Sentyabrın 28-də ölkəmizin İstanbuldakı Baş Konsulluğunun qarşısında “Səninləyik Azərbaycan, səninləyik Qarabağ!” şüarı ilə Azərbaycana dəstək mitinqi keçirilib.
Tədbir İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) təşkilatçılığı ilə baş tutub.
Aksiyada İSTAD-ın sədri Səfər Qaraqoyunlu media üçün açıqlamanı oxuyub.
Açıqlamada deyilir: “İyirmi səkkiz ildir haqsız yerə işğal edilən torpaqlarımızın azadlığı bütün türk millətini həyəcanlandırdı. Vətənin işğaldan azad edilməsi uğrunda şəhid olan qardaşlarımıza rəhmət, yaralılarımızın tezliklə sağalmalarını diləyirik. Azərbaycan torpaqlarını işğal edərək 28 ildir qanunsuz şəkildə bölgədə qeyri-sabitlik yaradan, Xocalı soyqırımı daxil olmaqla, qətliamlar törədərək minlərlə günahsız insanı vəhşicə qətlə yetirən, beynəlxalq hüququ heçə sayaraq tərəfdarlarından aldığı dəstəklə Azərbaycanın 20 faiz torpağını işğal edən Ermənistanı sərt şəkildə qınayırıq. Bölgədə sıxışıb qalan, iqtisadi və siyasi problemlər yaşayan Ermənistan Azərbaycana hücum etməklə öz aləmində çıxış yolu tapmaq istədi. Beynəlxalq səviyyədə tanınmış Qarabağ torpaqlarının Azərbaycana aid olduğuna dair hüquqi sənədlər var. Bu qərarlara məhəl qoymayan Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında qanunsuz fəaliyyət göstərməyə davam edir. Buna cavab olaraq Azərbaycan müdafiə hüququndan istifadə edərək işğal olunmuş əraziləri geri qaytarmaq üçün hərəkətə keçib. Azərbaycan dövlətinin bu təşəbbüsünü tam dəstəkləyirik. Bəzi güclərə arxalanan Ermənistan bölgədə sülhün bərqərar olması üçün Azərbaycanın işğal altındakı torpaqlarını qeyd-şərtsiz tərk etməlidir. 83 milyonluq Türkiyə xalqı və 300 milyonluq türk dünyası olaraq Azərbaycanın haqlı mübarizəsində sonadək qardaşlarımızın yanındayıq.
Türk millətinin səbiri daşıb, “Bəsdir artıq!” deyirik”.
Sonra dərnək rəhbəri Azərbaycan Ordusundan gələn son sevindirici xəbərləri tədbir iştirakçıları ilə bölüşüb.
Azərbaycan və Türkiyə bayraqlarının dalğalandığı mərasimdə Ordumuza və Azərbaycana dəstək şüarları səsləndirilib.
Tədbirdə hər iki ölkənin ictimai, mədəniyyət xadimləri, Türkiyədə yaşayan həmvətənlərimiz, burada fəaliyyət göstərən qurumların əməkdaşları və KİV nümayəndələri iştirak ediblər.