22 Dekabr 2024, Bazar

“Azərbaycandan ərazicə ayrı düşmüş Naxçıvanın Azərbaycan Xalq Cümhuriyyəti ilə birləşməsi üçün böyük səylər göstərən Araz-Türk Respublikasının xarici işlər naziri Bəhram xan Naxçıvanski təmsil etdiyi dövlətin ərazisinin qorunması uğrunda fəal mübarizə aparmışdır”.

Azərbaycan Respublikasının diplomatik xidmətinin 90 illiyi münasibətilə keçirilən konfransda
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun çıxışından

Diplomatiya tariximizdə ən qüdrətli simalar arasında Bəhram xan Naxçıvanski xüsusi yer tutur. İndiyə qədər aparılan tədqiqatlarda bu görkəmli şəxsiyyətin, əsasən, hərbçi və daxili idarəçilik sistemində fəaliyyəti daha çox qabardılsa da, 1918-1920-ci illərdə Bəhram xan Naxçıvanski bir müddət diplomatik fəaliyyətlə də məşğul olmuşdur. O dövrdə Naxçıvanda ermənilər tərəfindən törədilən qırğınların qarşısını almaq məqsədilə yaradılmış Araz-Türk Respublikasının nümayəndə heyətinin başçısı kimi Bəhram xan Naxçıvanski nəinki Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin nümayəndələri ilə, hətta Qafqazdakı müttəfiq qoşunlarının komandanı general V.Tomsonla, Tiflisdə Gürcüstan hökumətinin nümayəndələri ilə danışıqlar aparmış, Naxçıvan məsələsinin Paris Sülh Konfransında müzakirəsinin mümkünlüyü haqqında danışıqlarda iştirak etmişdir.

Uzun illər Naxçı­vanskilərin keçdikləri həyat yolu ilə bağlı tədqiqatlar aparmış tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin “Aman xan Naxçıvanski: tanımalı və tanıtmalı olduğumuz şəxsiyyət” adlı məqalədə yazdığına görə, 1872-ci ildə Naxçıvan şəhərində anadan olmuş Bəhram xan Naxçıvanskinin atası Naxçıvan xanları nəslindən olan Aman xan Naxçıvanski, anası isə Qarabağ xanı Mehdiqulu xanın nəvəsi Fatmabikə (Xanbikə) olmuşdur. Qeyd edək ki, Xanbikə məşhur şairə Xurşidbanu Natəvanın qızı idi.
Diplomatik fəaliyyətinə qədərki dövrdə müxtəlif vəzifələrdə – Naxçıvan Qəza Polis İdarəsində şəhər polis pristavının köməkçisi, Naxçıvan Müsəlman Məktəbinin fəxri nəzarətçisi, Naxçıvan şəhərinin başçısı, fəxri barışdırıcı məhkəmənin münsiflər heyətinin üzvü işləmiş Bəhram xan Naxçıvanski Araz-Türk Cümhuriyyətinin mövcud olduğu dövrdə təkcə könüllü xalq dəstələrinin komandirlərindən biri olmamış, həm də bu cümhuriyyətin xarici siyasətinə rəhbərlik etmişdir. 1919-cu il yanvar ayının 25-dən başlayaraq hökumətin xarici işlər naziri təyin edilən Bəhram xan elə fəaliyyətə başladığı ilk günlərdə İrəvandan Naxçıvana gəlmiş Amerika Komissiyasını qəbul etmişdir. Komissiya ilə aparılan danışıqlar nəticəsində Naxçıvan şəhərində 50 çarpayılıq bir xəstəxananın açılması, 250 nəfərlik uşaq evinin yaradılması, həmçinin bu təşkilat üçün 50 min manat pul və 4 min pud buğdanın ayrılması haqqında razılaşma əldə olunmuşdur. Aparılan danışıqların nəticəsi olaraq, Amerika Komissiyası qısa bir zamanda planları gerçəkləşdirməyə başlamış, Naxçıvanda 200 nəfərlik uşaq evi açılmışdır.
Hələlik Bəhram xanın diplomatik fəaliyyətində bizə məlum olan ən mühüm məqam ondan ibarətdir ki, o, 1919-cu ilin martında Bakıya – Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ilə danışıqlar aparmağa gedən Araz-Türk Respublikasının nümayəndə heyətinin rəhbəri olmuşdur. Bu nümayəndə heyətinin tərkibinə Bəhram xan Naxçıvanski ilə yanaşı, görkəmli dramaturq Hüseyn Cavid Rasizadə,  yazıçı, jurnalist, tərcüməçi, milli-azadlıq mübarizəsinin cəfakeşlərindən biri Əli Səbri Qasımov və başqaları daxil idi. 2005-ci ildə çapdan çıxmış Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasının II cildində qeyd olunur ki, B.Naxçıvanski 1919-cu ilin martında Bakıya gələrkən yolüstü Tiflisdə Gürcüstan hökumətinin üzvləri ilə, eləcə də Gəncədə milli istiqlal hərəkatı nümayəndələri ilə görüşərək Naxçıvanın Azərbaycan Xalq Cümhuriyyətinə birləşdirilməsi ilə bağlı məsləhətləşmələr aparmışdır. Türkiyəli tədqiqatçı İbrahim Ethem Atnurun yazdığına görə, Tiflis səfəri zamanı Bəhram xan Naxçıvanda müəyyənləşəcək sərhəd məsələləri ilə əlaqədar ingilis rəsmi dairələri ilə də görüşmüşdür. Tiflisdə olarkən Bəhram xan Naxçıvanski xanlıq iqtidarından əvvəlki hökumət dövründə Araz-Türk Cümhuriyyətinin nümayəndələri kimi  Bakıya göndərilmiş Paşa Bayramov və Yusif bəy Qazıyevlə görüşmüş, yeni hökumətin xarici işlər naziri olması haqqında nümayəndələrə məlumat vermişdir.
Tarixçi Aydın Hacıyevin “Qars və Araz-Türk respublikalarının tarixində” kitabında qeyd etdiyinə görə, Bəhram xan Naxçıvanskinin rəhbərlik etdiyi Araz-Türk Respublikasının nümayəndə heyəti Fətəli xan Xoyski və Tomsonla Naxçıvan məsələsinin Paris Sülh Konfransında müzakirəsinin mümkünlüyü haqqında danışıqlarda iştirak etmişdir. Məhz aparılan bu danışıqlardan sonra Azərbaycan hökuməti Araz-Türk Respublikasına polkovnik Kuquşevin başçılığı ilə 10 zabitin göndərilməsi haqqında mühüm qərar qəbul etmiş və Naxçıvana gələn zabitlər burada Naxçıvanın müdafiəsinin daha da möhkəmləndirilməsi işində iştirak etmişlər. Aparılan danışıqlar zamanı Naxçıvan əhalisinin ağır vəziyyətini, regionun düşdüyü ağır situasiyanı Azərbaycan Xalq Cümhuriyyəti hökuməti nümayəndələrinə izah edən Bəhram xan Naxçıvanski bölgəyə təkcə zabitlərin deyil, yerlərdə vəziyyətlə tanış olmaq üçün mülki nümayəndələrin və əhalinin ehtiyaclarının ödənilməsi üçün bir milyon manat pul vəsaitinin göndərilməsinə nail olmuşdur. Məhz göstərilən bu səylərin nəticəsi olaraq, Azərbaycan hökuməti Naxçıvan, Şərur, Sürməli, Vedibasar və Milistan bölgələrinə Teymur bəy Makinski, R.İsmayılov və doktor Qənizadədən ibarət nümayəndə heyəti göndərmək haqqında da  qərar vermişdir.
Sonralar bir müddət Naxçıvan şəhərində general-qubernatorun köməkçisi vəzifəsində çalışmış Bəhram xan 1919-cu ilin sonlarında Azərbaycan Xalq Cümhuriyyəti Daxili İşlər Nazirliyinin Lənkərandakı nümayəndəsi kimi fəaliyyət göstərmişdir. 1919-cu ilin avqustunda general-mayor Həbib bəy Səlimovun rəhbərliyi altında Azərbaycan Xalq Cümhuriyyəti qoşunlarının keçirdiyi Lənkəran əməliyyatı nəticəsində bölgədəki ağ­qvardiyaçı dəstələrin məğlubiyyətə uğradılmasından sonra Bəhram xan Naxçıvanskinin buraya nümayəndə kimi göndərilməsi onun idarəçilik məharətindən irəli gəlirdi. Qeyd edək ki, bu dövrdə Lənkəranın general-qubernatoru  Cavad bəy Məlik-Yeqanov olmuşdur.
1920-ci ildə baş verən hadisələrlə əlaqədar İrana mühacirət edən Bəhram xan Naxçıvanski Təbrizdə yaşamışdır. Tədqiqatçı Musa Quliyevin yazdığına görə, o, Təbrizdə antisovet mühacir dəstənin və “Müstəqil Qafqaz” təşkilatının üzvü olmuşdur.
Bəhram xan Naxçıvanskinin harda və nə zaman vəfat etdiyi ilə bağlı məlumatlar isə təəssüf ki, hələ də məlum deyil.

Elnur KƏLBİZADƏ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR