Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamı muxtar respublikada dövlət orqanları əməkdaşlarının muzeylərə kollektiv gedişinin təmin olunması ilə yanaşı, həm də qədim oğuz yurdunun tarixi keçmişinin, mədəniyyətinin öyrənilməsində əhəmiyyətli rol oynayır. Dünyada yayılan pandemiyanın qarşısının alınması məqsədilə müvəqqəti olaraq dayandırılan muzey ziyarətləri yenidən bərpa olunub.
Sentyabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının kollektivi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin əməkdaşları Heydər Əliyev Muzeyində olublar. Muzeyin direktoru Ramil Orucəliyev mədəniyyət müəssisəsi barədə ətraflı məlumat verərək bildirib ki, Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncamla yaradılıb və həmin ilin may ayının 10-da fəaliyyətə başlayıb.
Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev 1999-cu il oktyabr ayının 13-də muxtar respublikaya səfəri zamanı muzeyə gələrək buradakı ekspozisiya ilə tanış olub. Ulu öndərin muzeyi ziyarəti zamanı çəkilmiş tarixi fotolar bu gün burada nümayiş etdirilir. Muzeydəki eksponatlar görkəmli dövlət xadiminin ictimai-siyasi fəaliyyətini, keçdiyi şərəfli həyat yolunu özündə əks etdirən kitab, qəzet və jurnallardan, 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və Ali Məclisin Sədri kimi işləyib hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlardan, imzalanmış protokol və müqavilələrdən, məktub və teleqramlardan, istifadə etdiyi xatirə əşyalarından, ulu öndərin şərəfinə toxunmuş xalçalardan, çəkilmiş portretlərdən, tarixi fotolardan və sənədli filmlərdən ibarətdir. Muzeydə zəngin fond materialları, orijinal sənədlər və eksponatlarla dahi rəhbərin mənalı həyatı, xalqımızın rifahı, xoş gələcəyi naminə siyasi fəaliyyətinin ayrı-ayrı dövrləri, mərhələləri işıqlandırılıb. Dahi şəxsiyyətin muzeylərə sığmayan zəngin ömür yolunu əks etdirən dəyərli ekspozisiyada ulu öndərimizin uşaqlıq və gənclik dövrü, təhsil illəri, ilk əmək fəaliyyəti, 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyinin birinci dövrü, Moskvada çalışdığı və yaşadığı dövr, Naxçıvana qayıdışı, muxtar respublikaya rəhbərlik etdiyi illər, müstəqil Azərbaycanın memarı kimi fəaliyyəti dövrü zəngin materiallarla nümayiş etdirilir.
Vurğulanıb ki, 420 eksponatla fəaliyyətə başlayan muzeyin fondunda hazırda 4391 eksponat vardır ki, onun da 2997-si kitabxana və ekspozisiyada nümayiş olunur. Dəyərli eksponatlar onu seyr edən hər kəsin qəlbində dərin iz qoyur, yüksək təəssürat yaradır. Dahi şəxsiyyətin şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, o cümlədən gənc nəsil üçün əsl həyat məktəbidir. Xalqımızın müqəddəs ziyarətgahına çevrilmiş muzey ulu öndərimizin dövlətçilik, Azərbaycançılıq, vətənpərvərlik ideyalarını təbliğ edərək gəncləri dahi öndər Heydər Əliyev kimi xalqa, Vətənə və dövlətə sədaqətli olmağa çağırır. Burada nümayiş etdirilən eksponatlar dahi şəxsiyyətin dövlətçilik və siyasi fəaliyyətinin öyrənilməsində, onun mənalı həyatı, zəngin və çoxşaxəli fəaliyyəti barədə faktların gənc nəslə çatdırılmasında böyük rol oynayır. Heydər Əliyev Muzeyindəki hər bir eksponat ayrı-ayrılıqda elmi-tədqiqat mövzusudur. Həmin eksponatlar yaradıcı insanlara ilham mənbəyi bəxş edir, elm adamları üçün isə dəyərli məlumatlar toplusudur. Ötən illər ərzində burada ümummilli lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti ilə bağlı aidiyyəti təşkilatlarla birgə elmi konfranslar keçirilib, muzeyə məktəblilərin və tələbələrin ekskursiyaları təşkil olunub, onlar üçün lektoriyaların və açıq dərslərin keçilməsi diqqətdə saxlanılıb.
Qeyd edək ki, sentyabrın 19-da muxtar respublikanın şəhər və rayon İcra hakimiyyətlərinin, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının, onların şəhər və rayonlardakı idarə, müəssisə və təşkilatlarının əməkdaşları da muzeyləri ziyarət ediblər.
Nail ƏSGƏROV