Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində Babək rayonunun Babək qəsəbə və Qoşadizə kənd tam orta məktəblərinin şagirdləri üçün açıq dərs keçilib. Dərsin mövzusu ulu öndərimizin həyatı və siyasi fəaliyyəti olub.
Ümummilli liderimizin mənalı ömür yolundan, dövlətçilik təcrübəsindən, müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafında müstəsna xidmətlərindən söhbət açıldığı dərsdə Babək qəsəbə tam orta məktəbinin tarix müəllimi Möhsün Həsənov bildirib ki, ulu öndərin fəaliyyətinin bütün mərhələləri ölkəmizin gələcəyinin perspektivlərini müəyyənləşdirməkdən ibarət olub.
Açıq dərsdə vurğulanıb ki, ulu öndər Azərbaycan dövlətini möhkəm təməllər üzərində qurub-yaradıb. Bu gün əldə edilən bütün nailiyyətlər, müvəffəqiyyətlər məhz dahi şəxsiyyətin məqsədyönlü və gərgin əməyinin, siyasi uzaqgörənliyinin nəticəsidir. Məhz onun prinsipiallığı, uzaqgörən siyasəti nəticəsində möhkəm və sarsılmaz təməllər üzərində qurulan müstəqil Azərbaycan dövləti əbədi yaşamaq hüququ qazanıb. Tariximizin ən böyük simalarının fövqündə dayanmaq haqqı qazanan dahi rəhbər Heydər Əliyev ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlərin ilhamvericisi və təşkilatçısı olub.
Onun dünya siyasət xəzinəsini zənginləşdirən misilsiz fəaliyyəti Azərbaycan xalqının əsrlər boyu ürəyində yaşatdığı müstəqil dövlətçilik arzusunun gerçəkliyə çevrilməsində müstəsna rol oynayıb. Müstəqil Azərbaycan dövlətinin təşəkkül tapması ümummilli lider Heydər Əliyevin misilsiz xidmətidir. Ölkəmiz məhz ulu öndərimizin müəyyən etdiyi siyasi kursla irəliyə doğru gedir.
Dahi rəhbərin təhsilimizin inkişafına göstərdiyi dövlət qayğısından da danışan Möhsün Həsənov deyib ki, 1969-cu ildə Azərbaycanın rəhbəri seçilən xalqımızın böyük oğlu Heydər Əliyev milli mənafelərə xidmət göstərmək məqsədilə totalitar rejimin hökm sürdüyü bir zamanda Azərbaycanda milli-mənəvi dəyərləri qorumaqla tərəqqiyə, elm və təhsilin yüksəldilməsi üçün düşünülmüş elmi siyasət yeritməyə nail olub. Ölkəmizə rəhbərliyinin birinci dövründə – 1969-1982-ci illərdə Azərbaycan dövlətinin diqqət mərkəzində duran ən ümdə məsələlərdən biri elmin və təhsilin inkişafına qayğının artırılmasıydı. Lakin illərlə və böyük zəhmət hesabına yaradılmış infrastruktur 1989-1993-cü illərdə dağılmaq təhlükəsi ilə üz-üzə qaldı. Bu dağılma və tənəzzül xüsusən 90-cı illərin əvvəlində, müstəqillik əldə edildikdən sonra daha geniş miqyas aldı, təhlükəli meyillər özünü göstərməyə başladı. Lakin xalqımızın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev tərəfindən elə bir inkişaf konsepsiyası hazırlandı ki, milli dövlətçilik prinsipləri içərisində milli təhsil sistemi əsas yerlərdən birini tutdu. Ulu öndərin milli müstəqillik, milli dövlət quruculuğu ideyasının əsasında o dururdu ki, müstəqilliyin əbədiliyi, demokratiyanın inkişaf yolu məhz təhsilin səviyyəsindən asılıdır. Odur ki, dahi rəhbərin dövlətçilik strategiyasının əsas xətti milli dövlətçilik və hakimiyyət strukturlarının yaradılması və möhkəmləndirilməsi ilə yanaşı, milli təhsil sisteminin də yenidən qurulmasından ibarət olub.
Sonda şagirdlər muzeydəki eksponatlarla tanış olublar.
Xəbərlər şöbəsi