22 Dekabr 2024, Bazar

31 oktyabr-1 noyabr tarixlərində Bakı şəhərində keçirilmiş III Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarından bir qrupu noyabrın 2-də Naxçıvan Muxtar Respublikasına səfər edib. Tanışlıq məqsədilə reallaşdırılan səfərin birinci günü qonaqlar Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində olublar. Burada onlara ulu öndərimizin həyatı və siyasi fəaliyyətini əks etdirən eksponatlar haqqında məlumat verilib. Sonra muxtar respublikamızın qonaqları Naxçıvan şəhərindəki Xalça Muzeyində, əl işlərinin sərgi-satış mağazasında, Heydər Əliyev Sarayında, “Xan Sarayı”  Dövlət Tarix-Memarlıq Muzeyində olublar. Forum iştirakçıları ilk dəfə Şərqdə qadının şərəfinə ucaldılmış abidə olan Möminə xatın türbəsini də ziyarət ediblər. Açıq Səma Altında Muzey, Nuh Peyğəmbərin məzarüstü türbəsi və Duzdağ Fizioterapiya Mərkəzi də qonaqların ən çox maraq göstərdiyi məkanlardan olub.    

Səfərin ikinci günü qonaqlar Ordubad şəhərinə səfər edərək bu bölgəmizin qədim abidələrindən birində yerləşən Tarix-Diyarşünaslıq Muzeyinə gəlib, buradakı eksponatlarla tanış olublar. Qonaqlara Ordubadın tarixi, adət-ənənələri, dünəni və bu günü haqqında ətraflı məlumat verilib. Qonaqlar üçün Dübəndi çayı üzərində yerləşən kafedə çay süfrəsi təşkil olunub.
Sonra qonaqlar Əshabi-Kəhfi ziyarət ediblər. AMEA Naxçıvan Bölməsinin əməkdaşı Hacı Qadir Qədirzadə ziyarətgah haqqında qonaqlara ətraflı məlumat verib. Bakıya səfər etməzdən öncə isə qonaqlar Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında olublar. Burada onlara konsert proqramı təqdim edilib. Sonra qonaqlar Naxçıvan Dövlət Universitetinin kampusunu gəziblər.
Məlumat üçün bildirək ki, Bakı Beynəlxalq Humanitar Forumu bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair genişspektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə hər il tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatçılarını və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya toplayan tədbirdir. Forumun məqsədi dəyirmi masalar vasitəsilə dialoqun qurulmasıdır. Forumun vəzifəsi ideyalar, nəzəri və praktik bilik mübadiləsi, konstruktiv debat və müzakirələr üçün platforma formalaşdırılmasından ibarətdir. Forumun nəticəsi beynəlxalq təşkilatlara, ölkə liderlərinə və ayrılıqda hər bir şəxsə tövsiyələr və müraciətlər şəklində təqdim olunur. Beynəlxalq forum ildə bir dəfə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirilir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR