XX əsrin əvvəllərində Azərbaycan şimal və cənub hissələrə parçalanmış, türk millətinin böyük bir hissəsi İran-fars rejiminin əsarəti altında yaşamaq məcburiyyətində qalmışdır. Cənubda milli dil və mədəniyyətləri qadağan edilmiş Azərbaycan türklərinin vəziyyəti Şimali Azərbaycan xalqını düşündürən ən mühüm məsələlərdən birinə çevrilmişdir. Bu tarixi ədalətsizliklə ikiyə parçalanan Azərbaycan xalqı yalnız siyasi müstəvidə deyil, ədəbi kulturoloji sferada da bütövlüyünü itirmiş, bu da nəticə etibarilə söz sənətinin bir-birindən ayrı iki fərqli məkanda yaranmasına gətirib çıxarmışdır. Həmin dövrdən etibarən bu məsələ Azərbaycan ədəbi və elmi mühitinin aktual mövzularından biri olmuş, bu istiqamətdə çoxsaylı bədii əsərlər yazılmaqla bərabər, Azərbaycan elminin də başlıca tədqiqat obyektinə çevrilmişdir.
Naxçıvan elmi mühitində də bu istiqamətdə tədqiqatlar aparılmış, Cənubi Azərbaycan mövzusundakı araşdırmaların əsas istiqaməti cənublu ədəbi simaların mühiti, həyatı və ədəbi irsi, Cənubi Azərbaycanda anadilli mətbuat, Azərbaycan dilinin cənub qoluna məxsus şivələr, toponimlər və onların müqayisəli təhlili, Cənubi Azərbaycan ədəbiyyatının tədrisi məsələlərinə yönəldilmiş, bir sıra əhəmiyyətli elmi nəticələr əldə edilmişdir. Cənubi Azərbaycan mövzusu istiqamətində Naxçıvan elmi mühitində tədqiqat aparan elm adamları sırasında akademik İsa Həbibbəyli, filologiya elmləri doktorları Yavuz Axundlu, Fərman Xəlilov, Hüseyn Həşimli, Qalibə Hacıyeva, Əsgər Qədimov, filologiya üzrə fəlsəfə doktorları Nəzakət İsmayılova, Xanəli Kərimli, Əli Qəhrəmanov və başqalarının xidmətləri böyükdür. Onlar həm Naxçıvanın Cənubi Azərbaycanla ədəbi-mədəni və elmi əlaqələrinin yaranmasında fəal iştirak etmiş, həm də qələmə aldıqları məqalə, oçerk, kitab və monoqrafiyalarla Cənubi Azərbaycan filologiyasının bəzi problemlərinin öyrənilməsində əhəmiyyətli rol oynamışlar.
Cənublu ədəbi simaların mühiti, həyatı və ədəbi irsi istiqamətində Naxçıvan elmi mühitində bir sıra əhəmiyyətli elmi araşdırmalar həyata keçirilmişdir. Cənubda yaşayan söz sənətkarlarının yaradıcılığının tədqiqi prof. H.Həşimlinin elmi araşdırmalarında da mühüm yer tutmaqdadır. Alim Cənubi Azərbaycandan olan nakam taleli şairimiz Səid Səlmasi haqqında ilk sistemli və əhatəli tədqiqat işinin müəllifi kimi bir sıra elmi araşdırmalarını bu mövzuya həsr etmişdir. Onun “Fədakar vətəndaş, novator şair”, “Nəzirə sonetə nəzirə, yaxud Əhməd Kamal və Səid Səlmasi”, “Romantik şair Səid Səlmasinin təvəllüd tarixi və tərcümeyi-halının Bakı dövrü barədə bəzi qeydlər”, “Səid Səlmasinin publisistikası”, “Müasirləri Səid Səlmasi haqqında”, “Nazire soneye nazire, yahud Ahmet Kemal ve Seit Selmasi” elmi məqalələri bu istiqamətdədir. Alimin məqalələrində S.Səlmasinin ömür yolu, ədəbi və publisistik əsərləri, müasirlərinin ona münasibəti konkret faktlarla araşdırılaraq ədəbi-elmi ictimaiyyətə təqdim olunmuşdur. Onun Təbrizdə “Körpü” jurnalında dərc olunan “Fədakar vətəndaş, novator şair” məqaləsində S.Səlmasinin ömür yolu və yaradıcılığının əsas məqamları şərh edilmişdir. Məqalədə Səlmasinin 15-16 yaşlarında Arazın şimalına üz tutaraq Məhəmməd Hadi və Əliqulu Qəmküsarla tanışlığı, bir müddət Bakıda yaşayıb fəaliyyət göstərməsi, Avropadan avadanlıqlar gətirdərək Təbrizdə “Ümidi-tərəqqi” adlı mətbəə yaratması, Səlmasda yeni tipli “Səidiyyə məktəbi” təşkil etməsi, “Şəfəq” qəzetinin nəşri istiqamətdə çalışması kimi məqamlar gənc Səlmasinin Vətənin tərəqqisi naminə çoxşaxəli fəaliyyətinin göstəricisi kimi dəyərləndirilmişdir. Gənc şairin bir əlində silah, bir əlində qələm Səttarxan hərəkatında iştirak etməsi, 1909-cu ildə döyüşlərin birində aldığı yaradan həyatla vidalaşması, bu ağır itkinin ədəbi mühitdə də böyük kədərlə qarşılanması, bu münasibətlə M.Hadi və Ə.Qəmküsarın mətbuatda dərc etdirdikləri şeir və məqalələri haqqında da yazıda geniş məlumat verilmişdir. S.Səlmasini istedadlı şair və publisist, Cənubi Azərbaycanda sonet janrının ilk və uğurlu nümunələrini yaradan biri kimi qiymətləndirən alim, Səlmasinin “Füyuzat” dərgisinin müxtəlif nömrələrində dərc olunan “Etmə israr”, “Xəyali-mənfur”, “Ləyaliyi-iztirar”, “Farsca ilk sonet” kimi sonetlərinin geniş və əhatəli təhlili əsasında belə qənaətə gəlmişdir ki, “Səid Səlmasi həm fədakar vətəndaş kimi mübarizələrlə dolu, fəqət qısa ömür sürmüş, həm də İran Azərbaycanında poeziyanın janr baxımından yeniləşməsində novator şair kimi əhəmiyyətli rol oynamışdır”. H.Həşimli gənc şairin sonet janrına müraciətini isə “Nəzirə sonetə nəzirə, yaxud Əhməd Kamal və Səid Səlmasi” məqaləsində ətraflı şərh etmiş, Qərb mənşəli lirik janrlardan olan sonetin Osmanlı ədəbiyyatında geniş yayılması və “Füyuzat”, “Şəlalə”, “Yeni füyuzat” kimi mətbuat orqanlarında dərc olunması ilə Azərbaycan ədəbiyyatında da işləklik qazanması barədə məlumat vermiş, bu cəhətdən bir müddət Bakıda yaşayıb fəaliyyət göstərən Osmanlı ədibi Əhməd Kamalın rolunu xüsusi qeyd etmişdir. “Füyuzat” jurnalının 1907-ci ildəki 18-ci sayında Ə.Kamalın “Gözəlim, açma maziyi” sonetinin dərcindən sonra növbəti nömrədə S.Səlmasinin “Etmə israr” sonetinin dərc olunması yeni janrda yazılan bu əsərin müsbət əks-sədası kimi qiymətləndirilmiş, S.Səlmasinin bu şeirinin “müəyyən bir sonetə poeziyamızda yazılmış ilk nəzirə” kimi əhəmiyyəti diqqətə çatdırılmışdır.
H.Həşimli bu istiqamətdəki tədqiqatlarını daha bitkin formada 2013-cü ildə “Səid Səlmasi” monoqrafiyasının nəşri ilə yekunlaşdırmış, ötən əsrin əvvəllərində Güney Azərbaycanda elmin, maarifin, mədəniyyətin tərəqqisi, yüksəlişi istiqamətində çoxşaxəli tədbirlər həyata keçirmiş, məktəblər, mətbəələr açmış, mətbuat orqanları nəşr etdirmiş, həmçinin Səttarxan hərəkatında, hürriyyət uğrunda mübarizələrdə çox yaxından iştirak etmiş, fədai şair kimi şöhrətlənmiş S.Səlmasinin həyat və yaradıcılıq yolunu zəngin materiallar əsasında ilk dəfə sistemli tədqiqata cəlb etmişdir. Şair-publisist, azadlıq mücahidi Səid Səlmasi haqqında yazılan monoqrafiyanın elmi dəyərini artıran ən mühüm cəhət isə müəllifinin də qeyd etdiyi kimi, “kitab hazırlanarkən mövzu ilə əlaqədar son yüz ildən artıq dövrə aid mətbuat materialları, ədəbi, elmi qaynaqları araşdırılmış, Azərbaycanla yanaşı, İran, Türkiyə və Rusiyada nəşr olunmuş müvafiq əsərlərə müraciət olunmuş, bir sıra məsələlər ilk dəfə aydınlaşdırılmış, yaxud dəqiqləşdirilmişdir”. Monoqrafiyanın “Məslək fədaisinin ömür səhifələri, mühiti, müasirləri” bölməsində S.Səlmasinin təvəllüd tarixi, doğulduğu yer, ailə və təhsil mühiti, mühitdəki əlaqələri, səyahətləri, maarifçi kimi fəaliyyəti, Səttarxan hərəkatında iştirakı, siyasi-inqilabi fəaliyyəti və əlaqələri, ölümü ilə bağlı məqamlar, müasirlərinin onun haqqındakı fikirləri konkret qaynaqlar əsasında geniş şərh olunmuş, onun ömür yolu ilə bağlı əksər qaranlıq məqamlara aydınlıq gətirilmişdir. Monoqrafiyada S.Səlmasinin inqilabi fəaliyyəti daha geniş tədqiq edilmiş, Səttarxan hərəkatının fəal nümayəndələrindən biri kimi siyasi mübarizələrdə iştirakı, 14 nəfərdən ibarət azadixahlar özəyi təşkil etməsi, Türkiyədəki “İttihad və tərəqqi” cəmiyyəti və gənc türklər hərəkatı ilə inqilaba yardım məqsədilə əlaqələr saxlaması və 1909-cu il döyüşlərinin birində həlak olması kimi məqamlar mənbələr əsasında təhlil edilmişdir. Səlmasinin vəfatının Azərbaycan, İran və Türkiyədə çox böyük əks-səda doğurması isə mətbuatda dərc olunan materiallardan aydın olur ki, bu materialların əksəriyyəti H.Həşimli tərəfindən ilk dəfə tədqiqata cəlb olunmuşdur. M.Qənizadə, “Ə.T.”, “Culfalı”, “Ə.F.” imzalı müəlliflər, M.Abdullayev, Ə.Qəmküsar, axund Y.Talıbzadə, Ə.Müznib, M.Hadi, Ə.Hüseynzadə, M.S.Ordubadi, M.M.Sabit, A.Sur, S.Mümtaz, M.Paşayev, M.Cəfərov, M.Müsəddiq, C.Xəndan, Z.Əkbərov, İ.Cəfərpur, M.Aslanov, İ.Ağayev, N.Rizvan, K.Əliyev, Ş.Vəliyev kimi şair, publisist, ədəbiyyatşünasların S.Səlmasi haqqında müxtəlif mətbuat orqanlarında dərc etdirdikləri materialları alimin gərgin zəhməti sayəsində əldə edilmiş və geniş elmi ictimaiyyətə təqdim olunmuşdur.
Alimin tədqiqatında S.Səlmasinin yaradıcılığı da geniş təhlil olunmuşdur. “Romantik şairin lirikası” bölməsində şairin ilk qələm təcrübələri, inqilabi ruhlu şeirlərinin təhlili yer almış, xüsusilə də Türkiyə və Rusiya vasitəsilə Avropa ənənələri ilə tanışlığı nəticəsində sonet janrının Azərbaycan ədəbiyyatında ilk nümunələrini yaratması və ədəbiyyatımızın Şərq-Qərb kontekstində zənginləşməsində, o cümlədən janr-üslub baxımından təkamülü və novatorluğunda onun özünəməxsus xidmətləri geniş şərh olunmuşdur. Alim S.Səlmasini Azərbaycan ədəbiyyatında Avropa poetik ənənələrinə müraciət edən, Avropa poeziyasına xas olan qapalı qafiyə sistemini sınaqdan çıxaran, şeirin bədii strukturunda anjambemandan istifadə edən ilk şairlərimizdən biri kimi təqdim etmiş və bunun konkret nümunələr, mənbələr, faktlar əsasında elmi tədqiqinə nail olmuşdur. Qapalı qafiyə sisteminin XX əsrin əvvəllərində yaşayıb-yaradan H.Cavid, M.Hadi, A.Şaiq, Ə.Səbur kimi romantiklərin də yaradıcılığında rast gəlindiyini vurğulayan alim bu qafiyə modelini (abba, qddq, mppm) Səlmasinin “Füyuzat” jurnalında dərc olunan “Etmə israr” şeirinin təhlili əsasında geniş şərh etmişdir. H.Həşimli Səlmasinin “Xəyali-mənfur” sonetini Azərbaycan ədəbiyyatında bu janrda yazılan ilk nümunə kimi dəyərləndirmiş, bu janra ən çox müraciət edənin isə şair Ə.Səbur olduğunu nəzərə çatdırmışdır. Alim tədqiqatında sonet janrının tarixinə də nəzər salmış, yeddi yüz əlli ildən çox tarixi olan bu janrın ilk nümunələrinin İtaliya ədəbiyyatında Yakopo da Lentini tərəfindən yaradıldığını, italyan və ingilis soneti adlı iki struktur modelinin daha geniş yayıldığını, ingilis sonetinin yaradıcısının H.Serrey, bu janrı zirvəyə qaldıranın isə V.Şekspir olduğunu, populyar bir janr kimi Amerika və Avstraliya ədəbiyyatlarında, həmçinin Şərq xalqlarının poeziyasında da geniş yayıldığını nəzərə çatdırmışdır. “Xəyali-mənfur” soneti ilə bağlı geniş təhlil aparan müəllif əhəmiyyətli bir məqama da toxunmuşdur: “O vaxta qədərki Azərbaycan poeziyasında, demək olar ki, təsadüf edilməyən yeni bir poetexnik xüsusiyyət-şeirin bədii strukturunda anjambemandan istifadə ilk dəfə məhz həmin sonetdə qeydə alınır ki, bu da bilavasitə Qərb ədəbi ənənələri ilə bağlıdır”. Poeziyamızda anjambemana müraciət barədə ilk dəfə məlumat verən alim anjambemanın mahiyyəti və əsas təzahür formaları barədə də geniş təhlillər aparmış, dünya ədəbiyyatşünaslığındakı müxtəlif təsnifat və yanaşmalar əsasında anjambemanın heca, misra və bənd növləri üzrə qruplaşdırılması qənaətinə gəlmişdir. S.Səlmasinin “Xəyali-mənfur” sonetində isə anjambemanın həm bənd, həm də misra keçid növlərindən istifadə olunmasını, ümumilikdə isə poeziyamızda misra keçid növünün kütləviləşdiyini müxtəlif nümunələr əsasında şərh etmişdir.
Alim Naxçıvan-Cənubi Azərbaycan əlaqələrinin inkişafı istiqamətində də səylə çalışmış, Cənubi Azərbaycanda nəşr olunan “Körpü” jurnalında məqalə dərc etdirməklə bərabər, Naxçıvan Dövlət Universitetində 2016-cı ildə keçirilən “Şəhriyar yaradıcılığında müasirlik” adlı konfransda “Məhəmmədhüseyn Şəhriyar və klassik Azərbaycan ədəbiyyatı” məqaləsi ilə çıxış etmişdir. Məqalədə M.Şəhriyarın Azərbaycan və fars şairləri ilə yaradıcılıq əlaqələrindən bəhs olunmuş, əsərlərində bir sıra klassik Azərbaycan ədiblərinin irsindən yaradıcı şəkildə bəhrələnməsi diqqətə çatdırılmışdır. Nəbati, Şükuhi, Ləli, Nizami Gəncəvi, Xaqani Şirvani, Məhəmməd Füzuli, Saib Təbrizi, Molla Pənah Vaqif, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir kimi ədiblər Şəhriyarın bəhrələndiyi klassiklərimiz kimi təqdim olunmuşdur.
Nəticə olaraq belə qənaətə gələ bilərik ki, Naxçıvan elmi mühitində Cənubi Azərbaycan mövzusunda həyata keçirilən çoxsaylı araşdırmalar içərisində prof. H.Həşimlinin tədqiqatları öz elmi yeniliyi və aktuallığı ilə diqqət çəkir. Alimin gərgin əməyi sayəsində nakam taleli şairimiz S.Səlmasinin həyat və yaradıcılıq yolu sistemli şəkildə araşdırılmış, əsərlərinin əksəriyyəti ilk dəfə üzə çıxarılaraq ədəbi-elmi ictimaiyyətə təqdim olunmuşdur. Bu baxımdan alimin tədqiqatı cənubda yaşayan söz sənətkarlarımıza həsr olunan əhəmiyyətli araşdırma və mənbə kimi öz aktuallığını hər zaman qoruyub saxlayacaq.
Sahab ƏLİYEVA
AMEA Naxçıvan Bölməsi,
Elmi Kitabxanasının direktoru