26 Dekabr 2024, Cümə axşamı

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində gələcək polislərin andiçmə mərasimi keçirilib. Tədbirə gələn Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərova raport verildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni oxunub.

Nazir polis andı qəbul edəcək kursantları, məktəbin pedaqoji kollektivini bu münasibətlə təbrik edib, onlara təhsildə müvəffəqiyyətlər arzulayıb.

Bildirilib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət quruculuğu strategiyasını uğurla davam etdirən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bütün dövlət orqanları ilə yanaşı daxili işlər orqanlarına da daim yüksək diqqət və qayğı ilə yanaşır, Daxili İşlər Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilməsini diqqət mərkəzində saxlayır. Bu sahədə görülən işlərin tərkib hissəsi kimi Ali Məclis Sədrinin 5 mart 2018-ci il tarixli Fərmanı ilə Orta İxtisas Polis Məktəbinin yaradılması xüsusilə mühüm əhəmiyyət kəsb edir.

Qeyd olunub ki, muxtar respublikanın daxili işlər orqanları hərtərəfli yüksək şəraitdən bəhrələnərək, hər il əvvəlki ilin müsbət göstəricilərindən daha yüksək nailiyyətlər qazanmaqla, fəaliyyətin təkmilləşdirilməsi və günün tələbləri səviyyəsində qurulması istiqamətində mütəmadi olaraq yeni metod və vasitələrdən istifadə edirlər. Yaradılmış müasir iş şəraiti və polisin cəmiyyətdə tutduğu mövqe son dövrlər bu orqanda xidmət etmək arzusunda olan gənclərin sayını xeyli artırıb. Belə ki, muxtar respublika üçün böyük strateji əhəmiyyətə malik olan Orta İxtisas Polis Məktəbinin cəmi iki ildir fəaliyyət göstərməsinə baxmayaraq, məktəbə qəbul üçün müraciət edən abituriyentlərin sayının artmasında özünü göstərir.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq qərarı ilə təsdiq edilmiş “Polis əməkdaşlarının andiçmə Qaydaları”na əsasən bu gün 2020-2021-ci tədris ilində Orta İxtisas Polis Məktəbinə qəbul olmuş 30 nəfər kursant “Polis andı”nı qəbul edir. Andiçmə mərasimi hər bir kursantın və əməkdaşın həyatında ən yadda qalan və xüsusi anlamı olan bir gündür. Gənc kursantlar qəbul etdikləri bu anda sadiq qalmalı, polis adını daim uca tutmalı, cinayətkarlığa qarşı mübarizədə, içtimai qaydanın və içtimai təhlükəsizliyin təmin olunmasında, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməli, peşəkarlıqlarını artırmaq üçün daim öz üzərlərində çalışmalıdırlar.

Vurğulanıb ki, daxili işlər orqanlarında peşəkar kadr potensialının formalaşmasına, qanunçuluğa, xidməti və icra intizamına, etik davranış qaydalarına əməl olunmasına, eləcə də əməkdaşların nəzəri-praktiki və mənəvi-psixoloji hazırlığının təmin edilməsinə xüsusi diqqət yetirilir. Ona görə də peşəkar polis əməkdaşı kimi yetişmək üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun polis məktəbinin açılışında qeyd etdiyi: “Bu gün Orta İxtisas Polis Məktəbinə qəbul olunanlar yaxşı oxumaqla yanaşı, həm də vətənpərvər yetişməlidirlər. Özünüzü ciddi intizama və zabit məsuliyyətinə indidən hazırlamalı, çox mütaliə etməli, müasir texnologiyaları yaxşı mənimsəməli və onlardan bacarıqla istifadə etmək vərdişlərinə yiyələnməlisiniz” dəyərli tövsiyələrini əsas təhsil şüarı kimi yadda saxlanmalı və bu, tədris prosesində qüsursuz icra olunmalıdır.

Fazil Ələkbərov polis andı qəbul etmək münasibəti ilə Daxili İşlər Nazirliyinin rəhbərliyi və şəxsi heyəti adından kursantları bir daha təbrik edib, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi altında bu şərəfli təhsil və xidmət yolunda onlara uğurlar arzulayıb. Nazir əmin olduğunu bildirib ki, Orta İxtisas Polis Məktəbində təhsil alan kursantlar ulu öndər Heydər Əliyev ideyalarına və vəzifə borcuna daim sadiq qalaraq, dövlətçilik amallarına sədaqətlə qulluq edəcək, peşəkar polis əməkdaşı kimi yetişmək üçün səy və bacarıqlarını əsirgəməyəcəkdir.

Tədbirdə məktəbin rəisi, polis polkovniki Kamil Məmmədəliyev, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Veteranlar Şurasının sədri, istefada olan polis-polkovniki Yusif Həsənov, kursant Ruzi Əhmədov çıxış ediblər.

Polis andı qəbul edildikdən sonra Daxili İşlər naziri kursantlarla söhbət edib, şəkil çəkdiriblər.

Sonda nazir məktəbin tədris prosesi, məktəbin yataqxanasında və yeməkxanasında yaradılmış şəraitlə yaxından tanış olub, kursantlarla birlikdə nahar edib.

 

Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR