26 Dekabr 2024, Cümə axşamı

 

 

 

 

Məlum olduğu kimi, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətindən bildiriblər ki, düşmənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 46 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib, 14 nəfər isə həlak olub.

Bundan başqa, Ermənistan hərbi birləşmələri əhalinin kompakt olduğu məntəqələri - rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.

 

İşğalçı ölkənin silahlı qüvvələrinin mülki infrastruktur obyektləri atəşə tutması nəticəsində 116 yaşayış evinə, həmçinin 26 mülki obyektə, o cümlədən Tərtər şəhərində xalça-toxuculuq fabrikinə, Ağdam rayonu, Təzəkənd kəndində inşa edilmiş modul tipli məktəb binasına, Tərtər rayonunun Şıxarx qəsəbəsi 1 saylı tam orta məktəbin binasına, Tərtər şəhəri 2 saylı məktəb-liseyin binasına, Tərtər rayonunun Azad Qaraqoyunlu kəndi ərazisində yerləşən “MKT İstehsal Kommersiya” MMC-nin pambıq zavoduna, Tərtər rayonu Qapanlı kəndində tibb məntəqəsinə külli miqdarda ziyan vurulub. Eləcə də dinc sakinlərə məxsus nəqliyyat vasitələri yararsız vəziyyətə düşmüş, çoxsaylı xırda və iribuynuzlu heyvanlar tələf olub.

Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Ordumuza və dinc əhaliyə qarşı cinayətlər törətmiş təxribatçı erməni birləşmələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb olunmaları üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən bütün zəruri tədbirlər görüləcək.

 

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR