22 Dekabr 2024, Bazar

Uzun illər mavi yanacağa həsrət qalan muxtar respublikamızda bu problem bir neçə ildir ki, öz həllini tapıb. Həyata keçirilən məqsədyönlü tədbirlər hesabına diyarımızın ən ucqar dağ və sərhəd bölgələrinə belə, qaz xətti çəkilib. Məlumat üçün bildirək ki, bu gün muxtar respublikamızda 82 min 465 abonent, o cümlədən 80 min 919 əhali abonenti və 1546 qeyri-əhali abonenti təbii qazdan istifadə edir. “Naxçıvanqaz” İstehsalat Birliyi və həmin qurumun rayonlardakı təşkilatları tərəfindən qaz təsərrüfatının etibarlılığını və səmərəliliyini artırmaq, qaz istehlakçılarını fasiləsiz və təhlükəsiz təbii qazla təmin etmək məqsədilə müxtəlif tədbirlərin həyata keçirilməsini diqqət mərkəzində saxlayır. Qarşıdan qış mövsümü gəlir. Bəs qış mövsümünə hazırlıq işləri necə gedir? “Naxçıvanqaz” İstehsalat Birliyinin  rəis müavini Ramin İsmayılov bildirdi ki, payız-qış mövsümündə mavi yanacaqdan səmərəli istifadə etmək, fasilələrə yol verməmək, əhalinin hər hansı problemlə üzləşməməsi üçün tədbirlər planı tərtib olunmuş, reallaşdırılması nəzərdə tutulan tədbirlər, demək olar ki, əsasən başa çatdırılmış, cari işlər davam etdirilir.

Belə ki, muxtar respublikanın qaz təsərrüfatında istismarda olan magistral, daşıyıcı və paylayıcı qaz kəmərlərinə, kranlara, siyirtmələrə, qaztənzimləyici şkaflara texniki baxış keçirilərək aşkar edilmiş nöqsanlar aradan qaldırılmışdır. Muxtar respublikadakı Avtomat Qaz Paylayıcı stansiyalarda (Culfa, Güznüt, Modul İstilik Elektrik Stansiyası və Sement Zavod) bütün qoruyucu klapanlar təmizlənmiş, təzyiqtənzimləyicilərin və qoruyucu klapanların istifadəyə yararlığı yoxlanılmışdır. Bir neçə qaztənzimləyici və kran dəyişdirilərək yeniləri ilə əvəz olunmuşdur. İstismarda olan qaz sayğaclarına baxış keçirilmiş, cari təmirə ehtiyacı olan sayğaclar təmir edilmiş, 1285 ədəd sayğac yenisi ilə əvəz olunmuşdur. Təhlükəli ərazilərdən keçən qaz xətlərinin təhlükəsizliyinin mühəndis-texniki qaydalara uyğun olaraq təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər hazırda davam etdirilir.
Naxçıvan şəhərində yeraltı qaz kəməri və avadanlıqları üzərində yerləşmiş 131 quyuda təmir-bərpa işləri aparılmaqdadır. 1978-ci ildə istifadəyə verilmiş ortatəzyiqli qaz kəməri uzun müddət istifadə edildiyi üçün istismara yararsız hala düşdüyündən həmin qaz kəməri dəyişdirilmiş, Naxçıvan-Sədərək yüksəktəzyiqli magistral qaz kəməri oktyabrın 8-də istifadəyə verilmişdir.
Uzunluğu 81 kilometr olan Naxçıvan-Sədərək yüksəktəzyiqli qaz-boru xətti müasir tələblərə tam cavab verir. Xəttin üzərində 4 katod qoruma sistemi, 6 qazpaylayıcı stansiya quraşdırılmışdır ki, bununla da belə  stansiyaların sayı 11-ə çatdırılmışdır. Yeni quruculuq tədbiri qazdan səmərəli və dayanıqlı şəkildə istifadəyə imkan vermiş, təbii qazdan itkisiz və səmərəli istifadə isə muxtar respublikanın qaz təsərrüfatının maddi-texniki bazasının gücləndirilməsinə şərait yaratmışdır. 75 atmosfer təzyiqdə qaz xəttində 1 milyon 500 min kubmetr təbii qaz ehtiyatı yaratmaq mümkündür. Bu da hər hansı qəza halı baş verdikdə abonentlərin 8 gün müddətində təbii qazla tam təmin olunması deməkdir. Şahbuz rayonuna isə 27 kilometr uzunluğunda ortatəzyiqli qaz xətti çəkilmişdir.
Payız-qış mövsümünü uğurla sona çatdırmaq, baş verə biləcək hər hansı bir hadisənin qarşısını almaq üçün kifayət qədər mal-material ehtiyatı fondu yaradıldığını diqqətə çatdıran rəis müavini onu da bildirdi ki, rayonlarda da payız-qış mövsümü ilə əlaqədar nəzərdə tutulmuş tədbirlərin icrası sürətləndirilir, əhali arasında maarifləndirici tədbirlərin keçirilməsinə ciddi önəm verilir, qaz təsərrüfatında çalışanların peşə təcrübəsinin yüksəldilməsi, işə məsuliyyət hissinin artırılması diqqət mərkəzində saxlanılır.
Onu da qeyd edək ki, mövsüm ərzində qazın təzyiqini nizamlamaq məqsədilə ölçü qovşaqlarında, magistral və daşıyıcı qaz kəmərlərində payız-qış mövsümü ilə əlaqədar texnoloji rejim tətbiq ediləcək.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR