Muxtar respublikanın ən böyük bölgəsi olan Şərur rayonunda da istehsal müəssisələri, təhsil, səhiyyə və digər qurumlar üçün binaların tikintisi, yolların və digər infrastrukturların yenilənməsi diqqət mərkəzində saxlanılır. Cari ildə də belə tədbirlər sürətlə davam etdirilir, geniş və iri layihələr icra olunur.
Yeni quruculuq ünvanlarının sırasına Şərur şəhərinin girişində ucaldılan Saat meydanı da qoşulub. Ümumi sahəsi 2 min 460 kvadratmetr olan ərazidə 10 metr hündürlükdə olacaq Saat qülləsinin inşasını “Gəmiqaya Holdinq” Şirkətlər Qrupu həyata keçirir.
Qüllədə Şərq və Qərb istiqamətlərində olmaqla, iki saat qurulacaq. Tikinti ilə paralel şəkildə ərazidə işıqlandırma sistemi quraşdırılır, su xətti çəkilir.
Layihəyə uyğun əsas işlər tam başa çatdıqdan sonra ətrafda gülkarlıq və yaşıllıq zolağı da salınacaqdır. Qüllədə son tamamlanma işləri görülür.
- Telli MƏMMƏDOVA