Naxçıvan Muxtar Respublikası Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin birgə təşkilatçılığı ilə səhiyyə işçiləri üçün əmək yarmarkası keçirilib.
Səhiyyə naziri Niyazi Novruzov tədbirdə çıxış edərək səhiyyə sistemində aparılan quruculuq işlərindən, həyata keçirilən islahatlardan danışıb. Bildirilib ki, son illər səhiyyənin inkişafında, tibbi xidmətin yüksək səviyyədə aparılmasında, tibbi kadrların hazırlanmasında müəyyən uğurlar əldə olunub
Qeyd edilib ki, muxtar respublikada tibbi kadrlara olan tələbatın ödənilməsi məqsədilə Naxçıvan Dövlət Universitetində ali, Naxçıvan Tibb Kollecində isə orta ixtisas təhsilli tibbi kadr hazırlığı aparılır.
Səhiyyədə gedən islahatlar çərçivəsində əhaliyə göstərilən tibbi xidmətin gücləndirilməsi məqsədilə şəhər və rayonlarda müasir tibb avadanlıqları və texnika ilə təchiz edilmiş yeni səhiyyə müəssisələri istifadəyə verilib, fəaliyyətdə olan tibb müəssisələrində əsaslı təmir işləri aparılıb. Muxtar respublikada səhiyyə sisteminin yenidən qurulması xidməti keyfiyyətcə daha da yaxşılaşdırıb, icbari tibbi sığortanın tətbiqində uğurlar qazanılıb. Pandemiya dövründə səhiyyə işçilərinin fədakarlığı muxtar respublikada əhalinin sağlamlığının qorunmasında mühüm əhəmiyyət kəsb edib.
Nazir kənd yerlərindəki səhiyyə müəssisələrində yeni əmək fəaliyyətinə başlayan gənc mütəxəssislər üçün güzəştlər və stimullaşdırıcı tədbirlərdən də danışıb, işlə təmin olunacaq gənc məzunlara uğurlar arzulayıb.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev bildirib ki, həyata keçirilən quruculuq tədbirləri, yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun təmin olunması və sosial müdafiəsinin gücləndirilməsinə əlverişli zəmin yaradır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təsdiq etdiyi “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası üçün əmək bazarı müntəzəm təhlil edilir və nəticələrə uyğun şəkildə müxtəlif ixtisaslar üzrə peşə kursları təşkil olunur, əmək yarmarkaları keçirilir. Həmçinin sosial qayğıya ehtiyacı olan ailələr müəyyənləşdirilərək özünüməşğulluq proqramına cəlb edilir və onlar seçdiyi sahə üzrə zəruri vəsaitlərlə təmin olunur. Nəticədə, muxtar respublika əhalisinin sayının və yaşayış üzrə ehtiyac meyarının artmasına baxmayaraq, sosial yardım almaq üçün müraciət edən şəxslərin sayında ildən-ilə azalma müşahidə edilir.
Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin Müalicə işi ixtisası üzrə builki məzunu, işaxtaran Bənövşə Qasımova gənc kadrların işlə təminatında əmək yarmarkalarının əhəmiyyətindən danışıb, görülən bu işləri, yaradılan şəraiti muxtar respublikada əhalinin sosial rifahına yönələn hərtərəfli dövlət qayğısının parlaq ifadəsi kimi dəyərləndirib. O, yaradılan hərtərəfli şəraitə görə və tədbir iştirakçıları adından dövlətimizə minnətdarlığını bildirib.
Sonra işaxtaranlar əmək yarmarkasında boş iş yerləri ilə tanış olublar. Yarmarkada həkimlər üçün 463, orta tibb işçiləri üçün isə 77, bütövlükdə, 540 vakant yer təklif edilib.
Yarmarkada 30 həkim və 37 tibb bacısı olmaqla, 67 nəfər işə göndəriş alıb.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin
mətbuat xidməti