26 Dekabr 2024, Cümə axşamı

 

Cəbhədə davam edən hərbi əməliyyatlar bir daha Ermənistanın güclü Azərbaycan Ordusu qarşısında duruş gətirməkdə aciz olduğunu əyani şəkildə üzə çıxarmaqdadır.

Son döyüşlər erməni tərəfinin çoxsaylı itkilərə məruz qalması, işğal altındakı müəyyən əraziləri tərk etməsi ilə nəticələnir. Əvvəllər ermənilər bu barədə çaşdırıcı məlumatlar yaysalar da, indi vəziyyətin ağırlığını etiraf edənlər də var. Hazırda bəzi erməni media orqanları hadisələrin gedişinin onların lehinə olmadığını etiraf etməkdən belə çəkinmir.

 İtkilər çoxdur

Ermənistanın "4rd.am” saytı yazır ki, son döyüşlərdə erməni tərəfindən həm canlı, həm də hərbi texnika itkisi həddindən artıq böyük olub.

Ermənistan ordusunun mindən çox əsgərinin öldürüldüyünü diqqətə çatdıran sayt işğal altındakı Şuşa hospitalındakı etibarlı mənbəyə istinadən qeyd edir ki, bura yüzlərlə yaralı gətirilib: "Öldürülənlər arasında əsgərlərlə yanaşı, kiçik və böyük rütbəli zabitlər də var. Avtomobillər, ağır zirehli texnika, artilleriya qurğuları məhv edilib. Qeyri-rəsmi məlumatlara görə, yüzlərlə hərbi texnika sıradan çıxıb”.

"Sputnik Armeniya” saytının Xankəndidən hazırladığı reportajda insanların vahimə içərisində olduğu yazılır. Qeyd olunur ki, Xankəndi sakinləri Qarabağ münaqişəsi zonasında vəziyyət gərginləşdikdən sonra gecəni zirzəmilərdə keçirirlər.

Son iki gündə vəziyyət daha da gərginləşib. Xankəndidəki məktəblərdən birinin müəllimi Qayane Muradyan sosial şəbəkədəki paylaşımlardan birində deyib ki, Azərbaycan tərəfinin endirdiyi zərbələr onları qorxuya salıb: "Çox narahatıq. Başqa heç bir şey haqqında düşünə bilmirik. Ön cəbhədəki qohumlarımız vəziyyətin olduqca gərgin olduğunu, hər gün əsgərlərimizin öldürüldüyünü deyirlər. Bütün bunlar bizim psixikamıza təsir göstərir”.

Əhalinin Xankəndidən kütləvi və kortəbii şəkildə köçürülməsi baş verir

"İravunk” qəzeti isə erməni əhalisinin təşviş içində olduğunu, evlərini kütləvi şəkildə tərk etdiyini diqqətə çatdırıb: "Əhali digər təhlükəsiz yerlərə axın edir. Xankəndidən böyük köç başlayıb. Qarabağdakı rejim əhalinin evlərini tərk etməsinə maneələr yaratmır. Gedənlər postlarda saxlanılmır. Əsgərlər fərarilik edirlər. Hakimiyyətin və Qarabağ müharibəsi veteranlarının çağırışına baxmayaraq, gənclər orduya getmək istəmirlər. Onlar müxtəlif bəhanələrlə döyüşməkdən imtina edirlər. Yeganə ümid Qarabağ müharibəsi veteranlarınadır. Amma son məlumatlar göstərir ki, heç Qarabağ müharibəsi veteranları da vuruşmaq niyyətində deyillər. Çünki budəfəki döyüşlər əvvəlkindən çox fərqlidir. Bunu itkilər barədə ermənilərin etirafı da təsdiq edir”.

Rusiyanın "İzvestiya” qəzetinin Xankəndidəki reportyoru isə yazır ki, buradan ermənilərin kütləvi və kortəbii şəkildə köçürülməsi baş verir, insanları kütləvi şəkildə Yerevana göndərirlər. "Onları elə birbaşa göndərirlər, heç bilmirlər ki, orada qohumları var, ya yox. Lakin deyirlər ki, onları hökmən orada kimsə qarşılayacaq. Polis yolüstü Yerevana gedən avtomobilləri saxlayır və onlar ailələri maşınlarına mindirib tamamilə pulsuz Yerevana aparırlar”.

Erməni hərbi qulluqçu: "Qarabağ Azərbaycan torpağıdır”

Baş verənlərlə bağlı "4rd.am” saytının hazırladığı reportajda bildirilir ki, Ermənistan hospitalları yaralılarla doludur: "Dərmanlar çatışmır, nəqliyyat vasitələri yaralıları daşımaq üçün azlıq edir. Yaralıların gətirildiyi Yerevanda bir qadın hönkür-hönkür ağlayırdı. O, "Nə üçün?” deyə soruşur və "cəhənnəm olsun bu quldurlar, oğrular, mənim oğlumu öldürdülər” - deyə qışqırırdı. Sonradan bəlli oldu ki, o, Azərbaycanı deyil, Paşinyan hakimiyyətini nəzərdə tuturdu. Mən ağlayan qadından artıq heç nə soruşa bilmədim. O, elə hey, "Heyvanlar, əclaflar mənim oğlumu öldürdülər” - deyə qışqırırdı”.

Reportajı hazırlayan erməni jurnalist həmin qadının Ruzanna Kirokasyan adlı rəfiqəsindən baş verənlər haqda soruşur: "Rəfiqəsi deyir ki, onun oğlu bazar günü günorta saatlarında yaralanıb. Onu Yerevana hospitala gətiriblər. Hər şey yaxşı imiş, amma dərmanın yoxluğuna və həkimlərin səhlənkarlığına görə oğlu ölüb”.

Bu arada Ermənistanda mövcud olan hərbi vəziyyətlə əlaqədar 18-55 yaş arasında kişilərin ölkədən çıxışına məhdudiyyət qoyulub. Ermənistan ordusunun hərbi qulluqçusu Qrant Saaryan sosial şəbəkədə fəaliyyət göstərən radiolardan birinin canlı yayımda qonağı olub. O, Paşinyana müraciətdə bildirib: "Cənab baş nazir, Qarabağ bizim ərazimiz deyil. Ora heç sənin də ərazin deyil. Bu, Azərbaycanın torpağıdır və biz başqasının torpağı uğrunda ölmək istəmirik”. Daha sonra əlavə edir ki, erməni hərbçiləri Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə Azərbaycana keçərək, Qərb ölkələrində sığınacaq alırlar: "Ən pis halda onlar qonşu Gürcüstana sığına bilirlər”.

Hospitallar yaralılarla doludur

Ermənistan tərəfi cəbhədə davam edən hərbi əməliyyatlar fonunda daha Azərbaycan torpaqlarında qala bilməyəcəklərini başa düşərək şələ-külələrini yığışdıraraq oranı birdəfəlik tərk etməyə hazırlaşırlar. Bununla bağlı "Joxovurd” qəzeti yazır ki, cəbhə zonasında davam edən döyüşlərdən qaçan ermənilər atəşin dayandırılmasından sonra da geri qayıtmaq istəmirlər. Xankəndi sakini Artak Allahverdiyan deyir ki, o, tezliklə Rusiyaya getmək niyyətindədir: "Ümidimiz Rusiyadır. İnanıram ki, oradakı qardaşlarımız bizi qəbul edəcək, tək qoymayacaqlar”.

Rusiyanın "kadara.ru” internet-portalı Qarabağda gedən döyüşlərdə ermənilərin "çox böyük itkiləri” barədə bildirir. Sayt Xankəndidəki mənbəyə-qondarma "dqr” güc strukturlarının əməkdaşına istinad edir: "Çox böyük itkilərimiz var. Hospitallar yaralılarla doludur. Qarşı tərəf kütləvi şəkildə aviasiya, artilleriya, raket silahları tətbiq edir. Stepanakertə (Xankəndi-red) dünyanın hər yerindən çoxsaylı könüllülər gəlir, bu şişirtmə deyil”.

 

Elçin Cəfərov

"Azərbaycan” qəzeti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR