22 Dekabr 2024, Bazar

Siyasi partiyalar müasir demokratik dövlətlərdə cəmiyyətin siyasi sisteminin çox mühüm institutlarından biridir. Dünya təcrübəsi göstərir ki, inkişaf etmiş dövlətlərdə siyasi partiyalar elə də çoxsaylı olmur. Bu məhz ona görədir ki, partiyalar öz xalqlarının, dövlətlərinin gələcəyi ilə bağlı inkişaf məqsədlərində vahid mövqeli olub, yalnız siyasi taktika və konseptual strategiya baxımından öz aralarında mübarizə aparıb hakimiyyətə gəlmək, öz proqram məqsədlərini reallaşdırmaq üçün səlahiyyət əldə etmək istəyirlər.

Etiraf edək ki, bu gün Azərbaycanda siyasi partiyalar həddindən artıq çoxsaylı olsa da, onların böyük əksəriyyətinin ümummilli mənafe naminə nə siyasi-taktiki fəaliyyəti, nə də konseptual-strateji proqram məqsədləri cəmiyyətə məlum deyildir. Çünki hazırda fəaliyyətdə olan partiyaların böyük bir qismi 1990-cı illərin əvvəllərinin anarxiya burulğanında meydanlarda keçirilən mitinqlərdə bir neçə dəfə çıxış etməklə öz qapalı, məhdud düşüncələrində özlərinin siyasi liderlik kultunu yaratmış şəxslərin ətrafında təşəkkül tapmışdır. Ölkəmizdə müasir, hüquqi, demokratik dövlət quruculuğunun sonrakı mərhələsində bu partiyalar siyasi zamanla, cəmiyyətin inkişafı ilə ayaqlaşa bilmə­miş, mövcudluqlarını sürdürsələr də, xalqın etimadından məhrum olmuşlar.

1992-ci il noyabr ayının 21-də Naxçıvan şəhərində yaradılmış Yeni Azərbaycan Partiyasının 21 illik tarixi ərzində çox güclü siyasi qüvvə kimi formalaşmasının kökündə iki başlıca amilin dayandığı şübhəsizdir. Bunların birincisi partiyanın yaranması və təşkilatlanması dövründə ona ümummilli lider Heydər Əliyev kimi zəngin siyasi təcrübəyə malik bir dahinin, siyasət nəhənginin və görkəmli dövlət xadiminin rəhbərlik etməsi idi. İkinci amil isə müstəqilliyin ilk ilinin ağrılı-acılı təcrübəsindən sonra cəmiyyətdə belə bir siyasi təşkilata və məhz ulu öndər Heydər Əliyevin rəhbərliyində yaranacaq partiyaya olan taleyüklü sosial-siyasi sifarişin və təkidli çağırışın (məşhur “91-lərin müraciəti”) olması idi.
Məhz bu baxımdan Yeni Azərbaycan Partiyasının yaranmasını tarixi zərurət adlandıran ulu öndər deyirdi: “Yeni Azərbaycan Partiyası o vaxtkı mövcud vəziyyətdə bütün Azərbaycan xalqının mənafelərinə xidmət üçün və xalqın ağır dövründə ölkənin qarşısında duran məsələlərin həll edilməsi üçün zamanın tələbinə uyğun olaraq zərurətdən yaranmış bir partiyadır”.
Ölkəmizin müasir inkişaf mərhələsinin baxış bucağından aydın görünür ki, ümummilli liderimiz Heydər Əliyevin və cənab İlham Əliyevin liderliyində Yeni Azərbaycan Partiyası, əslində, bilavasitə müstəqil Azərbaycanın qarantı olan, öz siyasi yolunu dövlət müstəqilliyinin tarixi ilə həmahəng keçən avanqard qüvvəyə çevrilmişdir. Son iki onilliyin bütün prezident, parlament və bələdiyyə seçkilərində ölkə seçicisinin mütləq etimadını qazanması, hazırda sıralarında 600 mindən artıq siyasi həmfikri birləşdirməsi, ən əsası isə müstəqilliyimizin dönməzliyini və əbədiliyini təmin etməsi, siyasi-hüquqi və sosial-iqtisadi inkişafın bugünkü səviyyəsini yaratması partiyanın Azərbaycan cəmiyyətindəki dayanıqlı uğur formulunun əsas şərtləridir.   
Yeni Azərbaycan Partiyasının ümummilli lider Heydər Əliyevin öndərliyində yaradılması xalqımız üçün nə qədər əlamətdardırsa, biz naxçıvanlılar üçün onun həm də Naxçıvan şəhərində təsis olunması bir o qədər qürurvericidir. 1992-ci il oktyabr ayının 16-da ziyalıların partiyanın yaradılması haqqındakı müraciətinə o vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışan dahi şəxsiyyət Heydər Əliyev cəmi səkkiz gün sonra cavab vermişdi. Noyabrın    5-də partiyanın Təşkilat Komitəsi yaradılmış, 21-də isə Naxçıvan Dövlət Musiqili Dram Teatrının binasında Azərbaycanın bütün bölgələrini və cəmiyyətin bütün zümrələrini təmsil edən 550 nəfərin iştirakı ilə təsis konfransı keçirilmişdi. Dövrün siyasi qısqanclıqları və əngəlləri fonunda konstruktiv müxalifət partiyası kimi siyasi səhnəyə qədəm qoyan Yeni Azərbaycan Partiyası 1992-ci il dekabrın 18-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir.
Yeni Azərbaycan Partiyasının yaradılmasının ən fəal iştirakçılarından olan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “...Qısa müddət ərzində on minlərlə insan Heydər Əliyev şəxsiyyəti ətrafında birləşərək, Azərbaycançılıq ideologiyası ilə silahlanaraq, yuxarıdan heç bir göstəriş gözləmədən könüllü şəkildə partiyamızın təşkilatlanmasına başladı. Əhali anlayırdı ki, bu təşkilat məzmunca partiya anlayışı daşısa da, əslində, mahiyyət etibarı ilə xalqın böhrandan çıxması üçün tarixin yaratdığı yeganə şansdır”.
Partiyanın quruculuq xətti və təşkilatlanması işi bilavasitə ulu öndər Heydər Əliyevin rəhbərliyi, nəzarəti və tövsiyəsi ilə aparılmışdır. Qısa müddətdə Yeni Azərbaycan Partiyasının yerlərdə ərazi ilk partiya özəkləri, rayon (şəhər) təşkilatları yaradılmışdır. Təbii ki, bu sahədə də öncüllük Naxçıvana məxsus olmuş, qısa müddətdə Şərur, Culfa, Babək və Şahbuz rayonlarında təşkilatlar təsis edilmişdir. Artıq 1993-cü ilin payızınadək ölkəmizin 63 rayonunda partiya təşkilatları təsis konfranslarını keçirmiş, onun sıralarına 200 mindən artıq üzv qoşulmuşdu.
Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının təsis konfransı isə partiyanın yaranmasından, təqribən, bir il sonra, 1993-cü il noyabr ayının 5-də keçirilmişdir. Bu il təşkilatın yaradılmasının 20-ci ildönümü tamam olur. Təşkilatı hələ yaradılarkən artıq ciddi siyasi qüvvə kimi formalaşmış hesab etmək olardı. Belə ki, təsis konfransını 70 ərazi ilk təşkilatından seçilən 420 nəfər nümayəndə ilə keçirən Naxçıvan Şəhər Təşkilatı hələ o zaman öz sıralarında 5200 nəfər üzvü birləşdirirdi. 1993-cü ilin iyun ayında ölkədə milli dövlətçiliyin məhvi və vətəndaş müharibəsi təhlükəsinin yaranması ilə nəticələnən siyasi hakimiyyət böhranı şəhər partiya təşkilatının təsis konfransını bir qədər yubatmışdı. Belə ki, təşkilatımız təsis edilərkən artıq ulu öndər Heydər Əliyev 1993-cü il oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti seçilmiş, başqa sözlə, partiya çox qısa müddətdə müxalifət təşkilatından iqtidar partiyasına çevrilmişdi.
Ötən 20 ildə YAP Naxçıvan Şəhər Təşkilatı ən fəal təşkilatlardan biri kimi öz mövqeyini qoruyub saxlamış, partiya quruculuğu işinə mühüm töhfələr vermişdir. Təşkilatımız Yeni Azərbaycan Partiyasının ümumi inkişaf tempi ilə ayaqlaşmış, partiyanın Proqram və Nizamnaməsinin tələblərini, partiya qurultaylarının, YAP Naxçıvan Muxtar Respublikası Təşkilatının konfranslarının, partiya rəhbərliyinin, yuxarı orqanların qərar, sərəncam, tapşırıq və tövsiyələrinin həyata keçirilməsi istiqamətində fəal şəkildə çalışmışdır. Hazırda YAP Naxçıvan Şəhər Təşkilatı öz sıralarında 193 ərazi ilk partiya təşkilatında 15336 nəfər üzvü birləşdirir. Üzvlərimizin 7867 nəfərini (51,3 faiz) qadınlar, 8451 nəfərini (55,1 faiz) 18-35 yaşlı gənc­lər təşkil edir. Təkcə son 3 ildə partiya sıralarına 3468 nəfər yeni üzv qəbul edilmişdir. Partiyaya yeni qəbul olunanların 1939 nəfərini (56 faiz) qadınlar, 2863 nəfərini (82,5 faiz) gənclər təşkil edir ki, bu da partiyada yeni enerji deməkdir.
Təşkilatımızın üzvləri sırasında elmi dərəcə daşıyanlar xüsusi bir təbəqə təşkil edir ki, bu da Naxçıvan şəhərinin elmi potensialının vahid, fəal dövlətçi əqidədə birləşdiyinin ifadəsidir. Üzvlərimizin 2 nəfəri akademik, 3 nəfəri АМЕА-nın müxbir üzvü, 25 nəfəri elmlər doktoru, professor, 177 nəfəri müxtəlif elmlər üzrə fəlsəfə doktoru, dosentlərdir. Hazırda 1992-ci ildən YAP üzvü olan veteran əqidədaşlarımız 113, 1993-cü ildən partiyaya üzv olanlar isə 469 nəfərdir.
Təşkilat ölkəmizin, muxtar respublikamızın və şəhərimizin seçkili orqanlarında geniş təmsil olunur. Üzvlərimizin 3 nəfəri Azərbaycan Respublikası Milli Məclisinin, 21 nəfəri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, 40 nəfəri isə Naxçıvan Bələdiyyəsinin və digər bələdiyyələrin üzvləridir.
Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının bu inkişaf səviyyəsi, heç şübhəsiz ki, ilk növbədə, muxtar respublikamızda yürüdülən siyasətin uğuruna bütün muxtar respublika sakinləri kimi, Naxçıvan şəhər əhalisinin də rəğbəti və etimadı sayəsində mümkün olmuşdur. 18 ildir ki, Naxçıvan Muxtar Respublikasına rəhbərlik edən görkəmli dövlət xadimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və YAP Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri cənab Vasif Talıbovun yürütdüyü böyük maarifçi quruculuq siyasəti, yaratdığı dayanıqlı ictimai-siyasi sabitlik ulu öndərin müstəqil dövlətçilik ideallarına sədaqətin ən yüksək nümunəsi kimi böyük ehtiramla qarşılanır. Paytaxt Naxçıvan şəhərinin simasının sürətlə dəyişilməsi, gözoxşayan abadlığı və təmizliyi xarici qonaqlarımız tərəfindən heyranlıqla qarşılanır, şəhərimiz inkişaf etmiş Qərb şəhərləri ilə müqayisə olunur.
Bütün bunlar YAP üzvlərində böyük iftixar hissləri yaradır. Həyata keçirilən misilsiz quruculuq siyasəti hər bir partiya üzvünün məsuliyyətini və əzmkarlığını artırır. Partiya üzvlərimiz öz üzərlərinə düşən siyasi vəzifəni layiqincə yerinə yetirməyə çalışır, ölkə və muxtar respublika rəhbərinin apardığı uğurlu siyasətin dönməz ardıcılları və icraçıları kimi əzmlə fəaliyyət göstərirlər.
Özünün yubiley ildönümünü partiya rəhbəri cənab İlham Əliyevin 2013-cü il oktyabrın 9-da keçirilən son prezident seçkilərindəki möhtəşəm və parlaq qələbəsinin yaratdığı böyük ruh yüksəkliyi ilə qarşılayan Yeni Azərbaycançı naxçıvanlılar üçün ölkə rəhbərinin bəyan etdiyi bu prinsip, indiyədək olduğu kimi, qarşıdakı dövrdə də siyasi fəaliyyətin əsas bünövrəsini təşkil edəcəkdir: “Həyat yerində durmur, qarşımıza yeni tələblər çıxır. Amma prinsipial istiqamət, ideoloji istiqamət dəyişməz olaraq qalır. Bu, Heydər Əliyev fəlsəfəsidir, siyasətidir, ideologiyasıdır... Mən sizi əmin etmək istəyirəm ki, bütün məsələlərdə, o cümlədən partiya quruculuğu istiqamətində də Heydər Əliyev siyasətinə sadiq qalacağam. Əminəm ki, biz hamımız birlikdə həm partiyamızı gücləndirəcəyik, həm də ölkəmizi daha da inkişaf etdirəcəyik”.  

Elman CƏFƏRLİ
Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR