22 Dekabr 2024, Bazar

Xəbər verdiyimiz kimi, 31 oktyabr-1 noyabr tarixlərində Bakı şəhərində keçirilmiş III Bakı  Beynəlxalq Humanitar Forumunun iştirakçılarından bir qrupu noyabrın 2-də və 3-də Naxçıvan Muxtar Respublikasında səfərdə olub. Qonaqlardan bir neçəsi ilə görüşüb həmsöhbət olduq, təəssüratlarını öyrəndik.
Paolo Kasaqranda (İtaliya-Azərbaycan Assosiasiyasının prezidenti):
– Ölkəniz sürətli və hərtərəfli inkişaf yolundadır. İtaliya-Azərbaycan Assosiasiyasının prezidenti kimi Bakıda keçirilən III beynəlxalq forum mənim üçün çox maraqlı oldu. Ölkələrimiz arasında mədəni əlaqələr getdikcə artır, inkişaf edir. Romanın məşhur Kapitoli Muzeyində həyata keçirilən təmir işlərinə Heydər Əliyev Fondunun dəstəyi məhz bu əlaqələrin göstəricisidir. Naxçıvanla bağlı onu deyə bilərəm ki, burada heç zaman olmamışam.

Bura çox qədim və tarixi bir yerdir. Bununla yanaşı, şəhərinizdə gördüyüm müasir binalar, park və küçələr bu tarixi məkana yeni çalarlar qatır. Ən əsası isə insanlar qonaqpərvərdirlər. İnanıram ki, yaxın gələcəkdə İtaliya-Azərbaycan münasibətlərində bu regionun öz yeri olacaq.
Kazbek Kazkenov (Azərbaycan-Qazaxıstan Dostluq Assosiasiyasının üzvü, Nur Otan Partiyasının sosial-siyasi problemlərin analiz və proqnozu mərkəzinin rəhbəri, professor):
– Bütün türk dünyasının lideri Heydər Əliyev öz qüdrəti və zəkası ilə Azərbaycanı böyük fəlakətlərdən qurtarmış və ölkəsinə firavanlıq bəxş etmişdir. Mən sevinirəm ki, bu gün burada – onun doğulduğu Naxçıvandayıq. Naxçıvanın təbiəti, təmiz havası, gözəlliyi məni çox təəccübləndirir. Şəhəriniz inkişaf edir: hara baxırsan, mütləq orada bir yenilik görürsən. Rahat yollarınız, təmiz şəhəriniz var. Naxçıvan həm də böyük türk dünyasına açılan qapıdır. Buranın türk dünyası üçün əhəmiyyəti böyükdür. İnsanlar burada öz dəyərlərinə sahib çıxmağı bacarırlar. Biz Xalça Muzeyində olduq. Burada necə gözəl xalçalar toxunduğunun şahidi olduq. Heydər Əliyev Muzeyi, Möminə xatın türbəsi, Duzdağ mağaraları, Nuh Peyğəmbərin türbəsi – bütün bunlar bizim səyahətimiz üçün çox maraqlı oldu.
Annamaria Esposito (İtaliyanın “Rainews 24” telekanalının müxbiri):
– Naxçıvanda heç zaman olmamışam. Bakıda olarkən dedilər ki, Naxçıvan həm də böyük siyasətçi Heydər Əliyevin vətənidir. Dağlıq ərazilərin qoynunda yerləşən bu diyarın təmiz və günəşli havası çox xoşuma gəldi. Naxçıvanda olarkən bir çox maraqlı yerlərdə olduq. Tarixi baxımdan bura çox zəngin yerdir, bizə şəhərin 5000 il yaşı olduğu barədə məlumat verdilər. Düşünürəm ki, bu haqda dünya ictimaiyyəti bilməlidir. Dünyanın bir çox ölkələrində olmuşam. Naxçıvandakı fərq ondan ibarətdir ki, bura səs-küydən uzaq, çox sakit və təmiz şəhərdir.
Birgit Vetzel (almaniyalı sərbəst jurnalist):
– Mən Almaniya qəzetlərinə sərbəst jurnalist olaraq yazılar hazırlayıram. İşimlə bağlı dünyanın bir çox ölkələrində olmuşam və ən görməli yerləri gəzmişəm. Müxtəlif ölkələrdə insanların həyat şəraitini müşahidə etmək, tarixi məkanları öyrənmək,  elm və təhsil sahəsində yeni çağırışları qələmə almaq mənim ən  çox sevdiyim məşğuliyyətlərdəndir. Bəzən elə ölkə olub ki, orada insanlarla ünsiyyət qurmaq, söhbət etmək mənim üçün çox çətin olub. Ancaq Bakıda, eləcə də Naxçıvanda belə bir çətinliklə üzləşmədim. İnsanlar gülərüz, xoşxasiyyət, qonaqpərvərdirlər. Təmsil etdiyim ölkədə ilk dəfə gördüyünüz çox az adamdan “necəsiniz, sizə necə kömək edə bilərəm?”  sualını eşidə bilərsiniz. Ancaq burada mən bu sualı tez-tez eşidirəm. Bir qərbli kimi bu, məni çox heyrətləndirir və təsirləndirir. Ordubada gəlişimlə Naxçıvan haqqındakı təəssüratlarım, bir növ, tamamlanmış oldu. Müşahidə etdim ki, “şərqli qonaqpərvərliyi” ifadəsi öz-özünə yaranmayıb. Burada hər kəs bizim üçün nəsə etməyə çalışır, qayğımıza qalır. Bir faktı nəzərinizə çatdırım ki, Tarix-Diyarşünaslıq Muzeyində olarkən bir dəqiqə belə, tək qalmadım. İnsanlar yaxınlaşır, muzeyin bələdçisi kimi buradakı eksponatlar haqqında müfəssəl məlumat verir, kim olduğum, haradan gəldiyim, nə işlə məşğul olduğum haqqında maraqlanırdılar. Ən çox məni təsirləndirən isə onların mənə ünvanladığı “Naxçıvanı bəyəndinizmi?” sualı oldu. Yuxarıda da qeyd etdiyim kimi, dünyanın bir çox ölkələrini gəzmişəm və heç yerdə insanların öz yurdlarının tanıdılmasında, sevdirilməsində bu qədər əmək sərf etdiyinin şahidi olmamışam. Bakıda olarkən eşitdim ki, transmilli layihələrdən olan  Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişi sürətlə davam etdirilir. Bu layihə tamamilə icra olunduqdan sonra blokadada olan Naxçıvanın dəmir yolları da beynəlxalq dəmir yolu şəbəkəsinə qoşulacaq. Onda Naxçıvan öz potensialını bütün dünyaya nümayiş etdirə biləcək. O günlərin şahidi olmaq, Avropanın hər hansı bir şəhərindən qatara bilet alıb Naxçıvana doğru səfərə çıxmaq, müasir, çiçəklənən bir diyarın qazandığı yeni nailiyyətləri görmək istərdim.
Mehmet Şahin (Türkiyə):
–  Bu gün Türkiyə-Azərbaycan əməkdaşlığı, sadəcə, dövlətlərimiz arasındakı güclü həmrəyliyə deyil, eyni zamanda xalqlarımızın paylaşdığı köklü tarix və könül birliyinə söykənir. Türkiyə və Azərbaycan xalqları eyni dildə danışır, müştərək bir tarixi paylaşır. Hər iki ölkə qarşısına eyni coğrafiyada sülh, sabitlik və rifahın təmin edilməsi məqsədini qoyub. Bu sağlam zəmin üzərində qurulan, “Bir millət, iki dövlət” prinsipi əsasında möhkəmlənən əlaqələrimiz siyasi və iqtisadi sahələrdə əldə olunan inkişaf prosesi ilə bugünkü mükəmməl səviyyəsinə çatıb. Bu gün Azərbaycan və Türkiyə arasında Naxçıvan ərazi cəhətdən bir körpü rolunu oynayır və təmsil etdiyim ölkə bu qədim oğuz-türk yurdunda gedən proseslərə xüsusi önəm verir. Əminliklə deyə bilərəm ki, bu gün Azərbaycan  türk dövlətləri arasında ən inkişaf etmiş ölkələrin sırasında yer alıb. Onun ayrılmaz parçası olan Naxçıvanda gedən inkişaf hamımızı sevindirir. Mən bu gün Ordubaddakı Tarix-Diyarşünaslıq Muzeyində oldum. İlk baxışda özümü Malatya muzeylərində hiss etdim. Çünki  muzeydə sərgilənən, torpaq altından çıxarılan qədim sənətkarlıq, xalq yaradıcılığı nümunələri eyni idi. Bu, məni çox heyrətləndirdi və anladım ki,  “Bir millət, iki dövlət” ifadəsinin arxasında minillərin ortaq tarixi dəyərləri dayanır. Nə qədər ki bu dəyərlər qorunur, hər iki ölkənin birliyi və qardaşlığı da hər zaman var olacaqdır.
Rza Talebi Daryani (Almaniya):
– Mən əslən azərbaycanlıyam. Hazırda Almaniya vətəndaşı kimi bu ölkədə yaşayır və elmi fəaliyyətlə məşğul oluram. Azərbaycanda keçirdiyim bu günlər, bəlkə də, həyatımda ən yaddaqalan günlər olacaq. Özümü xarici qonaq saymıram və Naxçıvan haqqında bu torpağın bir sakini kimi muxtar respublikaya gələn nümayəndə heyətlərinin üzvləri ilə tez-tez söhbətlər edirəm. Onlardan eşitdiyim isə yalnız və yalnız xoş sözlər, təəssüratlar olur. Təbii ki, bu da məni bir azərbaycanlı kimi çox sevindirir, qürurlandırır. Onları ən çox heyrətə salan məkanlardan biri də müqəddəs “Qurani-Kərim”də adıçəkilən Əshabi-Kəhf ziyarətgahıdır. Bu məkan öz görkəmi ilə hər kəsi valeh edir, onlarda Yaradana böyük inam hissləri oyadır. Nəhəng qayaları sanki kimsə iki barmağı ilə götürüb üst-üstə qoyub, hansısa bir rəssam sehrli fırçası ilə əzəmətli, əsrarəngiz və möhtəşəm bir mənzərə yaradıb. Buraya xarici ölkələrdən gələnlərin bir çoxu elm adamlarıdır və etiraf edim ki, onlar müqəddəs kitablarda yazılanlara deyil, elmin, təbiətin diktə etdiyi qanunlara daha çox inanırlar. Ancaq burada mən müşahidə etdim ki, hansısa bir sehrli qüvvə böyük bir kütləni cəlb etdi və yaşlı-cavan demədən hamı ən sonuncu pilləyə kimi nəfəs belə dərmədən qalxdı. Hər kəs böyük ruh yüksəkliyi ilə ziyarətdə iştirak etdi. Bu da Əshabi-Kəhfin müqəddəs ziyarətgah, Naxçıvanın müqəddəs bir məkan olduğunu bir daha sübuta yetirir. Biz Əshabi-Kəhfdən sonra Naxçıvan teatrında və Naxçıvan Dövlət Universitetində olduq. Gördük ki, naxçıvanlılar incəsənət və elm ocaqlarına da əsl məbəd kimi baxır, ümumilikdə, mədəniyyətə böyük əhəmiyyət verirlər. Nə deyə bilərəm? Belə gözəlliklərin, bütün çətinliklərə baxmayaraq, yurduna-torpağına bağlı insanların Vətən sevgisinin təntənəsinin qarşısında söz də acizdir. Bircə onu deyə bilərəm ki, sağ ol, Naxçıvan, sağ olun, Naxçıvanın qayğıkeş, üzügülər insanları!

Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR