26 Dekabr 2024, Cümə axşamı

Bu gün dövlətlərin milli təhlükəsizliyinin təmin olunmasında enerji təhlükəsizliyi xüsusi əhəmiyyət kəsb edir. Belə ki, dünya gündəmində baş verən əksər münaqişələrin təməlində enerji təhlükəsizliyi siyasi məfhum kimi meydana çıxır. Bu məfhum isə, mübaliğəsiz şəkildə desək, bu gün bütünlükdə bəşəriyyətin mövcudluğunu təmin edən ilkin resurslardan biridir. 

Zəngin enerji mənbələrinə malik zəif idarə olunan ölkələr və həmin zəngin mənbələri mənimsəmək istəyən güclü ölkələr… Hazırda dünyada mövcud olan bir çox münaqişələrin qarşılıqlı tərəfləri məhz bu qrupdan olan ölkələrdir. Azərbaycan isə bu gün dünyada güclü enerji ehtiyatlarına malik və güclü siyasi iradə ilə idarə olunan tək-tük ölkələrdəndir. O ölkələrdən ki sahib olduğu enerji ehtiyatlarının istifadəsi xalqın firavan həyatına, ölkəmizin iqtisadi tərəqqisinə və ən əsası siyasi müstəqilliyinə hesablanmışdır. Əlbəttə, bütün bunlar xalqımızın ümummilli lideri Heydər Əliyevin müdrikliklə, məqsədyönlü və mərhələli şəkildə həyata keçirdiyi iqtisadi siyasət nəticəsində mümkün olmuşdur.
Ulu öndərimiz Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə ölkəmizdə enerji təhlükəsizliyi sahəsində mühüm işlər görmüşdür. Böyük şəxsiyyətin güclü siyasi iradəsi nəticəsində 1994-cü il sentyabr ayının 20-də Azəri-Çıraq-Günəşli yataqlarının işlənməsi üzrə dünyanın 7 ölkəsinin 11 neft şirkəti arasında imzalanan “Əsrin müqaviləsi” isə müstəqil ölkəmizin tarixinə enerji təhlükəsizliyinin əsasının qoyulduğu möhtəşəm hadisə kimi yazıldı.

Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan bu inkişaf strategiyası bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir. Dövlət başçısı tərəfindən formalaşdırılan uğurlu iqtisadi model ölkəmizin, o cümlədən muxtar respublikamızın hərtərəfli, dinamik inkişafını təmin etmiş, bütün sahələrdə olduğu kimi, energetika sistemində də yüksək nailiyyətlər əldə olunmuşdur.
Muxtar respublikamızın sosial-iqtisadi həyatının dinamik inkişafında böyük çəkiyə malik energetika sisteminin əsası ötən əsrin 70-ci illərində qoyulmuşdur. Belə ki, ümummilli lider Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə respublikanın elektrik enerjisinə olan tələbatının yerli imkanlar hesabına ödənilməsinə yönəlmiş layihələr çərçivəsində 1971-ci ildə Naxçıvan Muxtar Respublikası ərazisində Araz çayı üzərində İran-Azərbaycan “Araz” Su Elektrik Stansiyası adı altında gücü 22 meqavat olan stansiya inşa olunmuşdur.

Bundan sonrakı dövrlərdə də muxtar respublikada enerji təhlükəsizliyi istiqamətində gələcəyə hesablanmış siyasət uğurla davam etdirilmişdir.1992-1993-cü illərdə yaranmış çətin şəraitə baxmayaraq, blokadada olan muxtar respublikanı elektrik enerjisi ilə təchiz etmək məqsədilə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə İran İslam Respublikasından 132 kilovoltluq, Türkiyə Respublikasından 154 kilovoltluq yüksəkgərginlikli elektrik verilişi xətləri çəkildi. Nəticədə, 1993-cü ilin ortalarında muxtar respublikaya İran İslam Respublikasından 42 meqavat, Türkiyə Respublikasından 63 meqavat elektrik enerjisi daxil olurdu ki, bu da həmin dövrün çətin şəraitində əhalinin yaşayış standartlarının normallaşmasında mühüm mərhələ idi.
Əsas məsələlərdən biri də elektrik enerjisi mənbələrinin müəyyənləşdirilməsi ilə yanaşı, həmin enerjinin muxtar respublikada paylanılmasını yaxşılaşdırmaq, enerjinin ötürülməsində texniki itkiləri azaltmaq, avadanlıqların artıq yüklənməsinin qarşısını almaq, enerji təchizatının etibarlılığını yüksəltmək idi ki, bu istiqamətdə də bir sıra mühüm tədbirlər həyata keçirilmişdir.
Sonrakı mərhələdə məqsədyönlü siyasətin həyata keçirilməsi mövcud elektrik enerjisi problemlərinin tamamilə aradan qaldırılması ilə yanaşı, muxtar respublikanı enerji ixracı imkanlarına malik bir regiona çevirmişdir.
Bu sahədə reallaşdırılan kompleks tədbirlər çərçivəsində 1992-ci ildə 60 meqavat gücündə Naxçıvan Qaz-Turbin elektrik stansiyası, 2006-cı ildə 4,5 meqavat gücündə Heydər Əliyev Su Anbarı üzərindəki Elektrik Stansiyası, həmin ildə 87 meqavat gücündə Naxçıvan Modul Elektrik Stansiyası, 2010-cu ildə 22 meqavat gücündə Biləv Su Elektrik Stansiyası, 2014-cü ildə 20,5 meqavat gücündə “Arpaçay-1” Su Elektrik Stansiyası, həmin ildə 1,4 meqavat gücündə “Arpaçay-2” Su Elektrik Stansiyası, 2015-ci ildə 20 meqavat gücündə Naxçıvan Günəş Elektrik Stansiyası, (2017-ci ildə stansiyanın gücü daha 2 meqavat artırılaraq ümumi qoyuluş gücü 22 meqavata çatdırılmışdır), 2019-cu ildə 2 meqavat gücündə Kəngərli Günəş Elektrik Stansiyası və nəhayət, 2020-ci ildə 3 meqavat gücündə Qabıllı Günəş Elektrik Stansiyası tikilib istifadəyə verilmişdir.

1995-ci ilədək muxtar respublikada ümumi qoyuluş gücü 82 meqavat olan 2 elektrik stansiyası fəaliyyət göstərirdisə, ötən 25 ildə bu göstərici 5 dəfə artaraq 10-a çatdırılmışdır. Bu gün muxtar respublikada istismar olunan 10 elektrik stansiyasının ümumi qoyuluş gücü 244,4 meqavat təşkil edir ki, bunlardan da ümumi qoyuluş gücü 97,4 meqavat olan 8 stansiya (ümumi qoyuluş gücü 70,4 meqavat olan 5 SES və 27 meqavat olan 3 GES) alternativ və bərpa olunan enerji mənbələri hesabına fəaliyyət göstərir. Hazırda isə 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının və 15,6 meqavat gücündə Tivi Su Elektrik Stansiyasının tikintisi davam etdirilir. Layihələr yekunlaşdırıldıqdan sonra bərpa olunan enerji mənbələri hesabına fəaliyyət göstərən stansiyaların ümumi qoyuluş gücü 149 meqavat təşkil edəcəkdir ki, bu da muxtar respublikada enerji istehlakının 100 faizinin bu mənbələr hesabına ödənilməsinə imkan verəcəkdir. Həmçinin Şərur rayonu ərazisində 5 meqavatlıq Günəş Elektrik Stansiyasının tikintisi də nəzərdə tutulmuşdur.
Əlbəttə, bu göstərici 25 il əvvəl elektrik enerjisinə olan tələbatını qonşu ölkələrdən idxal hesabına təmin edən bir diyar üçün tarixi nailiyyətdir. Təsadüfi deyil ki, 2019-cu ilin 18 noyabr tarixində ölkə Prezidenti cənab İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovu qəbul edərkən demişdir: “...Bu, doğrudan da tarixi nailiyyətdir. Çünki Naxçıvan Muxtar Respublikası Azərbaycanın əsas hissəsindən coğrafi baxımdan ayrılıb və belə olan halda enerji təminatı xüsusi əhəmiyyət kəsb edir. Bu, əslində, təhlükəsizlik məsələsidir və heç bir daxili enerji resursu olmayan Naxçıvan hazırda elektrik enerjisini ixrac edir”.
Son dövrlər dünyada ekoloji problemlərin kəskin artması və dövlətlərin daha ucuz və səmərəli enerji ehtiyatlarına marağı fonunda alternativ və bərpa olunan enerji mənbələrindən istifadə məqsədilə aparılan fəaliyyət sürətlə artmaqdadır. Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin məlumatına əsasən 2019-cu ildə inşa edilən yeni elektrik stansiyalarının 75 faizi məhz bərpa olunan enerji mənbələri hesabına reallaşdırılmışdır ki, bu da rekord göstəricidir. Həmçinin Azərbaycan Respublikası Dövlət Energetika Nazirliyinin məlumatına əsasən 2019-cu ildə bərpa edilən enerji hədəfləri olan ölkələrin sayı 169-dan 172-yə yüksəlmiş,elektrik enerjisini 100 faiz bərpa olunan enerji mənbələrindən qarşılamağı hədəfləyən ölkələrin sayı isə 57-dən 61-ə çatmışdır.
Yeni istehsal güclərinin yaradılması hesabına son 25 ildə elektrik enerjisinin istehsalında 4 dəfəyədək artıma nail olunmuşdur. Energetika sahəsində bu müddət ərzində əldə edilmiş uğurların nəticələrini baza dövrü ilə müqayisədə daha dəqiq görmək mümkündür. Belə ki, əgər 1995-ci ildə muxtar respublika üzrə istehsal olunmuş elektrik enerjisinin həcmi 111,3 milyon kilovat-saat (Bunun 111,1 milyon kilovat-saatı Araz SES-də, 0,2 milyon kilovat-saatı isə Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasında istehsal olunmuşdur) təşkil edirdisə, bu göstərici 2019-cu ildə 418,4 milyon kilovat-saat olmuş, onun da 231,7 milyon kilovat-saatı və ya 55,4 faizi alternativ və bərpa olunan enerji mənbələrinin payına düşmüşdür. Əgər 1995-ci ildə muxtar respublikada istehsal olunan adambaşına düşən illik elektrik enerjisi 335,4 kilovat-saat təşkil edirdisə, 2019-cu ildə bu göstərici 3 dəfəyədək artaraq 917,3 kilovat-saat olmuşdur. (Bu dövr ərzində muxtar respublikada əhali sayı 1,4 dəfə, elektrik stansiyalarının sayı 5 dəfə, istehsal olunan elektrik enerjisinin həcmi 4 dəfəyədək artmışdır).
Təkcə 2020-ci ilin ötən 8 ayında istehsal olunmuş elektrik enerjisinin həcmi 283,1 milyon kilovat-saat təşkil etmişdir ki, bu da 1995-ci ilin illik göstəricisindən 2,5 dəfə çoxdur. Cari ilin ötən dövründə istehsal olunmuş elektrik enerjisinin isə 57 faizi alternativ və bərpa olunan enerji mənbələrinin payına düşmüşdür. Qeyd edək ki, dünya üzrə yalnız bir neçə ölkənin enerji sərfində bərpa olunan enerjidən istifadə 50 faizi ötür.

Bu gün artıq əminliklə deyə bilərik ki, muxtar respublikanın enerji təhlükəsizliyi tamamilə yerli istehsal hesabına təmin olunur və bunun da böyük bir hissəsi alternativ və bərpa olunan enerji mənbələri hesabına həyata keçirilir. Əldə edilmiş bu nailiyyətlər isə muxtar respublikanın malik olduğu potensialın son 25 ildə əhalinin rifahı naminə düzgün və səmərəli şəkildə dəyərləndirilməsindən, həmçinin dövrümüzün qlobal çağırışlarına həssaslıqla yanaşmaqdan irəli gəlir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Muxtar respublikada enerji təhlükəsizliyi sahəsində qarşıda duran əsas vəzifə dünya dövlətlərinin də xüsusi diqqət yetirdiyi bərpa olunan enerji ilə təminat işidir. Ona görə də muxtar respublikada günəş enerjisindən, eləcə də mövcud hidroenerji potensialından səmərəli istifadə olunur, dağ çaylarında yeni su elektrik stansiyaları tikilir... Görülən işlərin nəticəsidir ki, artıq muxtar respublikada elektrik enerjisinə olan tələbat yerli istehsal hesabına ödənilməklə yanaşı, həm də ixrac imkanları yaranmışdır.”

Muxtar respublika üçün həyati əhəmiyyət kəsb edən energetika sistemində qazanılmış bu tarixi nailiyyətlər həyata keçirilən müdrik siyasət nəticəsində mümkün olmuşdur. Müdriklik isə fransız imperatoru, görkəmli sərkərdə Napoleon Bonapartın dediyi kimi, çətinlə qeyri-mümkün olanı fərqləndirmək qabiliyyətidir. Bu gün əldə edilmiş tarixi nəticələr bir vaxtlar Naxçıvanın bugünkü vəziyyətini qeyri-mümkün hesab edənlərə inkişafa gedən yolun bir az çətin olduğunu, ancaq taleyini millətin taleyi ilə bağlayan MÜDRİK İNSAN üçün heç də qeyri-mümkün olmadığını sübut edir.

Elçin ƏLİYEV
Naxçıvan Muxtar Respublikası
Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR