26 Dekabr 2024, Cümə axşamı

Qlobal pandemiya səbəbindən iqtisadi təlatümlərin yaşandığı müasir dünyada sosial-iqtisadi inkişaf tempini qoruyub saxlamaq, onu davam etdirmək çətin, bəzən mümkünsüzdür. Bu dövrdə hətta yüzilliklərlə müstəqillik tarixi olan inkişaf etmiş bəzi ölkələr də ciddi maliyyə böhranı ilə üz-üzə qalır, iqtisadi kataklizmlərdən özlərini sığortalaya bilmirlər. Sevindirici haldır ki, aparılan uğurlu siyasət, güclü potensial, mövcud imkanların vəhdəti müstəqil Azərbaycan Respublikasının bu vəziyyətdən az itkilərlə çıxmasına şərait yaradır. Ölkəmizdə, o cümlədən muxtar respublikamızda sosial layihələr ardıcıl olaraq həyata keçirilir, bütün sahələr üzrə quruculuq işləri davam etdirilir. Bu, gələn il müstəqilliyinin 30-cu ildönümünü qeyd edəcək Azərbaycanın qazandığı ən böyük nailiyyətlərindən biridir. Bu məqamda on ikinci əsrin görkəmli siyasətçisi Nizamül-mülkün dediyi sözlər yada düşür: “Xalqın iradəsi ilə rəhbərin dühası birləşdikdə ölkə möhkəmlənər, gündən-günə inkişaf edər”. Biz bu gün ölkəmizdə, o cümlədən muxtar respublikamızda bunun canlı şahidi oluruq.

 Naxçıvan pandemiyanın yaratdığı çətinliklərlə uğurla mübarizə aparır

Tarixi düşmənlərimiz qədimliyi və müasirliyi ilə gözoxşayan Naxçıvan Muxtar Respublikasını 30 ildir ki, blokada vəziyyətində saxlasa da, dünyadan təcrid etməyə çalışsa da, heç vaxt onun yüksəlişinə mane ola bilməyiblər. Qürurla deyə bilərik ki, Azərbaycan Respublikasının müstəqillik tarixinin digər ən böyük nailiyyətlərindən biri də çətin blokada şəraitində yaşayan, bu gün isə həm də pandemiyanın yaratdığı çətinliklərlə uğurla mübarizə aparan muxtar respublikanın sürətli və hərtərəfli tərəqqisidir. Naxçıvanın daxili imkanlarından, ehtiyatlarından, iqtisadi əlaqələrindən əldə olunan resurslar ardıcıl olaraq böyük inkişafa və sosial rifahın daha da yaxşılaşdırılmasına ünvanlanıb. Uzun illərdən bəri ölkəmizin əsas hissəsi ilə nəqliyyat əlaqələrinin kəsilməsi fonunda muxtar respublikada həyata keçirilən kompleks tədbirlər insanların rahatlığının təmininə hesablanmış mühüm dövlət siyasətinin tərkib hissəsidir. Nəticədə bu gün qədim diyarın sakinləri blokadanın və pandemiyanın yaratdığı çətinlikləri real həyatlarında hiss etmirlər. Buna tarixin bütün sınaqlarından çıxmış ulu öndər Heydər Əliyevin siyasətinə dərin sədaqət, Prezident İlham Əliyevin böyük diqqət və qayğısı, əzmkarlıq, gərgin, ardıcıl və səmərəli fəaliyyətin nəticəsində nail olunub.

Payız-qış mövsümünə hazırlıq - qarşıya çıxa biləcək problemlər vaxtında həll olunur

Naxçıvanda bütün sahələrdə inkişaf proseslərinin davamlı xarakter alması həm də qarşıya çıxa biləcək problemlərin vaxtında həllinə nail olunması istiqamətində ardıcıl işlərin görülməsi ilə əlaqədardır. Hər il payız-qış mövsümünə hazırlıqla bağlı konkret hədəflərin müəyyənləşdirilməsi, bununla bağlı müvafiq tapşırıqların verilməsi, müəssisə və təşkilatların qışa hazırlığının vaxtında aparılmasını buna misal göstərmək olar. Çünki muxtar respublikamız kəskin kontinental iqlimə malikdir və ona görə də burada sərt keçən qış mövsümünə hazırlıq böyük əhəmiyyət kəsb edir. Qışa yaydan hazırlıq görülməsi isə qarşıya çıxan məsələlərin vaxtında həllinə şərait yaradır.

Avqustun 12-də Naxçıvan Muxtar Respublikasında 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə də bu məsələlər diqqət mərkəzində olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib ki, hər il muxtar respublikada payız-qış mövsümünə hazırlıq məsələləri diqqətdə saxlanılır, müşavirə keçirilərək aid qurumlara müvafiq tapşırıqlar verilir. Müəssisə və təşkilatların qışa hazırlığı, müşahidə olunan problemlərin aradan qaldırılması mövsümü uğurla başa vurmağa, əhalinin qış aylarında rahatlığının təmin olunmasına imkan verir. Qış mövsümünə hazırlıqla bağlı muxtar respublikada elektrik enerjisi, təbii qaz, içməli su və istilik təminatı sahələrində müvafiq işlər görülür. Enerji təhlükəsizliyinin təmin olunması inkişaf deməkdir. Muxtar respublikada enerji təhlükəsizliyi tam təmin olunub, bu ilin ötən dövründə Kəngərli rayonunda 3 meqavatlıq Günəş Elektrik Stansiyası istifadəyə verilib, Tivi Su Elektrik Stansiyasının təməli qoyulub. Şərurda da 5 meqavatlıq Günəş Elektrik Stansiyasının qurulması nəzərdə tutulub. Eyni zamanda, təbii qaz təchizatının yaxşılaşdırılması məqsədilə İğdır-Naxçıvan qaz xətti çəkiləcək.

Ali Məclisin Sədri deyib: “Ulu Öndərin yolunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin qayğısı ilə muxtar respublikada ümumi inkişafın əsas göstəriciləri olan əhalinin rifahı, ərzaq, enerji və müdafiə təhlükəsizliyi tam təmin olunmuşdur. İstilik sistemlərinin yenilənməsi, yaşayış məntəqələrində aparılan quruculuq işləri, müasir təhsil, səhiyyə və nəqliyyat infrastrukturunun yaradılması, çəkilən yeni yollar və mövcud şərait payız-qış mövsümündə müşahidə olunan problemləri aradan qaldırmışdır. Muxtar respublikada elektrik enerjisinə və qaza olan gündəlik tələbat tam ödənilir. Lakin muxtar respublikada məskunlaşmanın ilbəil artması, yeni yaşayış məhəllələrinin salınması, sənaye və digər enerji tutumlu müəssisələrin istifadəyə verilməsi elektrik enerjisinə və təbii qaza olan tələbatı da ilbəil artırır. Bu gün muxtar respublikada alternativ və bərpaolunan enerji mənbələri ümumi tələbatın 70 faizindən çoxunu ödəyir. Ordubad və Tivi su elektrik stansiyaları istifadəyə verildikdən sonra isə enerji tələbatı tamamilə bərpaolunan enerji mənbələri hesabına ödəniləcəkdir. Qaza artan tələbat isə İğdır-Naxçıvan qaz kəmərinin tikintisi başa çatandan sonra təmin ediləcəkdir. Hər il payız-qış mövsümünə hazırlıqla bağlı müşavirənin keçirilməsi, xüsusilə qabaqlayıcı tədbirlərin görülməsi də əhali rahatlığının təmin olunmasına xidmət edir. Ona görə də 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq məsələsi diqqətdə saxlanılmalı, aid strukturlar tərəfindən zəruri tədbirlər görülməlidir”.

Müşavirədə payız-qış mövsümündə nəqliyyatda hərəkətin təhlükəsizliyinin təmin edilməsi, yaşayış obyektlərinin, səhiyyə, təhsil, mədəniyyət və digər müəssisələrin istiliklə təmini, tələbatdan artıq istehsal olunmuş kənd təsərrüfatı məhsullarının soyuducu anbarlara tədarükü, muxtar respublika ərazisindəki hərbi hissələrdə qış mövsümü üçün tələb olunan ehtiyatların, eləcə də sərhəd zonalarındakı hərbi hissələrin yanacaqla təchizatı və ərzaq ehtiyatının yaradılması və digər mühüm məsələlərlə əlaqədar aidiyyəti qurumlara konkret tapşırıqlar verilib.

Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin icrasında müşavirə iştirakçılarına uğurlar arzulayıb.

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının şəxsi heyətinin xidmət və mənzil-məişət şəraiti yaxşılaşdırılır

Ümummilli lider Heydər Əliyevin 1990-1993-cü illərdə Naxçıvanda həyata keçirdiyi ordu quruculuğu tədbirləri sırasında sərhəd qoşunlarının formalaşması və inkişafı mühüm yer tutur. 1992-ci il avqustun 22-də Ulu Öndərin rəhbərliyi ilə Naxçıvandakı sərhəd dəstəsində müstəqil Azərbaycanın üçrəngli bayrağı qaldırılıb və bununla da ilk milli sərhəd dəstəsinin təməli qoyulub. 1992-ci il sentyabrın 19-da isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi “Naxçıvan Muxtar Respublikasının müdafiəsi və sərhədlərinin qorunmasının təşkili haqqında” qərar qəbul edib, bu qərardan 10 gün sonra - sentyabrın 29-da Naxçıvandakı 41-ci sərhəd dəstəsi ləğv olunub və onun funksiyaları, bütün hərbi və təsərrüfat əmlakı 1-ci sərhəd dəstəsinə təhvil verilib. Ümummilli lider Heydər Əliyev bu barədə deyib: “Naxçıvanın qonşu İran və Türkiyə ilə sərhədləri on illər boyu rus qoşunları tərəfindən qorunmuşdur. Biz keçmiş Sovetlər İttifaqının, sonra isə Rusiyanın 41-ci sərhəd qoşunları hissəsinin buradan tamamilə çıxıb getməsinə nail olduq və Azərbaycanda ilk dəfə olaraq milli sərhəd qoşunlarının 1-ci dəstəsi yaradıldı. Bütün bunlar tarixi hadisələrdir və nəinki bugünkü, hətta gələcək nəsillər tərəfindən layiqincə qiymətləndirilməlidir”.

Ümummilli Liderin ali hakimiyyətə qayıdışından sonra Azərbaycan Silahlı Qüvvələri tam təşkilatlanma və inkişaf yolu keçib, ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında nümunəvi və peşəkar sərhəd qüvvələri formalaşıb. Dahi şəxsiyyətin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin müvafiq fərmanları ilə 2004-cü il yanvarın 14-də Naxçıvan Sərhəd Dəstəsinin əsasında “Naxçıvan” Sərhəd Diviziyası, 2015-ci il avqustun 17-də isə “Naxçıvan” Sərhəd Diviziyasının bazasında “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası yaradılıb, vəzifə və səlahiyyətlər artırılıb.

Bu gün muxtar respublikada sərhədlərin mühafizəsi, bu sahədə həyata keçirilən quruculuq işləri yeni mərhələyə qədəm qoyub. Ötən dövrdə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 14 sərhəd zastavası, eləcə də 2 sərhəd komendantlığı üçün yeni yaşayış və xidmət kompleksləri istifadəyə verilib, maddi-texniki baza gücləndirilib, sərhədçilərin xidmət və məişət şəraiti yaxşılaşdırılıb. Eyni zamanda, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının Naxçıvan şəhərindəki hərbi şəhərciyində və zastavalarda sərhədçi ailələri üçün xidməti yaşayış binaları tikilib, mövcud binalar yenidən qurulub. Bu illər ərzində “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının inkişafı təkcə maddi-texniki bazanın gücləndirilməsi ilə məhdudlaşmayıb, diviziyanın təşkilati cəhətdən formalaşması da diqqətdə saxlanılıb. Qərargahın, sərhəd komendantlıqlarının və zastavaların, çevik hərəkət taborunun ştat sayı xidmət funksiyalarına uyğun artırılıb, döyüş hazırlığı bölməsi, təlim-tədris mərkəzi, zenit artilleriya və mühəndis-istehkam bölükləri, 2-ci sərhəd komendantlığı və onun tərkibində sahil mühafizə qrupu yaradılıb, xidmət günün tələbləri səviyyəsində qurulub. Ötən illər ərzində “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında maddi-texniki baza xeyli gücləndirilib, sərhəd xidmətində geniş quruculuq işləri aparılıb, infrastruktur yenilənib, şəxsi heyətin peşəkarlığı artırılıb.

Avqustun 22-də - “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının yaranmasının ildönümündə 8-ci sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilməsi münasibəti ilə keçirilən tədbirdə çıxış edən Ali Məclisin Sədri çıxışında bu faktları qeyd edib.

Muxtar respublika rəhbəri sərhədçi ailələri ilə görüşüb, onları xidməti yaşayış binasının istifadəyə verilməsi münasibətilə təbrik edib, sərhədçi uşaqlarına hədiyyələr təqdim edib.

Şəxsi heyətlə görüşdə Ali Məclisin Sədri sərhədçiləri salamlayıb, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının yaranmasının ildönümü və 8-ci sərhəd zastavasının yeni yaşayış və xidmət kompleksinin istifadəyə verilməsi münasibətilə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının şəxsi heyətini, sərhədçi ailələrini təbrik edib, sərhəd zastavasının yeni kompleksinin qurulmasında əməyi olanlara təşəkkürünü bildirib.

“Sərhəd ölkə üçün vacib sahə, onu qorumaq isə şərəfli işdir”, - deyən Ali Məclisin Sədri bildirib ki, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının şəxsi heyəti bundan sonra da hərbi intizama ciddi əməl etməli, sərhəd nəzarəti və xidməti fəaliyyət günün tələbləri səviyyəsində qurulmalı, hərbi qulluqçuların peşəkarlığı artırılmalıdır. Sərhədçilər sərhədlərin mühafizəsi ilə yanaşı, həm də narkotik maddələrin və silah-sursatın qanunsuz dövriyyəsinə, qaçaqmalçılığa qarşı da mübarizədə sayıqlıq göstərməli, əməliyyat şəraiti daim nəzarətdə saxlanılmalıdır. Sərhəd hər bir ölkənin müstəqillik rəmzidir. Sərhədləri etibarlı qorunan ölkədə inkişaf və sabitlik də davamlı olur. “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının şəxsi heyəti də Azərbaycan Respublikasının muxtar respublikadakı 234 kilometrlik sərhəd ərazisini etibarlı mühafizə edir.

Ali Məclisin Sədri xidməti nümunəvi təşkil etdiklərinə görə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının şəxsi heyətinə təşəkkürünü bildirib, çıxışını Prezident İlham Əliyevin fikirləri ilə tamamlayıb: “Hər bir ölkənin təhlükəsizliyi onun sərhədlərindən başlayır. Biz elə etməliyik ki, sərhədlərimiz tam şəkildə qorunsun”.

Qeyd edək ki, 8-ci sərhəd zastavasında tikinti işlərinə 2019-cu ildə başlanılıb. Kompleksə qərargah, sərhədçi ailələri üçün yaşayış binaları, eləcə də digər xidməti və yardımçı binalar daxildir. İkimərtəbəli qərargah binasında 48 yerlik yataqxana, 32 yerlik yeməkxana, anbar və iş otaqları yerləşir. Yaşayış binasında hər biri 2 otaqdan ibarət 8 mənzil vardır. Mənzillər təmir olunub, lazımi məişət əşyaları və mebel dəstləri qoyulub, istilik sistemi ilə təchiz edilib. Ərazidə hamam-camaşırxana, qazanxana, əşya, ərzaq, tərəvəz, yanacaq-sürtkü materialları və silah anbarları, avtomobillər üçün 2 saxlanc yeri tikilib. Eyni zamanda, xidməti heyvanların saxlanması üçün yardımçı bina istifadəyə verilib, vertolyot meydançası yaradılıb və müşahidə qülləsi təmir edilib.

1-ci Sərhəd Komendantlığının sərhəd zastavaları tam şəkildə videonəzarət sistemi ilə təchiz olunub, HD görüntü keyfiyyətinə malik 8 idarəolunan və 21 sabit kamera quraşdırılıb. 11 sabit və 2 idarəolunan kamera 8-ci sərhəd zastavasının xidmət sahəsini əhatə edir. Çəkilən videokadrlar uzun müddət sistemin yaddaşında saxlanılır.

Həmin gün Azərbaycan Respublikasının medallarının təqdimatı olub. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 17 avqust tarixli Sərəncamına əsasən “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının zabitləri “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub. Ali Məclisin Sədri Azərbaycan Respublikasının medallarını təqdim edib.

Avqustun 22-də “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına “Niva” markalı iki xidməti avtomobil təqdim olunub. Ali Məclisin Sədri yaradılan şəraitə uyğun xidmətin təşkili ilə bağlı tapşırıqlar verib. Gətirilmiş ərzaq məhsulları zastavanın anbarına təhvil verilib.

Meliorativ tədbirlərin miqyası genişləndirilir, yüz hektarlarla torpaq sahəsi əkin dövriyyəsinə qatılır

Qeyd etdiyimiz kimi, blokada vəziyyətində yaşayan muxtar respublikada bütün sahələr üzrə təhlükəsizliyin tam təmin olunması mühüm əhəmiyyət kəsb edir. Bu sırada ərzaq təhlükəsizliyi xüsusi yerə malikdir. Naxçıvanda mütərəqqi suvarma şəbəkələrinin qurulması torpaq və su ehtiyatlarından səmərəli istifadəyə, şərait yaradır, hər il meliorativ tədbirlərin miqyası genişləndirilir, yüz hektarlarla torpaq sahəsi əkin dövriyyəsinə qatılır, müvafiq qurumların maddi-texniki baza gücləndirilir.

Tərəfdaş ölkələrlə əlaqələrin günün tələbləri səviyyəsində qurulması da bu məsələdə yeni texnologiyaların tətbiqinə yol açır. Hələ 2017-ci ildə Çin Xalq Respublikası tərəfindən “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinə kənd təsərrüfatı texnika və avadanlıqları verilib. Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında imzalanmış Texniki-İqtisadi Əməkdaşlıq haqqında Sazişə əsasən avqustun 28-də Çin Xalq Respublikasından gətirilmiş 17 adda 67 müxtəlif təyinatlı yeni maşın, texnika və avadanlıq Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə təqdim olunub.

Bu münasibətlə keçirilən tədbirdə iştirak edən Ali Məclisin Sədri deyib: “Təqdim olunan avadanlıqlar muxtar respublikada kənd təsərrüfatının inkişafı üçün geniş imkanlar açacaqdır. Çünki “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş avadanlıqlarla həm 2 min hektarlıq toxumçuluq təsərrüfatında işlər həyata keçirilir, həm də digər təsərrüfatlara köməklik göstərilir. Bu gün təqdim olunan avadanlıqlar isə muxtar respublikada meliorasiya və irriqasiya sahəsində istifadə olunacaqdır. Hazırda muxtar respublikada 62 min hektara yaxın ərazidə əkin aparılır. Son 20 il ərzində əkin sahələri 22 min hektara yaxın artırılmışdır. Qarşıda duran əsas vəzifə torpaqların su təminatını yaxşılaşdırmaq, aqrotexniki qaydada əkinlər aparmaq və mütərəqqi suvarma şəbəkələri qurmaqdır. Qrant layihəsi üzrə gətirilən müasir texnikalar kənd təsərrüfatında meliorasiya tədbirlərinin tam və keyfiyyətlə həyata keçirilməsinə imkan verəcəkdir. Ona görə də gətirilən texnikalardan səmərəli istifadə olunmalı, onların istismar qaydaları düzgün öyrənilməli və vaxtında texniki baxış keçirilməlidir”.

“Yeni texnika təqdimatı keyfiyyətli və bol məhsul istehsalında əsas amildir”, - deyən Ali Məclisin Sədri bildirib ki, suvarma işləri və aqrotexniki tədbirlər də vaxtında həyata keçirilərsə, torpaqlardan bol məhsul götürülər. Bu gün muxtar respublikada yeni qapalı suvarma şəbəkələri qurulur. Yeni texnika və avadanlıqlardan həmin işlərin həyata keçirilməsində də istifadə olunacaqdır. Bütün bunlar isə kənd təsərrüfatının inkişafına mühüm töhfədir. Ali Məclisin Sədri kollektivi bir daha təbrik edib və gətirilən texnikaların səmərəli istifadə olunacağına əminliyini bildirib.

Texnikalara baxışdan sonra kollektivlə görüşən muxtar respublika rəhbəri deyib: “Müasir texnikalar işin keyfiyyətini xeyli artıracaqdır. Çünki texnika işin yarısı deməkdir. Muxtar respublikada bundan sonra da əhali artımına uyğun olaraq əkin dövriyyəsinə yeni torpaqlar qatılmalı, eyni zamanda, ixrac imkanları genişləndirilməlidir. Torpaqların əkin dövriyyəsinə qatılmasında isə texnika və texnoloji avadanlıqların rolu böyükdür. Yeni texnikalar iş şəraitinin yaxşılaşdırılması ilə yanaşı, həm də məhsul bolluğunun yaradılmasına xidmət edəcəkdir”.

Ali Məclisin Sədri yeni texnikalardan səmərəli istifadə ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə təqdim olunan Çin istehsalı 5 ekskavator, 8 buldozer, 13 dəst qaynaq aparatı, 8 çalovlu yükləyici, qoşqulu və texniki yardım avtomobilləri, 3 yeraltı su və 8 susızma detektoru, 2 hava kompressoru, 6 su sərfiyyatını ölçən cihaz, 1 mobil yükləyici və digər avadanlıqlar yüksək iş əmsalına malikdir. Texniki yardım avtomobili generator, hava kompressoru, qaynaq və plazma kəsici aparatlarla təchiz olunub. Yeni texnika və texnoloji avadanlıqlar arx və kanalların qazılması, təmizlənməsi, ərazilərin hamarlanması, maşın-texnika və avtonəqliyyat vasitələrinə yerində texniki xidmət göstərilməsi, yeraltı suların və boru xətlərində su sızmalarının təyin olunması, su sərfiyyatının ölçülməsi kimi işlərin həyata keçirilməsində istifadə edilir. Yeni texnikalar üçün Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin həyətində ümumi sahəsi 2740 kvadratmetr olan 31 yerlik yarımqapalı dayanacaq tikilib, ehtiyat hissələri anbarı yaradılıb.

Heydər Əliyevin ideyaları Naxçıvan Muxtar Respublikasında böyük yaradıcı gücə çevrilib

Ümummilli lider Heydər Əliyevin inkişaf, tərəqqi yolunda inamla irəliləyən muxtar respublikada qəbul edilən dövlət proqramları, strategiya xarakterli sənədlər, onların əməli icrası bu diyarı başdan-başa abadlaşan, gözəlləşən möhtəşəm yurd yerinə çevirib. Türk-islam aləminin alınmaz qalası, Azərbaycan dövlətçiliyinin əməl və yaddaş mərkəzi olan bu gözəl yurdumuzda müstəqil dövlətçiliyimizin siyasi-ideoloji mövqeyi, azərbaycançılıq ideyaları daha da inkişaf etdirilir, insan amili həmişə ön planda saxlanılır. Çox əlverişli iqtisadi-coğrafi mövqedə yerləşən muxtar respublikanın sivilizasiyaların qovşağında, Transqafqaz nəqliyyat dəhlizinin mərkəzində yer alması, bu amillərlə yanaşı, istehsal potensialının aydan-aya daha da artması, ixrac imkanlarının daha da genişlənməsi Naxçıvanın zirvələr fəth etməsinə yol açır. Tərəqqi, yüksəliş və sabitlik dövrünü yaşayan müasir Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası Prezident İlham Əliyevin bu sözlərinin real həyatdakı təsdiqidir: “Biz inamla irəliyə gedirik. İrəliyə getmək üçün bizim yolumuz açıqdır. Bu yolun təməlini Ulu Öndər qoymuşdur... Bizim yolumuz müstəqillik, milli ləyaqət, inkişaf, tərəqqi yoludur. Bizi bu yoldan heç kim döndərə bilməz”.

Rauf Kəngərli

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR