26 Dekabr 2024, Cümə axşamı

Muxtar respublikamızda xalçaçılıq ənənəvi xalq yaradıcılığının ən qədim və geniş yayılmış növlərindən biridir. Tarixboyu Naxçıvan xalçaçılıq məktəbinin nümunələri özünəməxsus ornamentləri ilə fərqlənmişdir. Müxtəlif yazılı mənbələrin məlumat obyektinə çevrilmiş Naxçıvan xalçaları xalqın maddi-mədəni irsinin formalaşmasında mühüm rol oynamışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Xalça toxumaq sənəti tarixən Azərbaycanda, o cümlədən Naxçıvanda aparıcı peşə sahələrindən biri olmuşdur. Təbiəti, ictimai və mədəni inkişaf səviyyəsi, həyat və məişət şəraiti Naxçıvanda xalçaçılığı hələ uzaq keçmişlərdə sənətkarlığın mühüm sahələrindən birinə çevirmişdir. Bu ərazidə istehsal edilən iriölçülü, qalın toxunuşa malik xovlu və xovsuz xalçalardan məişətdə geniş istifadə edilmişdir. Arxeoloji qazıntılar zamanı əldə olunmuş ibtidai gil cəhrələr və sümükdən hazırlanmış iy ucları Naxçıvanın qədim toxuculuq mərkəzlərindən biri olduğunu təsdiq edir”. 

Muxtar respublikamızda xalqın yaradıcı təfəkkürünün məhsulu olan nümunələrin qorunması ilə bağlı tədbirlər davam etdirilir. Bu tədbirlərin bir hissəsini də xalçaçılıq sahəsində mövcud ənənələrin mühafizəsi və inkişaf etdirilməsi təşkil edir. Görülən işlərin sistemli şəkildə davam etdirilməsində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” xüsusi yer tutur. Proqramda nəzərdə tutulan tapşırıqların icrası cari ilin aprel-iyun aylarında da diqqətdə saxlanılmışdır. Belə ki, ikinci rübdə “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Xalq Yaradıcılığı Emalatxanasında 6 xalça toxunmuş, 3 xalçanın, həmçinin Cəlilkənd buzxanasında 1 xalçanın toxunuşu davam etdirilmişdir.

Dövlət proqramının icrası istiqamətində əvvəlki illərdə yaradılmış əllə toxunmuş xalçaların reyestri sistemi bu sahədə mövcud nümunələrin qorunması və gələcək nəsillərə ötürülməsində əvəzsiz rola malikdir. İkinci rübdə sistemə daxil edilmək üçün 12 xalçanın pasportlaşdırılması həyata keçirilmişdir.
Xalq yaradıcılığının müxtəlif sahələrinin mükəmməl qaydada öyrənilməsinin təmin edilməsi üçün elmi araşdırmaların aparılması xüsusi önəm kəsb edir. Çünki tədqiqat işləri nəticəsində əldə edilən yeni məlumatlar müxtəlif elmi nəşrlərin hazırlanmasında əsas rolda çıxış edir. Eyni zamanda müəyyən edilmiş faktlar unudulmaqda olan ənənələrin də bərpasına səbəb olur. Dövlət Proqramında da Naxçıvan xalçaçılıq məktəbinin elmi cəhətdən və sistemli araşdırılması ilə bağlı tapşırıq nəzərdə tutulmuşdur. İkinci rübdə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin təsdiq olunmuş elmi-tədqiqat planına əsasən Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunda “Naxçıvanda xalçaçılığın inkişaf tarixi” mərhələsi üzrə tədqiqatlar aparılmışdır. Tədqiqatlara dair açıq dünya ensiklopediyası olan Vikipediyada toxuculuq sənəti haqqında məqalə yerləşdirilmişdir. Eyni zamanda müxtəlif internet portallarında “Naxçıvan memarlıq abidələri və xalça nümunələri üzərindəki ornamentlərin oxşarlığı” və “Naxçıvan xalçalarında Əcəmi möhürü” başlıqlı məqalələr yayımlanmışdır.

Muxtar respublikamızda əllə xalçatoxuma sahəsinin genişləndirilməsinə xüsusi əhəmiyyət verilir. Bu istiqamətdə peşə təhsilinin də təşkili xalçaçılıq üzrə müdavimlərin sayının artmasına imkan yaradır. Proqramın icrasına uyğun olaraq Ordubad Texniki Peşə və Sürücülük Məktəbində 4 dekabr 2019-cu il tarixdən xalçaçı kursu fəaliyyətə başlamışdır. 12 müdavim cari ilin iyun ayında kursu başa vuraraq sertifikatla təmin olunmuşdur.
Xalçaçılıq sahəsində məşğulluğun təmin edilməsi üçün yeni infrastrukturun yaradılması mühüm əhəmiyyət kəsb edir. İkinci rübdə Dövlət proqramında nəzərdə tutulmuş tapşırıqların icrası məqsədilə Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının, eləcə də yun və boyaq bitkilərinin tədarükü məntəqəsinin yaradılması davam etdirilmişdir. Dövlət proqramının icrası Naxçıvan xalçaçılıq məktəbinin yaşadılması üçün yeni imkanlar yaradacaqdır.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR