22 Dekabr 2024, Bazar

Oktyabrın 30-da Strasburqda keçirilən Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin sessiyasının Regionlar Palatasının plenar iclasında italiyalı məruzəçi Bruno Marzianonun “Avropada xüsusi statusa malik region və ərazilər” adlı hesabatı dinlənilib.
İnformasiya agentliklərinin məlumatına görə, hesabatın Avropada müxtəlif muxtariyyət formalarından bəhs edilən hissəsində Azərbaycanda Naxçıvan Muxtar Respublikasının muxtariyyət statusu da xüsusi qeyd olunaraq belə bir modelin çox faydalı olduğu vurğulanır. Bundan başqa, sənəddə ümumi olaraq bu kimi muxtariyyətlərin xüsusi regional statusa malik olması, separatçı tendensiyalara qarşı səmərəli bir tarazlığın yarada biləcəyi də bildirilib.

Hesabatda Avropa Şurasının 2009-cu ildə regional demokratiya ilə bağlı qəbul etdiyi çərçivə sənədi, 2002-ci ildə regional özünü idarəetməyə dair qəbul edilmiş Helsinki Bəyannaməsi və Avropa Şurası Nazirlər Komitəsinin Avropada münaqişələrin sülh və siyasi danışıqlar yolu ilə həlli axtarışlarındakı səyləri nəzərə alaraq Nazirlər Komitəsinə aşağıdakı çağırışla müraciət olunur: Üzv dövlətlərə regional və ərazi məsələlərinin, habelə “dondurulmuş münaqişələr”in danışıqlar yolu ilə həll edilməsi istiqamətində realist yanaşma kimi xüsusi status modelindən daha çox istifadə olunmasını təklif etmək və Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresini, onun Parlament Assambleyasını və Venesiya Komissiyasını bu işə cəlb etmək. Eyni zamanda belə bir xüsusi regional statusun üzv ölkələrin üzləşdiyi ərazi məsələlərinin həll olunmasında nə dərəcədə yardımçı ola biləcəyinin öyrənilməsi də tövsiyə olunur.
Hesabat ətrafında gedən müzakirələrdə iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Anar İbrahimov çıxışında Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ münaqişəsi və ermənilər tərəfindən işğal edilmiş ərazilərdən danışıb: “Mən şəxsən özüm də xüsusi statuslu belə bir region və ya ərazini – Azərbaycanın daxilində muxtar dövlət statusuna malik olan Naxçıvan Muxtar Respublikasını təmsil edirəm. Yeri gəlmişkən, hesabatın müəllifi də bu xüsusiyyəti qeyd edib. Bu muxtariyyətin 90 yaşı var. Və təcrübə də göstərir ki, məhz belə bir status regionun sabit inkişafına imkan və təminat verir, problemləri neytrallaşdırır. Müəllif hesabatında unikal bir yanaşmanı əks etdirib. Misal üçün, xüsusi muxtariyyət statusunun verilməsinin separatçı tendensiyalara qarşı tarazlıq yarada biləcəyinin mümkünlüyü. Və yaxud digər əhəmiyyətli məsələ kimi üzv dövlətlərə regional və ərazi məsələlərinin, habelə “dondurulmuş münaqişələr”in danışıqlar yolu ilə həll edilməsi istiqamətində realist yanaşma kimi xüsusi status modelindən istifadə olunmasının təklif edilməsini də qeyd edə bilərik. Təəssüf ki, bizdə – Azərbaycanda belə bir “dondurulmuş” münaqişə – Dağlıq Qarabağ münaqişəsi mövcuddur. Ölkənin beşdə bir hissəsi işğal olunub və bu münaqişənin sülh yolu ilə həlli istiqamətində uzun illərdir, danışıqlar aparılır. Bununla bağlı Azərbaycan Naxçıvan və yaxud İtaliyanın Cənubi Tirol və digər uğurlu modellərə uyğun, geniş muxtariyyəti nəzərdə tutan xüsusi status təklif edib. Məhz elə xüsusi muxtariyyət statusu iki əsas təməl prinsipi nəzərə alır. Burada ərazi bütövlüyü prinsipi öz müqəddəratını təyin­etmə hüququnu tamamlayır. Hesab edirəm ki, biz konqresimizin imkanlarından istifadə etməklə bu məsələdə səylərimizi davam etdirməliyik. Bu baxımdan, fikrimcə, qanunverici səlahiyyətlərə malik regionlara dair işçi qrupunun fəaliyyətinin bərpası olduqca vacib bir məsələdir. Və yaxud da xüsusi statuslu ərazi və regionlara dair yeni bir qrup yarada bilərik ki, burada da rahat bir şəkildə müzakirələr apara və bu kimi strukturlar arasında təcrübə mübadiləsini təmin edə bilək”.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR