Məğrur duruşu ilə dostuna fəxarət yaşadan, düşməninə meydan oxuyan əzəmətlik rəmzi Əlincəqalanın, zirvəsinə buludların sığal çəkdiyi Nuh yadigarı Haçadağın hər daşında, kərpicində tarixin izləri sezilən möhtəşəm Gülüstan türbəsinin ucaldığı, Nəiminin haqq səsinin cövlan etdiyi, Teymurləngin xülyasının sulara qərq olduğu qədim yurd yerimiz Culfa... Xanəgah Abidə Kompleksi, Darıdağ Arsenli Su Müalicəxanası, Karbon Qazı Zavodu ilə də şöhrət tapan bu bölgəmizə üz tutan qonaqların ilk olaraq son illər hüsnü quruculuq ərməğanları ilə bəzənən Culfa şəhəri diqqətini çəkir. Rayon mərkəzindən ucqar dağ kəndlərinədək hər qarışda inkişaf, tərəqqi naminə atılan addımların sədası duyulur. Simasına yaraşıq gətirən, həyətində həmişəyaşıl ağacların boy göstərdiyi təhsil, səhiyyə və mədəniyyət ocaqlarının bir-birindən gözoxşayan binaları rayonun müstəqillik illərində çəkilən quruculuq xəritəsinin kiçik çalarlarıdır...
Yaxın keçmişə nəzər salanda görürük ki, son 25 ildə Culfada həyata keçirilən layihələr, görülən məqsədyönlü tədbirlər nəticəsində bütün sahələrin dinamik inkişafı təmin edilib, aparılan kompleks tikinti-quraşdırma, abadlıq və yenidənqurma işləri bölgənin simasını daha baxımlı, gözoxşayan formaya salmaqla bərabər, həm də insanların yaşayış səviyyəsini də xeyli yüksəldib. İndi rayonun istənilən yaşayış məntəqəsinə üz tutsan, həm yolboyu, həm də yetişəcəyin ünvanda bir-birindən fərqli dizayna malik müstəqillik bəhrələri ilə qarşılaşarsan. Bir vaxtlar susuzluqdan sapsarı saralan, kimsəsiz quru səhranı xatırladan çöllərdə son illər ərzində iməciliklər vasitəsilə şux, təravətli yaşıllıqlar salınıb, cadar-cadar olan əkin-biçin ərazilərinə yeni nəfəs gəlib, tikan basmış sahələrdə artıq dizdən yuxarı yamyaşıl zəmilər, lalələr, süsənlər boy göstərib. Ötən illər ərzində rayonun yaşayış məntəqələri muxtar respublikanın abad kəndləri sırasına qoşulub, məktəblər, uşaq bağçaları, idman obyektləri, səhiyyə və mədəniyyət ocaqları üçün ən yeni avadanlıqlarla təchiz olunmuş müasir binalar istifadəyə verilib. Sosial sahədə aparılan uğurlu siyasət nəticəsində insanların torpağa bağlılığı, yaşayıb-yaratmaq əzmi artıb. İlbəil daha böyük inkişaf mərhələsinə qədəm qoyan, 1 şəhər və 22 kənddən ibarət, 47 mindən artıq əhalisi olan Culfa rayonu 2020-ci ildə də uğurları ilə bölgə sakinlərinin yaddaşında xoş əhval-ruhiyyə dolu dərin təəssüratlar buraxmaqda davam edir.
Bölgənin siması yeni naxışlarla bəzənir
Müstəqillik illərində muxtar respublikanın bütün bölgələri kimi, Culfa rayonu da aparılan genişmiqyaslı quruculuq tədbirlərindən lazımınca bəhrələnib. Rayonun sovet dönəmindən qalma köhnə, yararsız tikililərinin yerində müasir görünüşlü, hərtərəfli şəraitə malik yeni binalar ucaldılıb, rayon mərkəzi və kəndlərin yol infrastrukturu tamamilə yenilənib, əvvəllər su sarıdan əziyyət çəkən insanların arzuları, diləkləri aydınlığa çıxıb. İldən-ilə həcmi genişlənən tikinti-quruculuq tədbirləri 2020-ci ildə də uğurla davam etdirilir. Cari ilin ilk 7 ayının statistik nəticələri də inşaat işlərinin həcminin genişliyindən, görülən tədbirlərin səmərəliliyindən xəbər verir. Belə ki, bu ilin yanvar-iyul aylarında tikinti-quraşdırma işlərinə qoyulan vəsaitin dəyəri 0,8 faiz artaraq 17 milyon 971,5 min manat təşkil edib. Reallaşdırılan tədbirlər çərçivəsində Culfa Rayon Rabitə Evi yenidən qurulub, mərkəzdəki Heydər Əliyev prospektində abadlıq, əsaslı təmir işləri aparılıb, yanacaqdoldurma məntəqəsi və maye qazdoldurma stansiyası tikilib, şəhərdaxili avtomobil yollarına asfalt-beton örtüyü salınıb.
Hazırda Darıdağ Arsenli Su Müalicəxanasının yenidən qurulması, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Yük və Sərnişin Daşımaları İdarəsinin Culfa şəhərindəki vaqon təmiri sexinin tikintisi və yardımçı binaların yenidən qurulması, idarəetmə mərkəzinin əsaslı təmiri, Culfa Rayon Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin inzibati binasının əsaslı şəkildə yenidən qurulması və yardımçı binaların tikintisi uğurla həyata keçirilir. Həmçinin Culfa şəhərinin Məmməd Əsgərov küçəsindəki 27, 42 nömrəli yaşayış binalarının əsaslı təmiri, Yaycı kəndində Mərasim evinin yenidən qurulması, Bənəniyar, Saltaq, Əlincə, Xoşkeşin kəndlərində mərasim evlərinin, Qazançı kəndində yeni məscidin tikintisi, Ləkətağ körpüsü tarix və mədəniyyət abidəsinin bərpası aparılır. Bundan başqa, rayon Təhsil Şöbəsi üçün inzibati, Culfa şəhərində 3 mərtəbəli yaşayış binaları, xidmət mərkəzi yenidən qurulur. Görülən tikinti-quruculuq tədbirləri çərçivəsində yol infrastrukturuna da xüsusi diqqət yetirilir, 49 kilometrlik Culfa-Ordubad magistral avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması, Darıdağ Arsenli Su Müalicəxanasına uzanan 4 kilometrlik yolun yenidən qurulması müvəffəqiyyətlə icra edilir.
Quruculuq işlərindən söz düşmüşkən onu da xüsusilə qeyd etmək yerinə düşər ki, artıq Camaldın kəndi də öz müasir görkəminə qovuşur. Belə ki, kənddə 252 şagird yerlik məktəb binasının yenidən qurulması, yeni kənd və xidmət mərkəzlərinin, həkim ambulatoriyasının tikintisi, 7,5 kilometrlik Ərəzin-Camaldın yolunun qurulması, 32 paqonometrlik Camaldın körpüsünün əsaslı təmiri yekunlaşmaq üzrədir. Deyirlər, bilikli olmaq azdır, gərək bu bilikdən istifadə etməyi də bacarasan. Təbii ki, qazandığın bilik və bacarıqları təcrübəyə çevirmək üçün lazımi şəraitin olması da mühüm amildir. Camaldın kəndinin məktəbliləri də dövlətimizin böyük qayğısı ilə lazımi tədris avadanlıqlarının quraşdırıldığı təhsil ocağının yeni binasında həm bilik öyrənəcək, həm də bu biliyi laboratoriyaların, müasir texnologiyaların köməkliyi ilə praktik surətdə tətbiq etmək imkanı qazanacaqlar. Bildiyimiz kimi, həyatda insan üçün ən önəmli olan cansağlığıdır. Məhz dövlətimiz də bu amili əsas götürərək bütün yaşayış məntəqələri kimi, Camaldında da yeni səhiyyə ocağı inşa etdirib. Kənddə həkim ambulatoriyasının inşası sağlamlıq sarıdan yaranan problemlərin aradan qalxmasına, insanların keyfiyyətli səhiyyə xidmətindən istifadəsinə yol açacaq. Yolun abadlaşdırılması, yeni kənd və xidmət mərkəzlərinin, körpünün inşası, eləcə də bütün bunlarla paralel müasir kommunikasiya sistemləri ilə təminat sakinlərin rahatlığına, firavanlığına, müasir dövrün imkanlarından maksimum faydalanmalarına hesablanıb.
Aqrar sahənin inkişafı prioritet məsələ kimi gündəmdədir
Culfada kənd təsərrüfatı sahələrinin inkişafı prioritet istiqamət kimi hər il diqqət mərkəzində saxlanılır, torpaqların münbitliyinin artırılması üçün görülən aqrotexniki tədbirlər əkilən ərazilərin miqyasının ilbəil daha da genişlənməsi ilə nəticələnir. Fermerlərə subsidiya və gübrələrin verilməsi, texnikalarla təminat, o cümlədən keyfiyyətli yerli toxum sortlarından istifadə əkinçilikdə məhsuldarlığın da səviyyəsini artırır. Naxçıvan şəhərində ötən illər ərzində keçirilən ənənəvi festivallarda bu bölgənin torpaq adamlarının fəallığı, çıxarılan məhsul çeşidlərinin alıcılar tərəfindən maraqla qarşılanması da Culfada aqrar sahənin inkişafının, sakinlərin torpağa bağlılıq hisslərinin güclü olmasının ifadəsidir. Cari ilin ilk 7 ayının göstəriciləri belə deməyə əsas verir ki, culfalılar əkin-biçin işlərinə xüsusi önəm yetirir və əkinlərin vaxtlı-vaxtında suvarılması, düzgün aqrotexniki qulluğun göstərilməsi son nəticədə bol məhsul tədarükünə yol açıb. Belə ki, rayonda 1 avqust 2020-ci il tarixə 7604 hektar dənli və dənli-paxlalı bitkilərin əkini sahəsindən 20 min 36, 6216 hektar buğda əkini sahəsindən 16 min 472, 1373 hektar arpa əkini sahəsindən 3529 ton məhsul yığılıb. Son illər Culfada sağlam qida rasionunun əsasını təşkil edən kartofçuluğun, meyvə və tərəvəzçiliyin inkişafına, bostan bitkilərinin yetişdirilməsinə xüsusi önəm verilir və bəhs olunan dövrdə də bu hal özünü müsbət mənada göstərib. Belə ki, 16 hektarlıq kartof sahəsinin 50 faizindən 92, 50 hektar tərəvəz bitkiləri əkilmiş sahənin 60 faizindən 257, 121 hektarlıq bostan bitkiləri sahəsinin 84,3 faizindən 961, meyvə bağlarından 2876, üzüm bağlarından 11,5 ton məhsul toplanılıb.
Düzənlik və otlaq əraziləri ilə bol olan Culfada sakinlərin əsas məşğuliyyət növlərindən biri də maldarlıq və heyvandarlıqdır. Sahələrin vaxtlı-vaxtında suvarılması, qışa hazırlıq zamanı kifayət qədər yem tədarük edilməsi fermerlərin təsərrüfatlarını ilbəil daha da genişləndirmələrinə stimul verir. Hər həftənin şənbə və bazar günləri Naxçıvan şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında rayon təsərrüfatçılarının istehsal etdikləri ağartı məhsulları piştaxtaları bəzəyir. “Yaxşı qazanc olan yerdə işləməyə, zəhmət çəkməyə dəyər” prinsipi ilə çalışan torpaq adamları cari ildə də muxtar respublika iqtisadiyyatına töhfələr verməkdə davam edirlər. 2020-ci ilin ilk 7 ayının statistik göstəriciləri də zəhmətkeş insanların alın təri hesabına qazandıqları böyük nailiyyətlərin müjdəçisidir. Belə ki, bəhs olunan dövrdə rayonda diri çəkidə 2189 ton ət, 7174 ton süd, 4 milyon 647 min ədəd yumurta, 128,9 ton yun istehsal edilib, ət istehsalı 1,6, süd istehsalı 1,5, yumurta istehsalı 1,1, yun istehsalı 1,2 faiz artıb. Ümumilikdə, hesabat dövründə rayonun kənd təsərrüfatı sektorunda 35 milyon 334,6 min manatlıq məhsul istehsal edilib ki, bu da 2019-cu ilin yanvar-iyul ayları ilə müqayisədə 2,2 faiz çoxdur.
Culfalılar görülən işlərdən razılıq edirlər
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın uğurlu icrası Culfa rayonunda da artıq öz bəhrələrini verir. İnfrastrukturun ən müasir tələblər səviyyəsində qurulması, yeni obyektlərin istifadəyə verilməsi sakinlərin rahatlığına xidmət etməklə yanaşı, həm də insanların müvafiq işlərlə təmin olunmasına yol açıb. Mütəmadi olaraq keçirilən əmək yarmarkalarına culfalıların maraq göstərməsi, bu tədbirlərdə ixtisaslarına uyğun iş tapmaları böyük sosial irəliləyişdən xəbər verir. Sakinlərin məşğulluğunun təmini istiqamətində atılan addımlar cari ilin yanvar-iyun aylarında bir işçiyə hesablanmış orta aylıq nominal əməkhaqqının məbləğinin 358 manat olması ilə nəticələnib ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 20,9 faiz çox deməkdir.
Həyata keçirilən sosialyönümlü siyasət, aparılan genişmiqyaslı quruculuq tədbirləri sakinlər tərəfindən böyük razılıqla qarşılanır. Culfa şəhərində yaşayan Qönçə İsmayılova deyir ki, müstəqilliyimizi qazandıqdan sonra hər bir culfalının ürəyində ümid çırağı şölələndi. Torpaqlar özümüzə qaytarıldı, əkib-becərdik, gün-güzəran qurduq, işsizlik ucbatından yurd-yuvalarından didərgin düşən qohum-əqrəbamız öz doğma el-obalarına qayıdıb iş-güc sahibi oldu. İllər ötdükcə quruculuq tədbirləri daha böyük vüsət aldı, Vətən, torpaq təəssübkeşlərinin yorulmaz əməyi sayəsində yurdumuz gülüstana çevrildi. 2017-ci ilin yanvar ayında isə zəhmətkeş culfalıların illərdən bəri intizarında olduqları, həsrətlə gözlənilən su problemi həll edildi, qəlblərə məlhəm, torpaqlara bərəkət gəldi, həyət-bacamız gül-çiçək ətrinə büründü. Cari ildə aparılan quruculuq işləri isə günü-gündən gözəlləşən Culfa şəhərini daha da yaraşıqlı, gözoxşayan hala gətirib. Yaşadığım Heydər Əliyev prospekti də zəhmətkeş əllərin nəvazişi sayəsində başdan-başa abadlaşdırılaraq gözəl, baxımlı simasına qovuşub. Əvvəllər yol sarıdan çətinliklərimiz var idi, ancaq, şükürlər olsun ki, artıq bu problemimiz də aradan qalxıb. İndi yolumuz rəvan, güzəranımız könülaçandır. Yaradılan belə gözəl şəraitə görə prospekt sakinləri adından dövlətimizə minnətdarlığımı bildirirəm.
Digər bir həmsöhbətim rayonun Camaldın kənd sakini Qeybulla Kərimovdur. O da öz ürək sözlərini dilə gətirərək deyir ki, rayonumuzun bugünkü büsatını, gənclərə yaradılan gözəl şəraiti görəndə xəyalım qeyri-iradi məni keçmişə aparır. Müəllim kimi yenicə fəaliyyətə başladığım vaxtlarda qarşılaşdığım çətinliklər, o dövrün məktəblərində hökm sürən acınacaqlı vəziyyət kinolent kimi gözlərim önündən gəlib keçir. Yaxşı yadımdadır, o illərdə yarıtmaz sosial, məişət, infrastruktur şəraiti gəncləri müəllim peşəsindən uzaq salır, işsizlik üzündən insanlar qonşu ölkələrə üz tuturdular. Lakin ölkəmiz müstəqillik qazandıqdan sonra qarşımızda əsl nicat yolu açıldı, qısa zaman çərçivəsində rayonda bütün sahələrin dirçəlişinə nail olundu, ruzi-bərəkətlə dolu dövrə qədəm qoyduq. Sevindirici haldır ki, 2020-ci ildə aparılan genişmiqyaslı inşaat işlərindən bizim kəndə də böyük pay düşüb, Camaldında yeni sosial obyektlərin tikilməsi sakinlərin hədsiz sevincinə səbəb olub. Tezliklə biz də qayğımızı qarşılayacaq geniş kənd və xidmət mərkəzlərinə üz tuta biləcək, hər cür avadanlıqla təmin olunacaq siniflərdə dərs keçmək imkanı əldə edəcəyik. Yolumuzun əsaslı şəkildə yenidən qurulması, eləcə də həkim ambulatoriyasının, körpünün inşası da insanların firavanlığına xidmət edən çox təqdirəlayiq haldır. Bütün camaldınlılar adından dövlətimizə minnətdaram.
...Statistik nəticələrdən, eləcə də rayon sakinləri ilə söhbətimdən belə qənaətə gəlirəm ki, dünyanın yoxsulluq, iqtisadi böhran və xəstəliklərlə mübarizə apardığı 2020-ci il də muxtar respublika sakinlərinin, o cümlədən culfalıların həyatına qızıl hərflərlə yazılır, inkişaf, tərəqqi rayonun hər qarışında hiss edilir. Əminliklə demək olar ki, cari ilin qarşıdakı dövründə də bu bölgəmiz muxtar respublikanın sosial-iqtisadi inkişafına öz əvəzsiz töhfələrini verəcək.
- Nail ƏSGƏROV