22 Dekabr 2024, Bazar

Muxtar respublikada keçirilən beynəlxalq seminarda iştirak edən almaniyalı mütəxəssislər bu fikirdədirlər

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dəstəyi, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi, Azərbaycan Hüquqşünasları Konfederasiyası, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və Almaniya Federal Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun təşkilatçılığı ilə Naxçıvan şəhərində “Naxçıvan Muxtar Respublikasında aparılan məhkəmə-hüquq islahatları: hakimlər üçün Avropa İnsan Hüquqları Konvensiyasına dair (Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci və 6-cı maddələrinə xüsusi diqqət yönəldilməklə)” ikigünlük Beynəlxalq Seminar keçirilib. Seminarda yerli hüquqşünaslarla yanaşı, beynəlxalq mütəxəssislər də iştirak ediblər. Almaniya Federal Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun Cənubi Qafqaz üzrə layihə rəhbəri Tereza Talhammer, Almaniya Federal İnzibati Məhkəməsinin sabiq hakimi, tərkib sədri doktor Otto Mallmann, Almaniya Federal Publik İdarəçilik İnstitutunun dövlət və Avropa hüququ üzrə professoru Mixaela Vittinqerlə görüşüb onların Naxçıvan Muxtar Respublikası, burada aparılan məhkəmə-hüquq islahatları ilə bağlı fikirlərini öyrəndik:

– Əvvəlcə xanım Talhammerdən soruşmaq istərdik, layihə rəhbəri kimi tədbirin keçirilməsi üçün yaradılan şərait sizi qane etdimi?
– Mən Almaniya Federal Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun Cənubi Qafqaz üzrə layihə rəhbəriyəm. Bu tədbiri keçirməkdə məqsədimiz Naxçıvanda fəaliyyət göstərən hakimlərə, vəkillərə, prokurorluq orqanlarının nümayəndələrinə Avropa İnsan Hüquqları Konvensiyasının məzmunu barədə daha ətraflı məlumat vermək və onun müddəalarının tətbiqi məsələlərini müzakirə etmək idi. Belə seminarları biz Azərbaycanın bir çox yerlərində keçirmişik. Bu dəfə də Naxçıvanda keçirmək qərarına gəldik. Burada yaradılan şərait, göstərilən diqqət bizi məmnun etdi.

– Naxçıvanda həyata keçirilən hüquqi islahatlar və burada məhkəmə-hüquq sisteminin fəaliyyəti ilə tanış olmaq imkanı əldə etdiniz. Təəssüratlarınız necədir?
– Beynəlxalq Hüquq Əməkdaşlığı Fondu adından deyə bilərəm ki, Naxçıvanda çox müsbət təəssüratlar aldıq. Xüsusilə burada yaradılmış infrastruktur bizim çox xoşumuza gəldi. Apardığımız müzakirələr zamanı məlum oldu ki, həm milli qanunvericiliyinizlə bağlı, həm də Avropa İnsan Hüquqları Konvensiyasının tətbiqi ilə bağlı çoxlu maraqlı müzakirə mövzuları var. Bu da özünü müzakirələrin gedişində bir daha büruzə verdi. Naxçıvanda həm milli qanunvericiliyi, həm də Avropa İnsan Hüquqları Konvensiyasını mükəmməl bilən hüquqşünaslar fəaliyyət göstərir. Hesab edirəm ki, bu da Naxçıvanda həyata keçirilən məhkəmə-hüquq islahatlarının, bu sahəyə göstərilən diqqətin nəticəsidir.
– Cənab Mallmann, bəs sizi Naxçıvanda nə cəlb etdi? Naxçıvanın müxtəlif yerləri ilə tanış olmusunuz. Naxçıvan yaddaşınızda nə ilə qalacaq?
– İlk növbədə qeyd etməliyəm ki, məni Naxçıvanın inkişafı, gözəlliyi və xüsusən təmiz havası yaxşı mənada təəccübləndirdi, mənə xoş təsir bağışladı. Mənə elə gəlir ki, Naxçıvan bu qədər gözəl təbiəti, tarixi məkanları ilə xarici ölkələrdən olan turistləri cəlb edə bilər. Lakin xarici ölkə­lərdə Naxçıvan haqqında insanların kifayət qədər məlumatı yoxdur. Biz burada Nuh peyğəmbərin dövrünə qədər gedib çıxan tarixi izləri gördük. Bu, çox xoş təəssürat yaradır. Bu göstərir ki, bura sivilizasiyanın qədim mərkəzlərindəndir və deməli, burada dövlət və hüquq sisteminin qədim tarixi var.  Biz qayaların yaratdığı maraqlı təbiət mənzərəsi olan Əshabi-Kəhf və üzən adaya sahib Batabat gölündə gördüklərimizin hələ də sehrindəyik. Bu, Naxçıvanın başqa bir yerdə rast gəlinməyən təbiət gözəllikləridir.  
– Bildiyimiz kimi, xanım Mixaela Vittinqer Avropa hüququ üzrə professordur. Naxçıvanda hüquq sistemində çalışan insanların Avropa hüquq sistemi ilə tanışlıq səviyyəsi sizi qane etdimi?
– Əlbəttə. Mən çox şadam ki, bugünkü tədbirdə belə çoxlu sayda hakimlər iştirak edir. Onların iştirakı, sadəcə, formal xarakter daşımır. Onlar müzakirələrə qoşulur, müxtəlif suallar ünvanlayır və müqayisələr aparırdılar. Bu da onu göstərir ki, Avropa İnsan Hüquqları Konvensiyasına burada çox böyük maraq mövcuddur. Söhbət təkcə maraqdan deyil, həm də bu sahədə onların geniş bilgiyə sahib olmasından gedir.  Bu da çox müsbət bir haldır. Bu, onu göstərir ki, burda olan hakimlər qərarlar qəbul edərkən Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad edirlər və bunu üstün tuturlar.
Bu, mənim Azərbaycana, həmçinin Naxçıvana ilk səfərim idi. Hesab edirəm ki, gələcəkdə belə bir əməkdaşlığın davam etdirilməsi üçün yaxşı perspektivlər mövcuddur.
Naxçıvanla bağlı təəssüratlarıma gəlincə, ən çox xoşuma gələn cəhət insanların mehribanlığı və qonaqpərvərliyi oldu. Biz çox isti şəkildə qarşılandıq, bizim qayğımıza qaldılar,  regionun maraqlı yerlərində olduq.
Bu tədbir çərçivəsində hakimlərlə olan şəxsi söhbətlərimiz, şəxsi fikir mübadilələri hamısı bizim üçün xoş oldu.
– Müsahibəyə görə çox sağ olun!

Elnur KƏLBİZADƏ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR