Ekoloji problemlərin həlli, ətraf mühitin qorunması, təbiətin zənginləşdirilməsi Naxçıvan Muxtar Respublikasında həyata keçirilən kompleks quruculuq tədbirlərinin mühüm istiqamətlərindən biridir. Bu, xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi ekoloji siyasətin bu gün ölkəmizdə, onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda uğurla davam etdirilməsinin göstəricisidir. Təbiətin qorunmasına və zənginləşdirilməsinə, ekoloji problemlərin həllinə ciddi diqqət yetirən ölkə başçısı demişdir: “Azərbaycanda elə bir sahə yoxdur ki, sürətlə inkişaf etməsin... Bütövlükdə, ölkəmiz yeniləşir, müasirləşir, zənginləşir, bununla bərabər, təbii ki, sürətli inkişaf istər-istəməz ətraf mühitə təsir göstərə bilir. Məhz buna görə də biz çalışırıq ki, öz ekoloji tədbirlərimizi geniş kontekstdə həyata keçirək”.
Görülən işlərin nəticəsidir ki, son illərdə muxtar respublikada yaşıllıqların həcmi dəfələrlə artmış, qədim diyarımız yaşıllıqlar məskəninə çevrilmişdir. Ötən dövr ərzində diyarımızda ekologiyanın mühafizəsi, bu sahədə görülən işlərin kəmiyyət və keyfiyyətinin yüksəldilməsi, mövcud problemlərin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, yeni əkilən ağacların suvarılmasında damcı üsulunun tətbiqi genişləndirilmiş, bəzək kolları, həmişəyaşıl, həmçinin meşə ağaclarının əkilməsi, müntəzəm olaraq onlara qulluq edilməsi diqqət mərkəzində saxlanılmış, ekoloji tarazlığın qorunmasında müstəsna rola malik olan yaşıllıq zolaqlarının bərpası və artırılması istiqamətində aparılan işlər prioritet vəzifəyə çevrilmişdir.
Cari ildə də bu tədbirlər davam etdirilməkdədir.
Noyabrın 2-də keçirilən iməciliklər də yüksək səviyyədə təşkil olunmuşdu. Naxçıvan şəhərinin sakinləri, idarə, müəssisə və təşkilatların nümayəndələri bu tədbirdə fəallıq göstərmişlər. Uzunoba Su Anbarı yaxınlığındakı terrasda 2 min ədəd meyvə ağacı əkilmiş, Naxçıvan-Sədərək magistral yolunun sağ və sol hissəsində yaşıllıqlara aqrotexniki qulluq göstərilmiş, ərazilər suvarılmış, alaq otlarından təmizlənmişdir.
Muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur rayonunun sakinləri də, əvvəlki iməciliklərdə olduğu kimi, əzmkarlıq nümayiş etdirmiş, Dizə və Gümüşlü kəndləri arasındakı yol kənarlarına 400 ədəd meyvə ağacı əkilmiş, Yuxarı Daşarx Kənd Mərkəzinin ətrafındakı yaşıllıqlara aqrotexniki qulluq göstərilmişdir.
İməcilik günü Babək rayonunun ərazisində də qələbəlik müşahidə edilmişdir. Bölgə sakinləri muxtar respublikanın ekologiyasına öz töhfələrini verməyə çalışmış, Naxçıvan-Batabat magistral yolunun Şıxmahmud kəndindən keçən hissəsindəki 1 hektarlıq əraziyə 450 ədəd meyvə ağacı əkilmişdir.
Bağlar diyarı Ordubadda da iməciliklər mütəşəkkilliklə keçirilmiş, rayon sakinləri Naxçıvan-Ordubad magistral yolunun Dəstə kəndindən keçən hissəsində yaşıllıqlara aqrotexniki qulluq göstərmiş, Bist, Xurs, Ələhi kəndlərində yeni inşa olunmuş obyektlərin ətrafında 155 ədəd həmişəyaşıl ağac, 500 gül kolu, 500 ədəd meyvə ağacı əkmişlər.
Culfa rayonunun sakinləri Naxçıvan-Ordubad magistral yolunun sağ və sol hissəsində 1100 ədəd meyvə, Teyvaz və Əlincə kəndlərində yeni inşa olunmuş obyektlərin ətrafında 320 ədəd həmişəyaşıl ağac, 700 gül kolu əkmişlər.
Kəngərli sakinləri Naxçıvan-Sədərək magistral yolunun Böyükdüz kəndindən keçən hissəsində yol kənarlarına 1500 ədəd meyvə ağacı, Xok kəndində isə 500 ədəd gül kolu əkmişlər.
Şahbuzlular Naxçıvan-Batabat magistral yolunun kənarlarına 3600 ədəd müxtəlif meyvə ağacı əkmiş, rayon ərazisindəki yaşıllıqlara aqrotexniki qulluq göstərmişlər.
Sədərək rayonunun sakinləri Heydərabad qəsəbəsindəki 3 hektarlıq meyvə bağında, Qaraağac kəndinə gedən yolun kənarlarında və Mərkəzi Xəstəxananın ətrafında 500 ədəd meyvə, 100 meşə ağacı əkmişlər.
Həmin gün muxtar respublikamızın bütün bölgələrində ahıl vətəndaşların həyətlərində təmizlik, abadlıq işləri aparılmışdır.
Xəbərlər şöbəsi