26 Dekabr 2024, Cümə axşamı

Münasibət

İllərdir, başqa güclərin hesabına yaradılan Ermənistan, ənənəsinə sadiq qalaraq bu gün Azərbaycan torpaqlarında həmin güclərin maraqlarına xidmət etmək üçün qurban verməkdə davam edir. Aydın olmayan dərrakə, məqsədini aşan bu yaxınlıq açıq yox, gizlədilmiş provokasyonla üzə çıxır. Müdafiə Nazirliyinin məlumatına görə səhər saat 6:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini, yaşayış məntəqələrimizi, mülki əhalini hədəf alaraq minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutub. Yaralılarımız və şəhidlərimiz var. Düşmənlərimiz səhər saatlarında Azərbaycan torpaqlarında əyləşib qarşı Azərbaycan ərazilərini havan bombasına tutub gözdağı verməyə çalışdılar. Düşmənin fikri 1990-cı illərin Azərbaycanına getdi. Ermənistan 1990-cı illərin Ermənistan psixologiyasında olsa da, biz həmin illərin psixologiyasında deyilik. Aradan 30 il keçib.  O zaman Qarabağ və digər işğal olunmuş ətraf ərazilərdə əli yalın əhaliyə divan  tutmaqla, daxildə ixtişaşlar yaratmaqla psixoloji təzyiq göstərərək əhali arasında inamsızlıq formalaşdırıb yerlərindən, yurdlarından didərgin salıb, torpaqlarımızda dəsgah qurdular. Bu gün də elə bildilər ki, həna o hənadı. Amma Azərbaycan vətəndaşı kimi demək istəyirəm ki, ey dünya birlikləri, ey cinayətkar, təxribatçı ermənilər  bu həna o hənadan deyil! Ola da bilməz. Bu tələ o tələdən də deyil. Çünki artıq müstəqilik. Bu dava o davadan da  deyil. Ona görə ki, qarşınızda inkişaf etmiş bir ölkə var. Biz nə həmin Sovetlərdən qalan onların asılılığında əzilən, iqtisadiyyatı məhv olmuş bir  ölkəyik. Nə də ki, həmin silahsız, ordusuz xalq!  Biz indi öz qərarlarını verməyi bacaran, iqtisadiyyatına, enerji potensialına, neft sektoruna, qaz-boru kəmərlərinin intensivliyinə güvənən, inkişaf edən və yüksələn demokratik, totalitar bir ölkəyik. Azərbaycanın güclü lideri, ətrafında sıx birləşib onu dəstəkləyən xalqı, dəstəkçisi qardaş Türkiyə Respublikası var. Bunu dərk edən ATƏT-in Minsk qrupu həmsədrlərinin hələ də səssiz qalması və heç bir reaksiya verməməsi dünya ölkələrinin bir daha bizə qarşı məqsədini ortaya qoyur. Yalnız Amerika Birləşmiş Dövlətləri savaşı qınamaqla, ATƏT-in Minsk qrupu həmsədrləri bizi yayındırmaqla, çözümü olmayan bir açıqlama ilə üstündən keçir bu məsələlərin. Təkcə bu faktlar bəs edir ki, biz başa düşək ki, bu işdə ermənilər özbaşına deyil. Onların güvəndikləri, arxalandıqları var. Ermənilərin 30 ildir, yad torpağında əyləşməsinin nəticəsini, BMT-nin 4 qətnaməsinin hələ də öz həllini tapmamasının səbəblərini bizə xatırladır. Xatırladır ki, bu gün yanında dayanan NATO-nun üzvü olan və Azərbaycanı daim dəstəkləyən qardaş ölkə Türkiyə dövlətidir. Rəsmi Twitter səhifələrində Türkiyə Cumhurbaşkanı Rəcəp Tayyip Ərdoğan ölkə Prezidenti cənab İlham Əliyevlə telefon danışığından sonra    vəziyyətə siyasi qiymət verərək qeyd edib: “Bu gün etdiyimiz telefon görüşməsində dirayetli və qərarlı duruşuna bir daha şahit olduğum Azərbaycan Cumurbaşkanı qardaşım, İlham Aliyevə ifadə etdiyim kimi, Türkiyə “tək millət iki dövlət” anlayışıyla, azərbaycanlı qardaşlarıyla dayanışmasını gücləndirərək sürdürəcəkdir”.

İctimai televiziya vasitəsilə canlı yayımda ölkə Prezidenti cənab İlham Əliyev baş verənlər haqqında xalqa müraciət etmiş, ardınca  Təhlükəsizlik Şurasının iclasında çıxış edərək demişdir: “- Bildiyiniz kimi, bu gün səhər tezdən Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti hərbi təxribat törətmişdir. Bu təxribat nəticəsində itkilərimiz var, həm mülki əhali, həm də hərbçilər arasında. Bu, bir daha onu göstərir ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti davam edir və bu siyasət Ermənistanın faşist mahiyyətini bütün dünyaya göstərir. Səhər tezdən məlumatı alan kimi, mən Müdafiə naziri, digər aidiyyəti qurumların rəhbərləri ilə əlaqə saxladım, müvafiq göstərişlər verdim və bu göstərişlər əsasında hazırda Azərbaycan Ordusu genişmiqyaslı əks-hücum əməliyyatına başlamışdır. Bildirməliyəm ki, Ermənistanın hərbi təxribatı planlaşdırılmış təxribatdır. Onlar bu təxribata uzun müddətdir ki, hazırlaşırdılar. Bizdə olan operativ məlumat onu göstərirdi ki, Ermənistan bizə qarşı yeni müharibəyə başlamaq fikrindədir. Mən bu məsələ ilə bağlı artıq son bir həftə ərzində bir neçə dəfə həm televiziya kanallarında müsahibəmdə, eyni zamanda, BMT kürsüsündən çıxış edərkən öz fikirlərimi bildirmişdim və demişdim ki, təcavüzkar dövlət dayandırılmalıdır. Onlar yeni müharibəyə hazırlaşırlar.”.

Hərbi paltarlarını dəyişib mülki əhaliyə qarışıb qaçan ermənilər, deyəsən, Azərbaycan Ordusundan bu cür gedişat gözləmirdilər. 30 ildir, mədəni şəkildə dövlətlərarası hüquqlara inanıb səbir etməyimizi yalnış analiz ediblər. Yoxsa elə çoxdan təslim olmuşdular. Onların içinə saldığımız mat qorxusu erməni saytlarında verilən  məlumatlarda özünü açıq-aşkar büruzə verir. Teleqraf. com xəbər verir ki, Qarabağdakı qondarma rejimin rəhbəri Arayik Arutyunyan brifinq zamanı deyib: Talış istiqamətində və cənubda itirilmiş mövqelər var”. Arutyunyan Ermənistan ordusunun ağır itki verdiyini də etiraf edib və baş verənləri indiyə kimi olan ən geniş əməliyyatlar adlandırıb. Artunyan bildirib ki, yeni ərazilərin də itirilməsi ehtimalı var.

Yerli kanallarla yanaşı, qardaş Türkiyə telekanallarından olan “A haber”, “TRT haber” kimi xəbər kanalları da gün ərzində bütün məlumatları səsləndiməklə, informasiyaları zamanında yayımlamaqla ölkəmizdə baş verənləri əhalinin və dünya mediyasının nəzərinə çatdırdı. A haber telekanalının Son Dəqiqə  xəbərlərinə qatılan Naxçıvanın keçmiş Baş konsulu Aydan Nurdan da son vəziyyət və baş verənlərə münasibət bildirərək dedi: “Alınan kəndlər, əldə tutula bilərsə Azərbaycan üçün yetəri qədər motivasyon olacaq. Hörmətli Cumhurbaşkanımız Azərbaycana açıq çek verdi bu hər hansı bir söyləm deyil. Möhtəşəm bir söyləmdir.Və savaşı gözə almaqdır. Niyə bunu elədi?... Biz əgər Rusiya ilə ciddi bir savaşmaya girsək, NATO (xatırlayın rus təyyarəsini düşürdüyümüzdə) Türkiyə bizi çətinə aparır, Türkiyənin yanında ola bilmərik, biz Türkiyəni tək başına buraxırıq, Rusiyanın qarşısında dedi. Təbii ki, qeyri-rəsmi olaraq deyildi bunlar. Biz Rusiya ilə Qafqazlarda bir problemimiz olarsa NATO-nun yanımızda olmayacağını da bilirik. Ona rəğmən hörmətli Cumhurbaşkanın açıq çek verməsi çox önəmli və siyasi davranış idi... Digər önəmli mövzu televiziya proqramlarında bezmədən, yorulmadan dediyim Azərbaycan, əslində, Rusiya, Fransa, Amerkaya qarşı savaş içindədir. Və təbii ki Türkiyə də. Ermənistan elə düşünür ki, Fransa, Rusiya, Amerika Ermənistandan yanadır. Amma yalan, mənafeləri üçün elə görünürlər. Bu mənafe nədən ibarətdir? Türkiyə Orta Asiya qapısını bağlamaq üçün onu ora gözətçi qoyublar. Sürünür. Nüfuz kanaması var. İqtisadiyyatı acınacaqlı haldadır. Tək qurtuluşu var.  Ermənistan Qərb dünyasından mədəni dünyaya ancaq Türkiyə üzərindən açıla bilər”. Canlı yayına bağlanan Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva da alınan tədbirlərdən danışaraq “A haber” telekanalı vasitəsilə söylədi: “Hər zaman mülki insanlarımızın təhlükəsizliyini təmin etmək, bizim, Azərbaycan Ordusunun önəmli vəzifələrindən biridir. Və bununla əlaqədar müvafiq tədbirlər həyata keçirməkdədir. Təbii ki, rəqəmlər açıqlanmasa da Ermənistan tərəfinin hücumu nəticəsində həm hərbi qulluqçularımız arasında, həm də mülki insanlar arsında həlak olanların və yaralananların olması ilə bağlı ilkin məlumatlar verilmişdir. Lakin detallaın açıqlanması ilə bağlı ətraflı məlumatlar yoxdur. Bununla bizim Müdafiə Nazirliyi mütəmadi şəkildə məlumatları ictimaiyyətin diqqətinə çatdırır. Ancaq bir daha qeyd etmək istərdim ki, bu gün bütün Azərbaycan əhalisi Azərbaycan Ordusunun həyata keçirdiyi özünümüdafiə hüququ çərçivəsində həyata keçirdiyi tədbirləri dəstəkləyir. Və biz əminik ki, Azərbaycan Ordusunun şücaəti nəticəsində işğal olunmuş ərazilərimiz işğaldan azad olacaqdır”.

Onu vurğulamaq da yerinə düşər ki, bu gün blokada şəraitində olan Naxçıvan ordusu da tam hazırdır. Ali Məclis Sədrinin siyasəti ilə hərbi texnikaların gücləndirilməsi, hərbi təlimlərin həyata keçirilməsi bu gün ordumuzun güclü və yenilməz birliyinin nəticəsidir. Sentyabr ayının 7-si  Azərbaycan və Türkiyə respublikaları arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən Naxçıvanda hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirildi. Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edildi.

Bu gün ordumuzun dirayətli mübarizəsi nəticəsində 7 kəndimiz işğaldan azad olundu. Çox çəkmədən əhalinin qanıyla inlədiyi 30 illik torpaqlarımızı azad edəcəyik. Biz onları, dünya dövlət birliklərini, 30 il qərar verməyi üçün gözlədik.  1994-cü ildə bağlanan Atəşkəs artıq neçə ildir ki, onlar tərəfindən pozuldu və əvəzində biz şəhidlər verdik. Hər zaman onlara mədəni dildə torpaqlarımızı tərk etmək şansını tanıdıq. Amma onlar bizim danışdığımız mədəni sivil dildən anlamadı. Biz də onların başa düşdüyü dillə, açdıqları savaş mübarizəsinə savaşla cavab verdik. Çünki 1 milyonluq məcburi qaçqın və köçkünlərimizin torpaqlarını özlərinə qaytarmağın zamanı çoxdan gəlmişdi. Biz 30 illik bizdən alınan torpaqlara ac qalmışdıq. Bu aclıq isə, öz növbəsində, bizi çox gücləndirib, daha qəzəbli edib.

İndi biz “Yalan ayaq tutar, amma yeriməz”, “Pis günün ömrü az olar”, “Özgə atına minən tez düşər” atalar sözlərinin hikmətini yaşayırıq. Zəfərin yaxınlaşdığı günün ətrini havadan alırıq. Torpaqlarımıza qayıdacağımız müjdə xəbərini səbirsizliklə gözləyirik. Çünki biz Mübariz İbrahimovun, Polad Həşimovun ruhlarının daşıyıcılarıyıq. Biz ulu öndər Heydər Əliyevin yaratdığı, qurduğu müstəqil Azərbaycanın ordu quruculuğunun bugünkü uğurlu mübarizəsinin şahidləriyik. Ona görə ki, bizim “Qarabağ Azərbaycandır”-, deyən qətiyyətli, vətənsevər, uzaqgörən cənab Prezidentimiz var. Bir blokada bölgəsi olaraq Türkiyə ilə hərbi əməkdaşlıq edib hərbi təlimləri ordu quruculuğumuzda həyata keçirən Naxçıvan Ali Məclisinin Sədri Vasif Talıbovun uğurlu siyasətinin, zamanında aldığı doğru qərarların pənahındayıq. Bu gün bütün güclənən, birləşən siyasətlə  haqqımız olanı alırıq. Çünki xalqımız illərdir, cəbhə bölgəsində yaşanan cinayət hadisələri ilə haqlı olaraq qəzəblidir, haqqımız olanı  almaq zamanı çoxdan yetişib. Haqqımız mübarək Azərbaycan qəhrəmanı! Yenilməz gücün fəlsəfəsini düşmənlərə göstər ərən ruhlu, mərd oğulum.  Qüdrətin dillərə dastan, Əzmin düşmənə üsyan. Növbəti yazımız Qarabağın işğaldan azad olması ümidilə...

 

Türkan HÜSEYNLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR