyyələşdirilir. Əsas mənbələr müəssisənin gəlirləri, amortizasiya ayırmaları, daxili ehtiyatlar və sairdən ibarətdir. Özünümaliyyələşdirmənin üstünlükləri ondan ibarətdir ki, müəssisə müflisləşmə riski ilə üzləşmir, gəlir sahibkara qalır, cəlb edilmiş vəsaitlər üzrə xərclər olmur.
Sonra mövzu ətrafında müzakirələr aparılıb, tədbir iştirakçılarının sualları cavablandırılıb.
Seminarda Naxçıvan Muxtar Respublikası Sahibkarlığa Kömək Fondunun baş məsləhətçisi Orxan Abdinov çıxış edərək muxtar respublikada biznes mühitinin yaxşılaşdırılması və sahibkar­lığın inkişafı  istiqamətində görülən işlərdən danışıb.
Sonra “FINCA” Bank Olmayan Kredit Təşkilatının Naxçıvan filialının əməkdaşı Elçin Məmmədovun “Kiçik biznesin maliyyələşdirilməsinin əsas mənbələri, kiçik və orta sahibkarların maliyyələşdirilməsi üzrə alternativ metodlardan istifadə perspektivləri” və “Yüksək miqdarda borc toplanması barədə xəbərdarlıq və məsləhət” mövzularında məruzəsi dinlənilib.
Günün ikinci yarısında seminar öz işini davam etdirib.
Seminara sabah yekun vurulacaq.
Qeyd edək ki, seminarı Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyi, Sahibkarlar Konfederasiyası, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi ATƏT-in Bakı Ofisi ilə birgə təşkil edib.

Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR