Blokadadan möhtəşəm tərəqqiyə doğru
Uzun illər blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafına göstərilən diqqət və qayğının əsası müstəqil Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur.
Naxçıvan Muxtar Respublikasında naxçıvanlılarla birgə çətin şəraitdə yaşayan ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə 1991-ci ilin sentyabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildi və gərgin fəaliyyəti sayəsində bölgəni ağır vəziyyətdən xilas etdi. Onun rəhbərliyi ilə həyata keçirilən tədbirlərin əsas istiqamətlərini siyasi sabitlik, iqtisadi potensiladan səmərəli istifadə, xarici ticarət və əməkdaşlıq əlaqələrinin gücləndirilməsi təşkil edirdi.
Blokadanın doğurduğu ilk və ən böyük təhlükə qismində ərzaq çatışmazlığı problemlərinin həlli və məşğulluğun səmərəli təşkili məqsədilə aqrar islahatlara ilk dəfə məhz həmin dövrdə başlanılmışdır. Ümumilikdə isə həmin illərdə Naxçıvanda təməli qoyulmuş çoxşaxəli islahatların sonrakı illərdə də diqqətdə saxlanılması, Heydər Əliyev ideyalarına dönmədən əməl olunması uğurlarımızı şərtləndirən başlıca amildir.
Məqsədyönlü fəaliyyət nəticəsində, ilk növbədə, muxtar respublikamızın hərtərəfli tərəqqisində mühüm amil olan ictimai-siyasi sabitlik qorunub saxlanılmışdır. Bütün iqtisadi fəaliyyət sahələrində sürətli inkişafa rəvac verən səmərəli iqtisadi siyasət muxtar respublikamızda tarazlı və davamlı inkişaf üçün başlıca amil olmuş, şəhər və rayonlarımızda canlanma yaranmış, iş adamlarının normal fəaliyyəti üçün əlverişli biznes mühiti formalaşdırılmış, yeni təsərrüfat subyektlərinin fəaliyyəti sahəsində işsizlik səviyyəsi sıfra enmişdir. Muxtar respublikamızın mərkəzində olduğu kimi, rayonlarımızda, hətta ucqar kəndlərimizdə belə, nəqliyyat-kommunikasiya sistemlərinin bərpası, elektrik enerjisi, rabitə, qaz, su təminatı kimi sosial məsələlərin həlli, müasir informasiya texnologiyalarının tətbiqi sosial-iqtisadi və mədəni-intellektual yüksəlişə zəmin yaratmışdır. Mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına, istehsal müəssisələrinin fəaliyyətinin daha da genişləndirilməsinə, ixracyönümlü məhsul istehsalının stimullaşdırılmasına, yeni sahibkarlıq növlərinin inkişafı yolu ilə əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına, məşğulluq səviyyəsinin, xüsusilə gənclərin faydalı əmək məşğulluğunun artırılmasına və ümumilikdə, muxtar respublika iqtisadiyyatının dinamik inkişafına nail olunmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi alternativsiz strategiyaya əsaslanan ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində Naxçıvan Muxtar Respublikası artıq inkişafın keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur. Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra cənab İlham Əliyevin muxtar respublikamıza etdiyi ardıcıl səfərlərdəki dərin məzmunlu nitqlərində də ölkə rəhbərinin blokadada olan bir diyarda möhtəşəm quruculuğa şahid olmaqdan duyduğu məmnunluq, muxtar respublika rəhbəri cənab Vasif Talıbovun gərgin əməyi və bu inkişafa ölkə başçısı kimi verəcəyi davamlı dəstək qeyd edilir.
Ötən dövr ərzində blokada şəratinin yaratdığı mənfi nəticələrin aradan qaldırılmasını, istehlak və istehsal prosesləri üzrə yerli tələbatın vaxtında və keyfiyyətli ödənilməsini, məşğulluq məsələlərinin səmərəli həll edilməsini, ümumilikdə isə sənayeləşmənin daha da genişlənməsini təmin etmək məqsədilə yeni sənaye müəssisələrinin yaradılmasına ciddi fikir verilmişdir. Muxtar respublikada sənaye sahəsində əldə olunmuş dinamik inkişaf meyillərinin dayanıqlılığının təmin olunması üçün kompleks tədbirlər həyata keçirilir. Həmin tədbirlərin mühüm bir istiqaməti bu sahədə səmərəli kreditləşdirmə mexanizminin formalaşdırılmasından ibarətdir.
Uzun müddət ərzində enerji resurslarından istifadə imkanlarının məhdudluğu blokadanın yaratdığı ən kəskin problemlərdən biri kimi ümumi inkişafa ciddi mənfi təsir göstərməkdə idi. Ötən illər ərzində bu sahədə intensiv tədbirlər həyata keçirilmiş, infrastruktur müasir standartlar səviyyəsində yenilənmiş, davamlı olaraq yeni enerji resursları yaradılmışdır ki, bu da, son nəticədə, enerji təhlükəsizliyinin səmərəli qurulmasını şərtləndirmişdir.
Enerji böhranının başlandığı, elektrik enerjisinin uzunmüddətli fasilələrlə verildiyi, təbii qaz nəqlinin dayandırıldığı, yanacağın çatışmadığı illərdə, xüsusilə də qış aylarında əhali təsərrüfatları ciddi çətinliklərlə üzləşmiş və bu səbəbdən də meşə massivlərindəki, yaşıllıq zolaqlarındakı çoxillik ağaclar kütləvi şəkildə kəsilərək yanacaq üçün istifadə olunmuşdur. Bu isə, son nəticədə, mövcud meşə massivlərinin, yolların və yaşayış məntəqələrinin ətrafındakı yaşıllıq zolaqlarının, demək olar ki, məhvinə gətirib çıxarmışdır. Həmin dövr üçün qaçınmaz olan bu proseslərin mənfi nəticələrinin aradan qaldırılması məqsədilə sonrakı illər ərzində ardıcıl tədbirlər görülmüş, keçirilən yaşıllaşdırma tədbirləri çərçivəsində qısa zaman ərzində min hektarlarla meşə örtüyü bərpa olunmuş, yeni meşə massivləri, yaşıllıq zolaqları və meyvə bağları salınmışdır. Aparılan uzunmüddətli uğurlu ekoloji siyasət nəticəsində hazırda muxtar respublikanın ümumi ərazisinin 20 faizə qədəri yaşıllıqlarla örtülmüşdür. Müqayisə üçün bildirək ki, ötən əsrin 90-cı illərinin əvvəllərində bu göstərici yalnız 0,6 faizə bərabər idi. Təkcə cari ilin yaz iməciliklərində muxtar respublika ərazisində 282 hektar sahədə yaşıllaşdırma, meşəsalma, meşəbərpa, toxumla əkin, 71 hektar sahədə isə bərpa əkini aparılmışdır. Hazırda muxtar respublikada 5 min 157 hektar meyvə bağları mövcuddur ki, bunun da 4 min 600 hektarı barverən bağlardır.
Muxtar respublikada cəmiyyətin normal fəaliyyətinin və davamlı inkişafının təmin olunmasında dayanıqlı və keyfiyyətli enerji təchizatı mühüm rol oynayır. Son illər bu sahənin inkişafı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilmiş, yeni güclər yaradılmış, infrastruktur yenilənmişdir. Enerji təhlükəsizliyi ilə bağlı görülən tədbirlərin nəticəsidir ki, bu gün muxtar respublikada yaradılmış elektrik stansiyaları elektrik enerjisinə olan daxili tələbatı tam ödəməklə yanaşı, elektrik enerjisinin ixracına da imkan verir. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, əvvəlki illərdə muxtar respublikada 1 elektrik enerjisi istehsal edən stansiya fəaliyyət göstərirdisə, 2019-cu ilin sonuna bu göstərici 9-a çatdırılmışdır. Ümumi stansiyaların 7-də alternativ və bərpa olunan enerji mənbələrindən istifadə ilə enerji istehsal edilir ki, bu da iqtisadi cəhətdən daha rentabelli olmaqla yanaşı, ətraf mühitin çirklənməsinin qarşısının alınmasında da mühüm rol oynayır.
Ötən dövr ərzində dayanıqlı əhali məşğulluğunun təmin edilməsi üçün böyük əmək sərf olunmuş, bu prosesin normal məcraya yönəldilməsi məqsədilə kompleks tədbirlər reallaşdırılmış və bu sahədə ciddi dönüşə nail olunmuşdur. Təkcə bir faktı qeyd etmək yerinə düşər ki, cari ilin birinci yarısında muxtar respublikada iqtisadi fəaliyyətin müxtəlif sahələrində 12-si özəl investisiyalı olmaqla, 81 istehsal və xidmət sahəsi istifadəyə verilmişdir. Yeni yaradılan sahələrdə 352 iş yeri açılmışdır.
Naxçıvan Muxtar Respublikasında reallaşdırılmış iqtisadi və sosial təmayüllü islahatlar nəticəsində qısa zaman ərzində makroiqtisadi sabitlik təmin olunmuş, əhalinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. İqtisadi inkişaf, sosial həyat standartları və insanların yaşayış səviyyəsi üzrə müşahidə olunan sürətli müsbət dəyişikliklərin müqayisəli xarakteristikası keçilən yolun möhtəşəm və əzəmətli olduğunu ifadə etməkdədir.
Bu gün muxtar respublikamızda təmin olunmuş hərtərəfli tərəqqi, heç şübhəsiz ki, ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının davamlı icrası istiqamətində muxtar respublika rəhbəri cənab Vasif Talıbov tərəfindən reallaşdırılan ardıcıl və yorulmaz fəaliyyətin, məqsədyönlü və qətiyyətli mövqeyin, fədakar işin məntiqi nəticəsidir.
Gərgin əmək, müdrik ideologiyaya sadiqliyin vəhdətindən doğan bu uğurlar xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolunun alternativsizliyini bir daha sübut edir. Dahi öndərin “Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin” sözləri bu gün də quruculuq işlərinin əsas qayəsi olmaqla, muxtar respublikamızı yeni-yeni uğurlara doğru aparır.
Rəşid TALIBOV