31 oktyabr-1 noyabr 2013-cü il tarixlərində keçirilən Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarından bir qrupu noyabrın 2-si və 3-də Naxçıvan Muxtar Respublikasında olub. Muxtar respublikanın müxtəlif tarixi məkanları, mədəniyyət müəssisələri ilə tanış olan forum iştirakçıları “Şərq qapısı” qəzetinin əməkdaşları ilə təəssüratlarını bölüşüblər.
Avtandil Beridze (Gürcüstanın Acarıstan Muxtar Respublikası Ali Sovetinin Sədri):
– Mən Bakıda Humanitar Forumda iştirak etməyə gələrkən Naxçıvana da gedəcəyimizi biləndə çox şad oldum. Bura gəlmək, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ilə görüşmək mənim üçün çox vacib idi. Çünki Acarıstanla Naxçıvan arasında tarixi köklərə dayanan dostluq əlaqələri və bu əlaqələrin təzahürü olan dostluq və əməkdaşlıq haqqında müqavilə var. Biz bu dostluq əlaqələrini daha da inkişaf etdirmək istəyirik. Məlumdur ki, Azərbaycanla Gürcüstan rəhbərləri arasında çox yüksəksəviyyəli münasibətlər mövcuddur. Biz də ayrılmaz tərkib hissələr olaraq bu münasibətlərin daha da inkişafına töhfələr verməliyik.
Naxçıvanın inkişafı göz qabağındadır. Mənim üçün burada olmaq çox xoşdur. Bura qədim diyardır, buranın zəhmətsevər, səmimi insanları var və ən əsası o insanların bizə münasibəti yaxşıdır. İstərdik ki, naxçıvanlılar bizə tez-tez qonaq gəlsinlər, Batumi və bütün Gürcüstan onları səmimiyyətlə qarşılamağa hazırdır.
Yokota Murakami Takayuki (Yaponiyanın Osaka Universitetinin professoru): – Bu, mənim Azərbaycana ikinci, Naxçıvana isə ilk səfərimdir. Biz bir neçə saatdır ki, Naxçıvandayıq. Lakin bir-birindən maraqlı təəssüratlarım var. Təbiət, dağlar və qarşıda gördüyümüz o çay (Araz çayı – E.K) qəribə bir vəhdət yaradır. İnsanlarınızın dostyana münasibəti və mehribanlığı da diqqət çəkir. Biz sizin ümummilli lideriniz Heydər Əliyevin Muzeyində olduq. Qeyd etməliyəm ki, Heydər Əliyevin həyatı və fəaliyyəti barədə bu muzeyin zəngin ekspozisiyası kifayət qədər məlumat verir. Naxçıvandakı qədim tarixi ənənələrdən xəbər verən abidələr isə, yəqin ki, mənim yaddaşımdan uzun müddət silinməyəcək. XII əsrdə belə bir möhtəşəm abidəni, Möminə xatın türbəsini inşa edən xalqın qədim memarlıq və arxitektura ənənələrinə sahib olduğu şəksizdir.
David Parrİ (Böyük Britaniya, ALTİNG LTD-nin sədri, dramaturq): – Naxçıvan heyrətamiz dərəcədə gözəl yerdir. Mən Azərbaycan haqqında müəyyən məlumatlara sahibəm. Buranın gözəl təbiəti, zəngin sərvətləri, yaradıcı insanları haqqında məlumatım var idi. Naxçıvana gəldikdən sonra isə bu təəssüratlarım daha da zənginləşdi. Naxçıvanda sanki tarix bu günlə yanaşı addımlayır. Mən burdan qayıtdıqdan sonra Avropa Azərbaycanlıları Cəmiyyətinin jurnalı üçün bir məqalə yazmağı düşünürəm və təbii ki, bu məqalədə Naxçıvanın xüsusi yeri olacaq. Naxçıvanın düşdüyü blokada şəraiti çox ədalətsiz bir vəziyyətdir. İnsanlar bu blokada şəraitindən əziyyət çəkirlər. Ancaq bu şəraitdə belə, Naxçıvanı bu qədər inkişaf etdirmək üçün Vətəni çox sevmək lazımdır və burada yaşayan insanlar bunu ediblər.
Yohanna Laskoviska (Polşanın Sileziya Universitetinin Beynəlxalq Tələbə Qəbulu Aparatının rəhbəri):
– Bu mənim Azərbaycana – həm Bakıya, həm də Naxçıvana ilk gəlişimdir. Mən, həqiqətən də, ölkənizi çox sevdim. Azərbaycanın belə bir tarixi regionunda olmaq, paytaxt Bakı ilə yanaşı, regionların da inkişafının şahidi olmaq xoş oldu. Tarix sahəsində mütəxəssis olmasam da, deyə bilərəm ki, sizin öz keçmişinizə bu qədər sayğılı yanaşmağınız təqdirəlayiqdir. Maraqlısı isə orasındadır ki, siz buranı sadə bir parka çevirmisiniz, xüsusi ödəniş tələb olunmur və insanlar sərbəst şəkildə gəlib bu tarixin arasında gəzib-dolaşa bilirlər. Elə bu, böyük bir mədəniyyətdən xəbər verir.
Qlen Hovard (ABŞ, Ceymstaun Fondunun təmsilçisi):
– Burada daha çox vaxt keçirmək, Naxçıvanla daha yaxından tanış olmaq istərdim. Çünki sizin maraqlı insanlarınız, zəngin tarixi abidələriniz və böyük tarixi turizm imkanlarınız var. Xalça Muzeyi, Möminə xatın türbəsi, Nuh Peyğəmbərin məzarüstü türbəsi və adını çəkmədiyim digər yerlər və abidələr mənim üçün, həmçinin düşünürəm ki, Amerikadan, digər ölkələrdən gəlmiş turistlər üçün çox maraqlı abidələrdir. Elə buna görə də mən burda olduğumuz vaxtdan səmərəli istifadə etməyə çalışıram. İstəyirəm ki, olduğumuz yerlər haqqında daha dolğun məlumat əldə edim.
Paulina Laitinen-LaYho (Finlandiya – incəsənət investisiyaları üzrə mütəxəssis):
– Bu, mənim ilk səfərimdir, lakin sonuncu səfərim deyil. Mən hətta istərdim ki, burada yaşayım. Naxçıvan məni təkcə tarixi ilə yox, həm də müasirliyi, inkişafı, səliqəliliyi ilə təəccübləndirdi. Daha doğrusu, özünə cəlb etdi. Biz bura – Nuhun məqbərəsinə gəlməmişdən əvvəl Möminə xatın türbəsindən yaxınlıqdakı muzeyə qədər məsafəni piyada qət etdik. İnsanların qonaqlara qarşı nə qədər diqqətli və mehriban olduqlarını mən o qısa müddətdə hiss etdim.
Littorin Svorker (İsveçin sabiq məşğulluq naziri):
– Humanitar forum yüksək səviyyədə keçirildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və 7 ölkənin sabiq prezidentlərinin foruma qatılması, bir çox beynəlxalq qurumların foruma maraq göstərməsi Azərbaycana olan marağın göstəricisidir. Dünyanın müxtəlif ölkələrindən olan elm adamları, mətbuat nümayəndələri, siyasətçilər Azərbaycanın inkişafından məmnuniyyətlə və heyranlıqla danışırlar.
Dağlarla əhatələnmiş Naxçıvan isə əsrarəngiz gözəlliyə malikdir. Siz inkişaf etməklə bərabər, milli dəyərlərinizi və ənənələrinizi də qoruyursunuz.
Asta Kaplan (finlandiyalı rəssam): – Bura mənim indiyə qədər olduğum yerlər arasında ən ekzotik yerlərdən biridir. Məni bir rəssam kimi daha çox buranın təbiətindəki rəng çalarları, həmçinin tarixi abidələrinizin divarlarında istifadə olunan rənglər və ornamentlər maraqlandırırdı. Dağlara xüsusi fikir verdim. Bir dağın üzərində müxtəlif rənglərin vəhdəti var. Onlar sanki zolaqlar şəklində dağlara bəzək vurublar. Həm Möminə xatın türbəsi, həm də Nuh Peyğəmbərin məzarüstü türbəsində rənglər və ornamentlər çox maraqlıdır. Naxçıvanda olmaq, həqiqətən də, mənim üçün çox xoş oldu. Təəssüf edirəm ki, bu günə qədər Naxçıvan haqqında məlumatım olmayıb.
Marqareta Linq Vannerus (Azərbaycan-İsveç Qadınlar Şurasının həmsədri):
– Naxçıvanı gəzərkən olduğumuz iki məkan – Nuh Peyğəmbərin məzarüstü türbəsi və Duzdağ mağarası mənim diqqətimi çəkdi. Deyim ki, dünyanın müxtəlif ölkələrində olmuşam, müxtəlif şəhərləri gəzmişəm, amma bu duz mağarası qədər maraqlı və unikal bir yer görməmişəm. İnsan bura daxil olanda özündə qəribə bir rahatlıq hiss edir. Ümumilikdə, Naxçıvanda özümü çox rahat və güvəndə hiss edirəm. Elə bil ki, hansısa doğma İsveç şəhərindəyəm.
Elnur KƏLBİZADƏ