Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı ilə “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri”nə dair növbəti maarifləndirici tədbir keçirilib.
Xidmətin əməkdaşı Kənan Məmmədov çıxış edərək bildirib ki, muxtar respublikamıza gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının həyata keçirilməsi, müvəqqəti və daimi yaşamaq, həmçinin haqqıödənilən əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi, onların olduğu yer və yaşayış yeri üzrə qeydiyyatı, müvəqqətiolma müddətinin uzadılması, vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, eləcə də qanunsuz miqrasiyaya qarşı mübarizə məsələləri daim diqqət mərkəzində saxlanılır.
Tədbirdəki çıxış, təqdim edilən slayd və videoçarxlar əcnəbilər üçün ingilis dilində də səsləndirilib. Tədbir iştirakçılarına Dövlət Miqrasiya Xidməti tərəfindən hazırlanan maarifləndirici bukletlər paylanılıb ki, bu da birbaşa onların maariflənməsinə, hüquq və vəzifələri ilə bağlı məlumatlı olmalarına xidmət edir. Qarşılıqlı diskussiya şəraitində keçən tədbirdə əcnəbiləri maraqlandıran suallar cavablandırılaraq mövzu ilə bağlı ətraflı məlumat verilib.
Sonda tədbir iştirakçılarının “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə gəzintisi təşkil olunub. Naxçıvan Muxtar Respublikasındakı abidələr arasında özünəməxsus yeri olan muzey kompleksi ilə tanışlıq tədbir iştirakçılarında xoş təəssüratlar yaradıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin mətbuat xidməti