26 Dekabr 2024, Cümə axşamı

Yenə bir qaranlıq gecə igid Azərbaycan əsgərinin şücaəti, rəşadəti ilə nura qərq oldu. Yenə bir sabahımız qələbə xəbəri ilə açıldı. İgid oğullarımız sentyabrın 27-ni tariximizə öz qanları ilə yazdılar. Yeni bir tarixi gün, yeni bir qələbə illərdir, torpaq həsrəti ilə yaşayan insanların gözündə sevinc yaşına, ürəyində qürura döndü. Torpaqlarımız erməni vandalları tərəfindən işğal ediləndən illər sonra – 2016-cı ilin Aprel döyüşlərində xalqımız həsrətində olduğu qələbə xəbəri ilə açdı bir yaz səhərini, iki il sonra 2018-ci ilin may səhərində isə qədim Naxçıvanımızdan qələbə soraqlı müjdələr qanad açdı doğma Azərbaycanımıza. Və bir neçə gündür, gözümüz yolda, qulağımız səsdə gözləyirik şanlı ordumuzun zəfər xəbərlərini. 

Elə bu düşüncələrlə Naxçıvanımızın qeyrət qalası Sədərəyə çatırıq. 

İlk diqqətimizi çəkən uca dağların başında qurulan nəzarət postları olur. Yüksəklərdə dalğalanan ay-ulduzlu üçrəngli bayrağımıza, Vətənimizin sərhədinə keşik çəkən şir ürəkli, dağlara boy verən vüqarlı oğullarımıza baxdıqca yaxın keçmişimizdə baş verənləri xatırlayıram: Bir vaxtlar vüqarlı dağlarımızın ətirli çiçəkləri şəhid qanına boyanmışdı. Düşmənin atdığı toplar, alazanlar, qradlar kəndi xarabaya çevirmiş, yollar, əkin yerləri yanıb külə dönmüşdü. Vaxtilə gəlinlərimizin bəzəyi olan güllər şəhidlərimizin məzarını bəzəməyə başlamış hər kəsin üz tutduğu müqəddəs ocaq – Şəhidlər xiyabanı yaranmışdı. Bütün bunlara baxmayaraq, qazandığımız müstəqilliyi itirməməyə səy göstərdik, torpağımızı qoruyurduq, bir addım belə, geri çəkilmirdik. Yurdumuzun sakinləri bir olduqca, çiyin-çiyinə verdikcə, sanki bəlalar bizdən qorxub geri çəkildi. Həmin günlərdə belə gələcəyə ümidlə baxan naxçıvanlılar düşmənin qarşısında Əlincə qalası kimi möhkəm dayandılar...
Keçmişin acı olsa da, qürur verən xatirələrindən məni məktəbə tələsən balacaların şən səsləri ayırır. Sədərək kənd bir nömrəli tam orta məktəbin həyətindən düşmən postlarını aydın şəkildə müşahidə etmək mümkündür. Məktəblilər isə buna heç məhəl belə, qoymurlar. Yuxarı siniflərdə təhsil alan şagirdlər də, məktəbə ilk qədəm qoyan balacalar da. Məktəblilərə yaxınlaşır, onlarla həmsöhbət oluruq. Beşinci sinif şagirdi Murad əli ilə uca dağlara işarə edib: “Mənim atam da hərbçidir. O, dağlarda xidmət edir. Biz heç birimiz düşməndən qorxmuruq, atam da, dayım da onlardan çox güclüdür. Babam deyir ki, o vaxtlar biz o düşmənlərin gözünün odunu almışıq. Əsgərlərimiz onlardan güclüdür”, – deyir.
Zərri Bağırova Naxçıvan şəhərindəndir. O, 17 ildən artıqdır ki, Heydərabad qəsəbəsində yaşayır, buradakı tam orta məktəbdə müəllim işləyir. Onun üç övladı var. Oğlu Füzuli rayonunda həqiqi hərbi xidmətdədir. Zərri müəllimə deyir ki, bir neçə gündür, cəbhədə yaşanan gərginlik bir ana kimi məni də narahat edir. Amma, əminəm ki, igid oğullarımız düşmənin cavabını layiqincə verəcək. Çünki biz qəhrəman bir xalqın övladlarıyıq. Düşmənin qarşısında əzmlə, şücaətlə dayanan igidlərimizin sayəsində gecələr evimizdə rahat yatır, səhərlər əmin-amanlıqla məktəbimizdə dərs deyirik. Onlar sərhədimizə bir güllə belə, atmağa cəsarət etmirlər. Bilirlər ki, cavabları layiqincə veriləcək. “Oğul düşmən çəpəridir”, – deyən ataların övladları bu gün xalqımızın necə vətənsevər olduğunu dünyaya sübut edir. Hamımız, bütün anaların bir duası, bir arzusu var: torpaqlarımız azad olunsun. Ordumuz şanlı bayrağımızı Qarabağ torpağına sancsın... Oğlumun Füzuli istiqamətində döyüşlərdə iştirak etməsi bir ana kimi məni qürurlandırır. Sevinirəm ki, düşməndən azad olan torpaqda mənim də oğlumun ayaq izi var.
Məktəbdən ayrılıb gedəcəyimiz ünvana doğru yola çıxırıq. Kənd sakini, yaşı 80-i ötən Sara xala ilə məktəbin yaxınlığında yerləşən evinin qarşısında rastlaşırıq. Onunla həmsöhbət oluruq:
– Ay qızım, biz nələrə şahid olmuşuq bu yerlərdə. Vaxt var idi, bu murdar milləti sovetlər dönəmində gətirib bizə qardaş eləmişdilər. Onları evimizin, süfrəmizin başında əyləşdirdik. Təknəmizin çörəyindən pay verdik. Nə biləydik bir neçə il sonra başımıza od ələyəcəklər, həmvətənlərimizi dədə-baba yurdlarından vəhşiliklə qovacaqlar. O vaxt, bax bu gördüyün dağlarda qanlı döyüşlər gedirdi. Səngərdə bir oğlumuz şəhid olanda beşi onun silahını götürməyə, döyüşməyə tələsirdi. Xalq elliklə Vətən torpağının müdafiəsinə qalxmışdı. Sədərəyin müdafiəsində Şərur və Sədərək camaatı ilə yanaşı, Naxçıvanın digər bölgələrindən gələn mərd Vətən övladları da var idi. Həmin günlərdə o mənfurlar paylarını necə aldılarsa, dönüb bizim tərəfə baxmağa cəsarət belə, etmirlər. Dünən də, bu gün də, bizi düşməndən dağlar qoynunda keşik çəkən, bax, o qəhrəman oğullar qoruyur. Hərəsi bir evin madarı, bir atanın, ananın ümid işığı, bir bacının qardaşı, bir gözəlin adaxlısı olan bu igidlərin sayəsində torpağımıza düşmən ayağı dəyməyəcək. “Ot kökü üstə bitər”, – deyiblər. Ulu babalarımız necə mərd olubsa, onların oğulları da elədir. İgid, məğrur ata-babalarımızın şücaəti, rəşadəti həmişə bizimlədir. Nəvələrim də, oğullarım da Vətən yolunda qurban getməyə hazırdır. Mən də, mənim kimi nənələr, analar da burada – evimizdə, öz isti ocağımızda arın-arxayın oturmuşuq. 90-cı illərdə əlimizdən gələni əsirgəməmişik, ordumuza dəstək olmuşuq. Qulağımızdan sırğanı, barmağımızdan üzüyü çıxarıb ordumuza silah-sursat almaq üçün vermişik. Evlərimizdə yemək bişirib, yun corab, şərf toxuyub əsgərlərimizə göndərmişik. Balalarımız ac qalmasın, üşüməsin, torpağımız işğal edilməsin deyə. Bu gün də dövlətimizə dayağıq. Xalq bir olduqca, çiyin-çiyinə verdikcə düşmən də ondan qorxub geri çəkilir.
Sara nənədən böyük ruh yüksəkliyi ilə ayrılıb Heydərabad qəsəbəsinə yollanırıq. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sədərək Rayon Şöbəsinin qarşısındakı qələbəlikdə diqqətimi çəkən bir məqam məni çox qürurlandırır. 90-cı illərdə Sədərək döyüşlərinin iştirakçısı olanlar indi də könüllü olaraq döyüşə getmək üçün buraya gəliblər. Həmin döyüşlərdə iki dəfə yaralanıb bu gün bədənində qəlpə daşıyan rayon sakini Ramazan Adnayev dövlətimizin qayğısı ilə əhatə olunan veteranlardandır. O deyir: – Düşmən elə bilməsin ki, bizə qalib gələ bilər. İndi onların qarşısında ordusu xalqına, xalqı dövlətinə, başlıcası isə Ali Baş Komandanına arxa, dayaq olan bir Azərbaycan var. Ürəyi Vətən eşqi ilə döyünən hər bir azərbaycanlı hər an hər cəbhədə döyüşməyə hazırdır. Bu gün Naxçıvanımızın ən ucqar nöqtəsi, düşmənlə üz-üzə olan Sədərəkdə tam sakitlikdir, onlar bir güllə belə, atmağa cəsarət etmirlər. Qorxaq, onun-bunun kölgəsində yatan bir millətin övladları olaraq səngərdən başlarını çıxarmağa belə, cürətləri yoxdur onların. O vaxtlar havadarlarından güc alıb cənnətimiz Qarabağı işğal etsələr də, bu gün onu geri qaytarmağa məcburdurlar. Humanist, sülhsevər xalqımız uzun illər səbir etdi işğaldakı torpaqlarımızın qan tökülmədən alınması üçün. Amma gördük ki, onlar öz mənfurluqlarından əl çəkmirlər. Uzaqgörən, hər bir vətəndaşın Prezidenti olan cənab İlham Əliyevin qətiyyətli addımları sayəsində bu ilin iyulunda, avqustunda düşmən hücumları dəf edildi. Artıq neçə gündür, davam edən əks-hücumla düşmən layiqli cavabını alır. Ordumuz xalqımızı qələbə xəbəri ilə müjdələyir. Elan olunan qismən səfərbərlikdən öncəki günlər də igidlər könüllü olaraq cəbhəyə getmək üçün axın-axın xidmətə üz tuturlar. Kimsə, bəlkə, düşünür ki, sağlamlığını itirmiş bir keçmiş döyüşçü döyüşə gedib nə edəcək? Biz sağlamlığımızı itirsək, belə, Vətən eşqi ürəyimizdədir. Necə ki hər bir vətəndaşın ürəyində o sevgi yaşayır Vətənimiz də vardır, var olacaq. Lazım gəlsə, sürünə-sürünə gedib döyüşüb torpaqlarımızı geri alarıq. Yetər ki, yaşasın Azərbaycanımız, bayrağımız dalğalansın şəhidlərimizin qisası alınsın.

Bu gün hər kəsin yaşından, cəmiyyətdə tutduğu mövqedən, sağlamlığından asılı olmayaraq, könüllü şəkildə Vətənin müdafiəsinə can atmasından, burada həmsöhbət olduğumuz insanların dediklərindən bir daha əmin olduq ki, qədim Oğuz yurdu etibarlı əllərdədir. Güclü dövlətimiz, qüdrətli ordumuz, vətənpərvər insanlarımız Vətənimizin hər bir qarışının keşikçisidir. Vətənimiz etibarlı, ayıq-sayıqlıqla qorunursa, deməli, müstəqilliyimiz, dövlətçiliyimiz də əbədi və daimi olacaq.

 Ramiyyə ƏKBƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR