Məmmədov Şəhriyar Bayramqulu oğlu 1988-ci ildə Babək rayonunun Qahab kəndində anadan olmuşdur. İlk təhsilini kənd məktəbində alan Şəhriyar 2006-cı ildə Heydər Əliyev adına Hərbi Liseyi, 2010-cu ildə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirmişdi. Şəhriyar Məmmədov Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində birillik ixtisastəkmilləşdirmə kursundan sonra 2011-ci ildə “N” hərbi hissədə xidmətə başlamışdı. Leytenant Məmmədov hərbi xidmətdə olduğu müddət ərzində hissə komandirliyinin, zabit yoldaşlarının, əsgərlərin dərin hörmətini qazanmışdır. 2013-cü il aprel ayının 8-də Ağdam rayonunun Kəngərli kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olan gənc zabitin Vətənimiz qarşısında xidməti əvəzsiz qalmamışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında” 25 iyun 2013-cü il tarixli Sərəncamı ilə leytenant Məmmədov Şəhriyar Bayramqulu oğlu ölümündən sonra “İgidliyə görə” medalına layiq görülmüşdür.
Medalın şəhid zabitin valideyninə təqdim olunması münasibətilə dünən Naxçıvan Qarnizonunda tədbir keçirilmişdir. Tədbirdə çıxış edən qarnizon rəisi, general-leytenant Kərəm Mustafayev Şəhriyar Məmmədovun hərbi xidmətdə keçdiyi döyüş yolunun hər bir gənc üçün örnək olduğunu vurğulamış, şəhid anası Ceyran Əliyevaya belə bir oğul böyütdüyü üçün minnətdarlığını bildirmişdir.
Ceyran Əliyeva şəhid oğluna göstərilən belə ehtirama görə ailəsi adından dövlətimizə minnətdarlıq etmişdir.
Xəbərlər şöbəsi