Müstəqil Azərbaycanda növbəti prezident seçkiləri də uğurla başa çatdı. Xalqımız növbəti dəfə böyük müdriklik, uzaqgörənlik və yekdillik nümayiş etdirərək cənab İlham Əliyevə səs verdi. Yüksək fəallıq və mütəşəkkilliklə səciyyələnən, əsl demokratiya və şəffaflıq şəraitində keçirilən bu seçkilərdə cənab İlham Əliyevi yenidən dövlət başçısı seçməklə xalqımız həm ulu öndər Heydər Əliyevin siyasi xəttinə əbədi sədaqətini, sarsılmaz inamını bir daha qətiyyətlə nümayiş etdirdi, həm də cənab İlham Əliyevin son on ildə ölkə Prezidenti kimi bu kursun yüksək səviyyədə və layiqincə davamı istiqamətində misilsiz işlər görməklə Azərbaycanı qələbədən qələbəyə apardığını, genişmiqyaslı yüksəlişə qovuşdurduğunu minnətdarlıqla nəzərə alaraq, növbəti beş il üçün də taleyini ona etibar etdi.
2003-cü və 2008-ci illərdə xalqın iradəsi, tükənməz məhəbbəti və böyük dəstəyi ilə Prezident seçilən möhtərəm İlham Əliyev keçən müddət ərzində ölkəmizə hərtərəfli və ardıcıl nailiyyətlər qazandırmışdır. Ötən on il müstəqil Azərbaycanda böyük quruculuq və tərəqqinin yeni mərhələsi olmaqla ümummilli liderimiz Heydər Əliyev ideyalarının uğurlu davamı kimi əbədiləşmiş, ulu öndərimizin hələ 1 oktyabr 2003-cü il tarixdə xalqımıza müraciətində cənab İlham Əliyevə ifadə etdiyi inam və etibarın möhtəşəm təntənəsinə çevrilmişdir: “O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir... İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Tarixin əsrlərlə, min illərlə ölçülən yaşı müqabilində on il çox qısa zaman kəsiyidir. Lakin bu müddət ərzində cənab İlham Əliyevin müdrik və məqsədyönlü fəaliyyəti sayəsində müstəqil Azərbaycan siyasi, sosial, iqtisadi və mədəni həyatın bütün sahələrində heyrətamiz yüksəlişə, fundamental tərəqqiyə qovuşmuş, dünya dövlətləri sırasında inkişaf tempinə görə öncül mövqeyə keçmişdir. Ölkə Prezidenti cənab İlham Əliyevin vurğuladığı kimi: “Bizim iqtisadi göstəricilərimiz dünya miqyasında ən gözəl göstəricilərdir. Bizim iqtisadi inkişafımız dünya miqyasında ən sürətlidir. Təkcə son 10 ilin yekunlarına baxmaq kifayətdir. Azərbaycanda yaşanan inkişaf dünyada çox nadir hallarda müşahidə edilir – həm siyasi, iqtisadi, həm energetika, mədəniyyət sahələrində”.
Son beş ildə planetimizin əksər ölkələrində, o cümlədən dünya birliyinin aparıcı dövlətlərində iqtisadiyyat güclü böhrana, geriləməyə məruz qaldığı, əhalinin sosial rifah halının ciddi şəkildə pisləşdiyi, milyonlarla insan iş yerlərini itirdiyi halda, Azərbaycanda dinamik inkişaf, iqtisadi yüksəliş davam etmiş, çoxsaylı və müxtəliftəyinatlı infrastruktur layihələri uğurla reallaşdırılmış, yüz minlərlə yeni iş yerləri açılmış, əməkhaqları dəfələrlə artırılmışdır. Çəkilən rahat yollar, tikilən körpülər, abadlaşan yaşayış məntəqələri, istifadəyə verilən yeni zavodlar, fabriklər, istehsalat kompleksləri, genişlənən müasir xidmət sahələri heyrətamiz yüksəlişdən, mükəmməl tərəqqinin böyük miqyasından soraq verir. Təkcə elə onu xatırlatmaq kifayətdir ki, 2003-2013-cü illərdə Azərbaycanın dövlət büdcəsi 19 dəfə, iqtisadiyyatı real ifadədə 3,4 dəfə artmış, ölkədə 1,2 milyon yeni iş yeri açılmışdır. Bu müddətdə əhalinin gəlirləri 6,9 dəfə, əməkhaqları 6,3 dəfə, pensiyalar 8,6 dəfə yüksəlmişdir. Ölkəmiz kosmosa yol açaraq özünün telekommunikasiya peykini orbitə buraxmışdır. Bu gün Azərbaycan başdan-başa yeni texnologiyaların geniş və effektiv tətbiqi meydanına çevrilmişdir. Böyük uğurla həyata keçirilən enerji layihələri və siyasəti Azərbaycanı dünyada nüfuz və mötəbər söz sahibinə çevirmişdir. Həmçinin digər sektorların inkişafına da xüsusi diqqət yetirilmiş, nəticədə, ölkəmiz hərtərəfli və sürətli yüksəlişdə olan bir dövlət kimi şöhrətlənmişdir. Ölkədə qanunların aliliyi təmin edilmiş, hüquqi-demokratik dövlət quruculuğu istiqamətində ciddi yüksəlişə nail olunmuş, vətəndaşların hüquq və azadlıqlarının qorunması sahəsində mühüm işlər görülmüş, sağlam, şəffaf cəmiyyət formalaşdırılmışdır. Dövlətimizin beynəlxalq imici və mövqeləri daha da qüvvətlənmişdir. Təkcə elə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini xatırlatmaq kifayətdir ki, ölkəmizin dünya miqyasında böyük nüfuzu göz önünə gəlsin. Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həlli istiqamətində yürüdülən konseptual xarici siyasət, beynəlxalq iqtisadi əlaqələrin genişlənməsi, dünya azərbaycanlılarının həmrəyliyinin, eləcə də ölkədə vətəndaş birliyinin daha da qüvvətlənməsi, mədəni tərəqqi, mükəmməl ordu quruculuğu və digər sahələrdə görülən qlobal işlər də müdrik Prezidentimizin yorulmaz fəaliyyətində daim diqqət mərkəzindədir.
Fərəh və qürurla qeyd edirik ki, artıq bu gün dünyanın müxtəlif ölkələrində inkişafın Azərbaycan modelindən qibtəylə danışılır, bu yöndə toplanılmış təcrübədən istifadə imkanları barədə tez-tez söz açılır. Bütün bunlar isə ölkə Prezidenti cənab İlham Əliyevin ulu öndər Heydər Əliyev ideyaları işığında ölkəmizi yeni müvəffəqiyyətlərə qovuşdurmasının, uca zirvələrə çatdırmasının parlaq təzahürləri sırasındadır.
Xalqımızın belə bir müdrik deyimi var: “Görünən dağa bələdçi lazım deyil”. Bu mənada cənab İlham Əliyevin misilsiz fəaliyyətinin miqyas və mahiyyətini sadalamağa ehtiyac yoxdur. Çünki Prezidentimiz ötən illər ərzində öz müdrik rəhbərliyi ilə hər bir vətəndaşın sevgisini qazanmış, xalqın daha firavan yaşaması, Vətənin, millətin və dövlətin tərəqqisi üçün ciddi işlər həyata keçirmişdir. Hələ 2003-cü ildə Prezident kimi fəaliyyətə başlayanda cənab İlham Əliyev bəyan etmişdi: “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam, hər bir Azərbaycan vətəndaşının qayğı və problemlərinin həlli yolunda bütün bacarıq və qabiliyyətimi əsirgəməyəcəyəm!” Bütün bunlar 2013-cü ilin 9 oktyabrında keçirilmiş prezident seçkilərində xalqımızın birmənalı şəkildə möhtərəm İlham Əliyevi qətiyyətlə dəstəkləməsini şərtləndirdi. Bu da təsadüfi deyil, çünki xalq Heydər Əliyev yolunun, onu səadətə qovuşduran bu siyasətin davamını istəyir.
Ötən illər ərzində Naxçıvan Muxtar Respublikasında da ulu öndər Heydər Əliyev siyasi kursunun uğurla davam etdirilməsi sayəsində cəmiyyət həyatının bütün sahələrində heyrətamiz nailiyyətlərin qazanılması qədim Naxçıvanı əsl intibaha qovuşdurmuşdur. Möhtəşəm yüksəlişin ifadəsi olan çoxsaylı faktlardan bəzilərinə nəzər salaq. 2003-2013-cü illərdə Naxçıvan Muxtar Respublikasında iqtisadiyyat real ifadədə 12,5 dəfə artmış, sənaye sahəsində 45,4 dəfə, kənd təsərrüfatında 4,5 dəfə, tikinti sektorunda 14,2 dəfə, informasiya və rabitə sektorunda 9,7 dəfə, xarici ticarət dövriyyəsində 12,2 dəfə artım olmuşdur. 50 körpü, 797 kilometr uzunluğunda yeni avtomobil yolları, 7,3 min kilometrlik qaz kəmərləri çəkilmişdir. Təhsilə yönəldilən xərclər 5,1, elmin inkişafına sərf olunan xərclər 10, səhiyyə xərcləri 5,5 dəfə artmışdır. 84 ümumtəhsil məktəbi, 11 məktəbəqədər təhsil müəssisəsi, 21 xəstəxana, 60 ambulatoriya-poliklinika müəssisəsi tikilib istifadəyə verilmişdir. Muxtar respublikada son on ildə əhalinin sosial müdafiəsi və təminatına çəkilən xərclər 55,1 dəfə, əhalinin gəlirləri 9,5 dəfə, əməkhaqqı 9,5 dəfə yüksəlmişdir. Əhalinin məşğulluq probleminin həlli istiqamətində də ciddi işlər görülmüş, 58 min 460 yeni iş yeri açılmışdır. Heyrətamiz və hərtərəfli yüksəlişdən soraq verən belə faktlar minlərlədir.
Beləliklə, 9 oktyabrda ölkəmiz uğurların davam və inkişaf edəcəyi növbəti mərhələyə doğru inamlı addım atmışdır. 9 oktyabrda xalqımız növbəti dəfə düzgün seçimini edərək XXI əsrin dünya liderləri sırasında xüsusi mövqeyə malik böyük şəxsiyyət, qüdrətli siyasətçi, əsl rəhbər İlham Əliyevi Prezident seçmişdir. Bu seçim Vətənimizin və xalqımızın bundan sonrakı tərəqqisinin əsl təminatı və qarantıdır, Heydər Əliyev yolu ilə inamla, qətiyyətlə irəliləyən müstəqil Azərbaycanın daha da yüksəlişinin yeni müjdəsidir! Ölkə Prezidenti cənab İlham Əliyevin seçkilərdən sonra xalqa müraciətində qeyd etdiyi kimi: “Azərbaycan xalqı bu seçkilərdə azad, şəffaf şəkildə öz iradəsini ortaya qoydu. Azərbaycanda keçirilən prezident seçkiləri demokratiyanın təntənəsidir. ...Azərbaycan xalqı bu seçkilərdə son on il ərzində görülən işlərə öz yüksək qiymətini verib… Gələcək inkişafımızla bağlı məndə və əminəm ki, sizdə heç bir şübhə yoxdur. Azərbaycan bundan sonra da inamlı inkişaf dövrünü yaşayacaq… Bir daha sizi əmin etmək istəyirəm ki, var gücümlə doğma xalqımızın rifahı, dövlətimizin möhkəmləndirilməsi üçün çalışacağam. Biz birlikdə hələ böyük qələbələrə imza atacağıq!”
Hüseyn HƏŞİMLİ
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, filologiya elmləri doktoru,
Əməkdar elm xadimi