Millət sənə göz dikibdir,
Möhkəm qoru səngəri.
“Marş irəli!” deyir Vətən,
Azərbaycan əsgəri!
Hərdən mənə elə gəlir ki, ordumuzun əsgərləri haqqında müasir ədəbiyyatımız tam sözünü deməyib. Doğrudur, ordu və əsgərlərimiz haqqında zaman-zaman yazılmış müxtəlif ədəbi nümunələrə rast gəlmək mümkündür. Ancaq etiraf edək ki, barmaqla sayılacaq bir neçə poetik nümunələrdən başqa, dillərdə dastan olacaq, hər kəsin qəlbini və dilini saracaq emosional yaradıcılıq nümunələri hələ də öz müəlliflərinin qələmini gözləyir. Doğrusu, yazıya poetik girişlə başlamağı düşünmürdüm. Lakin təsadüfən Azərbaycan əsgərinə həsr olunmuş bir şeri dinləməyim, həmin şerin sonuncu dörd misrası yazıya girişi, bir də yuxarıda qeyd etdiyim düşüncələri siz dəyərli oxucularla bölüşmək imkanını təmin etmiş oldu...
Ordu hər bir dövlətin müstəqilliyinin təminatçısı olduğu kimi, ölkənin hərtərəfli inkişafının da qarantıdır. Və ya əksinə, hər bir ölkənin inkişafı, onun ordusunun da inkişafını təmin edir. Ötən əsr Azərbaycan Milli Ordusu üçün həm yaranma, həm də bərpaolunma tarixləri ilə yadda qalsa da, Silahlı Qüvvələrimiz heç zaman indiki kimi güclü və nizami hərbi birləşmələrə malik olmamışdır. Təəssüflər olsun ki, hər iki tarixi şəraitdə itirilən torpaqlarımızın əsl səbəbi də məhz ordumuzun yeni yaranma və formalaşma dövrü ilə bağlı olmuşdur. Elə buna görə də müasir Silahlı Qüvvələrimizin qarşısında bu tarixi ədalətsizlikləri bərpa etmək, Vətənimizin öz haqqını özünə qaytarmaq kimi şərəfli vəzifə dayanır. Azərbaycan əsgəri isə buna çoxdan hazırdır.
Qeyd etmək yerinə düşər ki, Azərbaycanda ordu quruculuğunun əsası ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövründə qoyulmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il sentyabrın 7-də ümummilli liderin rəhbərliyi ilə keçirilən sessiyasında ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin təşkil olunması haqqında qərar qəbul edilmişdir. Bu hadisə Azərbaycanın müstəqillik tarixində əhəmiyyətli yer tutur. Məhz Naxçıvandan başlayan milli ordu quruculuğu prosesi ulu öndərin xalqın təkidli tələbi ilə ikinci dəfə ölkəmizdə ali hakimiyyətə qayıdışından sonra da uğurla davam etdirilmiş, Azərbaycanın müdafiə qüdrətinin artırılması və Silahlı Qüvvələrin formalaşdırılması ardıcıl şəkildə həyata keçirilmişdir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da Silahlı Qüvvələrimizin birləşmə və hissələri yaradılmışdır. Bu hissələr mühüm inkişaf yolu keçərək regionun təhlükəsizliyinin qorunmasında öz sözünü deyir. Belə hərbi hissələrdən biri də Naxçıvan Qarnizonunun Şahbuz rayonunda yerləşən “N” hərbi hissəsidir. Son illərdə ordu quruculuğu ilə bağlı həyata keçirilən tədbirlər, eyni zamanda əsgər və zabitlər üçün burada yaradılmış şərait layiqli xidmət üçün gözəl imkanlar açır. Bununla bərabər, əsgər və zabitlərin mənzil-məişət şəraiti yaxşılaşdırılır, hərbi hissələrin maddi-texniki təminatı möhkəmləndirilir. Uzağa getməyək. Elə son gününü yaşadığımız oktyabr ayında adıçəkilən hərbi hissədə görülən işlərin davamı olaraq, yeni texniki park və sursat anbarı istifadəyə verilmişdir. Texniki parkda hərbi texnika və avtomobillərin saxlanılması, təlimata uyğun istifadə və istismarı, eləcə də onlara gündəlik texniki xidmətlərin göstərilməsi üçün lazımi şərait yaradılmışdır. Parkda texniki nəzarət məntəqəsi üçün ikimərtəbəli bina da inşa olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov yaradılmış şəraitlə tanış olaraq hərbi şəhərcikdə yeni əsgəri-məişət kompleksinin, əsgər və zabit ailələri üçün yataqxana binalarının tikilməsi barədə müvafiq tapşırıqlar vermişdir. Yeri gəlmişkən vurğulayaq ki, 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu hərbi hissədə olmuş, zabit və gizir ailələri üçün tikilmiş beşmərtəbəli binanın açılış mərasimində iştirak etmişdir. Hərtərəfli şəraitlə təmin edilmiş mənzillərin orderlərini də sahiblərinə ölkə başçısı şəxsən təqdim etmiş, onlara xoş arzularını çatdırmışdır. Bir sözlə, ordu quruculuğuna göstərilən bu yüksək diqqət əsgər və zabitləri daha da ruhlandırır, onları böyük ruh yüksəkliyi ilə Vətənə qulluq etməyə sövq edir. Hərbi hissənin zabiti İsrail İsgəndərovun dediklərindən:
– Digər hərbi hissələrdə olduğu kimi, xidmət etdiyimiz bu hərbi hissədə də hərtərəfli şərait var. Hərbi hissənin müasir döyüş texnikaları, artilleriya qurğuları, atıcı silahlarla təmin edilməsi ondan düzgün istifadə etmək zərurətini də ortaya qoyur. İndi ötən əsrin 90-cı illərinin əvvəlindən fərqli olaraq, bunlardan layiqincə istifadə edəcək yüksək hazırlıqlı zabit heyəti də var. Həmin zabitlərimiz öz bilik və bacarıqlarını əsgərlərlə bölüşür, şəxsi heyətin döyüş hazırlığında mühüm rol oynayırlar. Əsgərlərimizin fiziki və mənəvi hazırlığı hərbi hissədə hər zaman diqqət mərkəzində olan məsələlərdəndir. Şəxsi heyətin fiziki hazırlığında burada açıq havada yaradılmış idman kompleksi mühüm rol oynayır. Həm səhər idmanında, həm də fiziki tərbiyə dərslərinin keçilməsində kompleksin mühüm əhəmiyyəti var.
Digər həmsöhbətimiz – hərbi hissənin zabiti Cəlil Məmmədov isə şəxsi heyətin vətənpərvərlik tərbiyəsinin yüksəldilməsində həyata keçirilən tədbirlərdən danışdı. Müsahibimiz qeyd etdi ki, əsgərlərin döyüş ruhu onlarda mübarizlik əzminin daim yüksəkdə olmasını təmin edir. Çünki döyüşdə əzmkarlıq, qətiyyətlilik, düşmənə nifrət hissi qalib olmağın əsas şərtlərindəndir. Buna görə də hərbi hissədə müvafiq bölmə komandirləri tərəfindən bu istiqamətdə tədbirlər həyata keçirilir, təbliğat işləri aparılır. Ordumuza göstərilən qayğının nəticəsidir ki, hazırda əsgərlərimiz öz xidməti vəzifələrini layiqincə başa vurur, komandirlər tərəfindən mükafatlandırılırlar.
Hərbi hissədə bizi müşayiət edən İsrail İsgəndərovdan əsgərlərlə görüşüb söhbət etməyimizi xahiş edirik. Xahişimiz səmimiyyətlə qəbul edilir. Bir neçə dəqiqədən sonra Gəncə şəhərindən Elnur Qasımov, Şərur rayonundan İsabəy Şirəliyev, Naxçıvan şəhərindən Zaur Əliyev, əslən Cəbrayıl rayonundan olan, ancaq paytaxt Bakı şəhərində yaşayan Elçin Quliyevlə həmsöhbət oluruq. Müsahiblərimiz Vətən qarşısında xidmətin müqəddəsliyindən, hərb işinin incəliklərindən, komandirlərin onlara göstərdikləri yüksək diqqət və qayğıdan böyük həvəslə söhbət açırlar. Hərbi hissədə keçilən təlim və dərslərdən tutmuş asudə vaxtın səmərəli təşkilinədək müxtəlif mövzularda etdiyimiz söhbətlərdə hər kəsi birləşdirəcək bir fikir vardı: işğal altında olan torpaqlarımızın tezliklə azad olunması!
“Hər şey Vətən üçün!” şüarının əsl təsdiqini hərbi hissədə söhbətləşdiyimiz digər əsgərlərin də dilindən eşitdik. Sevindirici haldır ki, Vətən, Torpaq, Ordumuz haqqında fikirlərini əsgərlərimiz bizimlə səmimi olaraq bölüşürdülər. Vətən üçün ölmək yox, öldürmək məqamının yetişdiyini bu əsgərlərin dilindən eşitmək bizim üçün çox qürurverici idi və... Və bu qürurverici hadisədən sonra tam qətiləşdirdim ki, buradakı Vətən keşikçilərinin arzuladığı və intizarla gözlədiyi yeganə tapşırıq var: Ali Baş Komandanın ƏMRİ: “İrəli, Azərbaycan əsgəri!”
Səbuhi HƏSƏNOV