26 Dekabr 2024, Cümə axşamı

Hər kəsin Vətən adlı  bir dünyası var.  Bəlkə elə buna görə də  dünyada hər şeyi  zövqə, imkana görə dəyişmək olar, bircə Vətəndən başqa...Vətən tale yazısıdır, Vətən bəşər övladının şanı-şərəfi, qeyrəti, namusudur... Bütün sevinclərimizin  əzəli də  ona bağlıdır, axırı da... Mənim də Vətən adlı dünyam canım qədər sevdiyim
Azərbaycandır. Böyüyüb boya-başa çatdığm  yurdum  isə bol günəşi, saf suyu, təmiz havası ilə göz oxşayan gözəlliklər məskəni Naxçıvandır. Naxçıvanım! Əlincə qeyrətli, Gəmiqaya sirli, Əshabi-Kəhf möcüzəli, Möminə Xatın  şöhrətli  qədim diyarım...

Ana yurdumun bütöv Azərbaycandan ayrı düşmüş ayrılmaz parçasıdır Naxçıvan!... Dünya şöhrətli siyasi xadim, ulu öndərimiz Heydər Əliyevin, Vətən həsrətli  Heyran xanımın, maarif fədaisi Məhəmməd Tağı Sidqinin, romantik şair Hüsey Cavidin, ölməz sənətkar Cəlil Məmmədquluzadənin, tarixi  romanlar müəllifi Məmməd Səid Ordubadinin, böyük kimyaçı alim Yusif Məmmədəliyevin və neçə-neçə adını çəkmədiyim böyük şəxsiyyətlərin  Vətənidir Naxçıvan.

Mən sənin Batabat gölündəki möcuzəli “Üzən ada”nı, duz dağındakı “Büllur sarayı”nı, Darıdağ şəfa bulağını, min bir dərdə dava olan  mineral  sularını,yayın od ələyən günlərində ilin dörd  fəslini  başına cəm  eləyən Ordubadın “Göy göl”ünü, milli ruhumuzu özündə yaşadan  “Şərur yallısı”nı göz önünə  gətirdikcə  gözümdə  daha da gözəl və doğma görünürsən, ulu diyarım...

Qeyri-adi gözəlliyə, təbiətə, zəngin tarixə, çoxəsirlik dövlətçilik ənənələrinə  malik olan  Naxçıvan dünyada yeganə məkandır ki, XII əsrdə qadınlığın  şərəfinə  abidə ucaldılıb burada. “Möminəxatın türbəsi” adlanan bu möhtəşəm məqbərə bu gün də Naxçıvanın rəmzi sayılır. Qarabağlar türbəsi, Buzxana, Əlincə xanəgahı, İmamzadə kompleksi, Şərq hamamı, Xan evi, Yusif Küseyir oğlu türbəsi, Aza körpüsü milli memarlıq  inciləri kimi bu gün də qorunub yaşadılmaqdadır.Naxçıvan xalqımızın  tarixində  və taleyində mühüm  rol oynayan bir məkandır. Əbəs yerə yurdumuzun bu qədim və ulu diyarını “Nəqşi-cahan” – dünyanın bəzəyi adlandırmayıblar. Dərbənddən Bakıya, oradan da Qarabağa çatan yollar Zəngəzur vasitəsilə Naxçıvandan keçərək İrəvana və Tiflisə, Qarsa və Ərzuruma qədər  uzanıb getmişdir.

Dünənlə bu günün vəhdəti

 Müdriklərdən birinin belə  bir deyimi var. Dünəninə xor baxsan, gələcək səni  yarğılayar. Bu, doğrudan da belədir. Ancaq naxçıvanlılar dünəni necə qoruyublarsa, bu missiya bu gün də uğurla davam etdirilməkdədir.

Nur üzlü, al şəfəqli məmləkətimin seyrindən doymaq olmur. Necə xoşbəxt vətəndaşlarıq ki, bu məmləkətdə  böyüyüb  yaşamaq məhz  bizim qismətimizə düşüb. Necə xoşbəxtik ki, qanlı-qadalı günləri  geridə qoyub, xoş işıqlı, nur üzlü şəhərdə günün batmasını və  oyanmasını  seyr edə bilirik. Vaxtilə  öz nefti ilə  dünyaya həyat verən bir ölkə, elə bizə doğmadan-doğma olan Naxçıvan da zülmətin pəncəsində, qaranlıqda qalmışdı. Ancaq ele bir dövr gəlib  çatdı ki,  bu diyarın xalqsevər  rəhbərləri, qədirbilən oğulları, yurdsevər vətəndaşları zülmətə, qaranlığa qarşı mübarizəyə başladı, bu yolda böyük zəhmətlər, əziyyətlər çəkildi və nəticədə Naxçıvan gecələri nur işığına boyandı.  Elə burada gözəl bir şeirin misralarını xatırlayıram:

Qocaman çinarlar durub yan-yana,

Köksündən zəhmətin  xoş ətri saçır.

Dönübdür şəhərim cənnətməkana,

Baxdıqca göz gülür, könül dil açır.

Bəli, qədim diyarımın hər qarışı gözoxşayır, sanki dil açıb danışır.Tarix Naxçıvanı, Naxçıvan da  tariximizi yaşadır. Naxçıvan yaşanan tarixdir. Ulu öndərimiz Heydər Əliyevin  sözləri ilə desək: “Naxçıvan Azərbaycanın ən qədim  diyarlarından biridir, çox zəngin tarixə malik olan Azərbaycanın bir hissəsidir, qədim tarixi olan Azərbaycan  torpağıdır”.

Arzularımın diyarı....

 Hələ məktəbə getmədiyim çağlarımda arzu edərdim ki,  hər cür şəraiti olan  məktəblərdə təhsil alaq, geniş küçələrdə addımlayaq, gül-çiçəyə qərq olmuş meydanlarda oynaya bilək. Bu arzular, uşaq xəyallarımdakı niyyətlər çox keçmədi ki, gerçək oldu. Bəli bu gün bu şəhərdə həyat qaynayır, coşqun yaşam tərzi bərqərar olunub. Yollar, küçələr isə qurub-yaratmağa tələsən insanlarla  doludur. Müasirliyi ilə qədimliyini özündə əks etdirən  binalar, səkilər, rahat yollar qurub yaratmaq əzmi ilə döyünən ürəklərin, bacarıqlı əllərin məhsuludur. Uzun illər blokada şəraitində qalmış bir  məmləkətin qısa zaman kəsiyində bu qədər inkişaf edəcəyi heç kimin ağlına belə gəlməzdi. Artıq bu, gerçəklikdir, günümüzün reallığıdır. İndi Naxçıvan, Azərbaycanın tacı olan bu tarixi məkan  özünün yeni  həyatını yaşayır. Mədəniyyət və istirahət parkları, əyləncə və istirahət mərkəzləri, Bazar gölü, “Saat Meydanı” turistik istirahət  mərkəzi, Uzunoba ailəvi  istirahət mərkəzi, kinoteatrlar, kafe və restoranlar, küçələr boyu əkilmiş  yamyaşıl  ağaclar  insanların  əhval-ruhiyyəsini oxşayır, hələ ətrafa  xoş ətir saçan  gül-çiçəklər... Bütün bunların hamısı blokada  şəraitində yaşayan Naxçıvanı inanılmaz dərəcədə dəyişib.

Ümummilli liderimiz Heydər Əliyev doğma Azərbaycanımız haqqında, Naxçıvan haqqında  düşünür və deyirdi: “İstəyirəm ki,   mənim arzum, istəklərim, Azərbaycan  dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın  ayrılmaz hissəsi olan  Naxçıvan haqqında  planlarımız  arzularımız  yerinə yetirilsin”.

Ulu öndər Heydər Əliyevin  çox sevdiyi və bir vaxtlar  çətin iş rejimində çalışdığı  şəhərdə hər şey tanınmaz dərəcədə dəyişib. Bu, ilk növbədə, ümummilli liderimizin  ideyalarının təntənəsidir, onun quruculuq yolunu inamla davam etdirən ölkə başçsı İlham Əliyevin  muxtar respublikaya  göstərdiyi  qayğının  bariz nümunəsidir. Bu təntənə müasir Naxçıvanın  gerçək simasıdır.

İndi bu şəhəri seyrə çıxan hər bir vətəndaş  iftixarla “Mən bu şəhərin  sakiniyəm” deyir. Gözəl bir şeirdə deyildiyi kimi:

Şəhərim çırağban, kəndim çırağban,

Kəhkəşan sinəmdən nur alsın deyir.

Onun gecəsinin  işıqlarından

O tayın gündüzü işıq istəyir.

Yaşıllıqlar  məskənidir məkanım...

Bu gün şəhərimiz  yaşıl örtüyə  bürünüb. Yaşıllıqları  ötən illərlə  müqayisə belə  etmək mümkünsüzdür. Bu barədə düşünərkən balacaykən yaddaşıma yazılan çətin günlər  gözönümdə canlanır. Qışda soyuqdan qorunmaq üçün şəhərimizdə kimsəsiz, qərib kimi görünən beş-on ağacı  kəsib  istisinə qızındığımız, yayda isə  kaş ki, həmin ağaclar  qalaydı, kölgəsində sərinlik tapardıq” – dediyimiz vaxtları indi ürəkağrısı ilə  xatırlayıram. Muxtar  respublikamızın  yaşıl  sərvətinin dağdılmasından narahat olan və onu  qorumağa çağıran ulu öndərimiz deyirdi: “Ağac kəsən hər kəs, elə bil  mənim  qolumu  kəsir”. Bu sözlər  muxtar respublikanın  əhalisi üçün  bir həyəcan təbili idi. Bu yaşıllığı qorumağa və onu mühafizə etməyə bir çağırış idi. Bu çağırışa  elliklə  qoşulmaq, ona səs vermək, qırılıb-tökülənlərin, dağıdılanların əvəzini qaytarmaq lazım idi. Ancaq necə? Bu çətin işin öhdəsindən  gəlmək  mümkün idimi? Axı,  muxtar respublikada  yaşıllıqların  istismarı bir yana dursun, iqtisadi tənəzzül də bir tərəfdən insanların  əl-qolunu  bağlamış, sabaha olan ümidlərini puça çıxarmışdı. Belə bir çətin məqamda ulu öndər Heydər Əliyevin böyük dövlətçilik  təcrübəsi köməyə gəldi. Həyat yavaş-yavaş öz axarına  düşməyə başladı. Yaşıllaşdırma ilə bağlı layihələrin həyata keçirilməsinə böyük önəm verildi. Hər il yol kənarlarına yüzlərlə ting basdırıldı. Şükürlər olsun ki, o ağrılı, qadalı günlər geridə qalıb.

Yaşıllıq ərazilərimiz ilbəil artırılır, meşə-bərpa işləri aparılır. İlin bütün fəsillərində yaşıl libaslı zəhmətkeş bağbanları  şəhərimizin  gəzməli-görməli yerlərində mövsümə uyğun işlər apararkən  görmək olar. Bu xeyirxah  tədbirlər nəticəsində Naxçıvanın  simasi  gündən-günə  gözəlləşir. Bu  diyara üz tutan  qonaqlar  da məhz  bu gözəllikdən  zövq alırlar.

Aydın məram, konkret hədəf

Qısaca bunu deməliyəm ki,  o yerdə Vətənə, yurda bağlı əsl rəhbər  vardırsa, o zaman  həyatın  məcrası da düzgün  istiqamətə  yönəlir, insanlar yolundan sarpmır, sözlə işin vəhdəti təmin edilir, nizam-intizam şüurlu olaraq  varlığımza  hakim kəsilir. Bütün bunlar isə  sürətli inkişafa dinamik xarakter verən başlıca şərtdir. Çalışmaq və yenə də çalışmaq  bugünkü həyatımızın  alternativsiz qayəsidir. Atalar yaxşı deyib: Halva-halva deməklə  ağız şirin  olmaz. Gərək arzusunda  olduğun məqsədə çatmaq üçün qol çırmayıb iş görəsən. Dünya şöhrətli siyasətçi Heydər Əliyevin  idarəetmə  məktəbini keçən, onun dövlətçilik xəttinin incəliklərini mənimsəyən, muxtar respublikanı  dərindən tanıyan, potensialını və problemlərini yaxşı bilən, təşəbbüskar, coşqun  enerjili, aydın  proqramlı  muxtar respublika rəhbəri  öz məramnaməsini  hələ 25 il öncə belə ifadə etmişdi: “Prezident  Heydər Əliyevin  dövlətçilik  platformasına  sadiq qalacağam, onun  bu böyük etimadını  layiqincə  doğrultmağa  çalışacağam”.

Bəli,  aydın məram, konkret hədəf isə göz qarşısındadır. Özünün intibah  dövrünə qədəm  qoyan  Naxçıvanda  bu gün yeni həyat başlayıb. Cəmiyyət burada bir yumuruq halında  birləşib. Bu birlik hesabına Naxçıvan aydan-aya deyil,  gündən-günə  dəyişir, gözəlləşir,  inkişaf edir. İnkişaf və yeniləşmə istiqamətində  keçilmiş  şərəfli yolun  dərsləri, dövlətçilik, quruculuq, idarəetmə sahəsində toplanmış zəngin təcrübə  Azərbaycanın  bu qədim və  həmişəcavan  diyarının sabhakı  üfüqlərinə  də gur işıq salır.

Nuray ƏSGƏROVA

jurnalist

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR