26 Dekabr 2024, Cümə axşamı

Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə hərbi təlimləri bunu bir daha təsdiq etdi

Son dövrlərdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında qarşılıqlı və yüksələn xətlə davam edən əlaqələrin mühüm istiqamətlərindən birini də hərbi əməkdaşlıq sahəsində həyata keçirilən tədbirlər təşkil edir. Həm ötən ay, həm də sentyabrın 5-də hər iki ölkənin Silahlı Qüvvələrinin şəxsi heyətinin və hərbi-texniki vasitələrinin iştirakı ilə keçirilən hərbi təlimlər təkcə Türkiyə və Azərbaycanda deyil, digər ölkələrdə də diqqətlə izlənilir. 

Xüsusilə ən son – Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində ermənilərin pozucu və təxribat xarakterli hücumundan sonraya təsadüf edən bu təlimlər düşmən ölkədə narahatlıqla qarşılanır. Təbii ki, düşmən bu təxribatına görə öz payını artıqlaması ilə aldı və ordumuz bir daha sübut etdi ki, ölkəmizə qarşı uzanan istənilən çirkin əli kəsməyə hazır və qadirdir. Eyni zamanda düşmən bunu da anlamamış deyil ki, Azərbaycan müstəqil ölkədir və digər ölkələrlə əməkdaşlıq əlaqələrini də müstəqil olaraq öz mənafeyinə uyğun qurur. Cənubi Qafqazın regional güc mərkəzi sayılan Azərbaycan digər sahələrlə yanaşı, hərbi sahədə də böyük hədəflərə qarşı addım-addım irəliləyir və milli ordumuzun bu gün dünyanın ən güclü 50 ordusundan biri olması bu sahədə böyük yol keçməyimizdən xəbər verir. Eyni zamanda Azərbaycan öz ordusunun yüksək səviyyədə hazırlığını daim diqqət mərkəzində saxlayır və keçirilən təlimlər də buna xidmət edir. Digər tərəfdən hər iki ölkənin silahlı qüvvələri tərəfindən keçirilən təlimlərin Naxçıvanda təşkil olunması muxtar respublikanın hərbi təhlükəsizliyi baxımından böyük əhəmiyyət kəsb edir. Hamımıza məlumdur ki, Azərbaycan dövləti tərəfindən Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyi daim prioritet məsələlərdəndir və son illərdə bununla bağlı çox mühüm addımlar atılıb. Belə ki, muxtar respublikanın təhlükəsizliyinin təmin edilməsi Azərbaycan Silahlı Qüvvələrinin tərkibində, lakin müharibə şəraitində müstəqil koordinasiya səlahiyyətlərinə malik orduya – Əlahiddə Ümumqoşun Orduya həvalə olunub. Bu ordu yarandığı dövrdən indiyədək mühüm inkişaf mərhələləri keçərək müasir hərbi-texniki vasitələrlə təmin edilib, şəxsi heyətin peşəkar­lığı dəfələrlə artırılıb. Bütün bunlarla bərabər, istənilən ordunun döyüş hazırlığı təlimlərdən asılıdır. Çünki təlimlər nəzəri biliklərin praktik icrası baxımından sınaq meydanı sayılır. Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti bundan əvvəl də qardaş ölkənin hərbçiləri ilə birgə təlimlərdə iştirak edib. Lakin budəfəki təlimlər miqyasına və konsepsiyasına görə əvvəlkilərdən xeyli fərqlənir. Təsadüfi deyil ki, bu təlimlərə xarici mətbuatda da geniş yer verilib.

Hər şeydən əvvəl, məlumat verildiyi kimi, sentyabrın 5-də keçirilən hərbi təlim Türkiyə və Azərbaycan respublikaları arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən keçirilib. Həmçinin bu, iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təliminin birinci mərhələsi idi. Məlumata görə, təlimin hazırlanması və keçirilməsinə, ümumilikdə, 5 min nəfərə qədər, döyüş atışlı mərhələnin keçirilməsinə isə 2 min 600-dən artıq şəxsi heyət cəlb edilmişdi. Bundan başqa, 200-dən artıq tank və digər zirehli texnika, 180-ə yaxın müxtəlifçaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemlər və minaatan, 18 təyyarə, helikopter və pilotsuz uçuş aparatı, 30-dan çox hava hücumundan müdafiə vasitəsi və 320-yə yaxın avtomobil texnikası iştirak edirdi. Təlimə hazırlıq dövründə birgə qərargahlar tərəfindən keçirilən məşqlərdə müxtəlif səviyyədə qərargahlar arasında qarşılıqlı əlaqənin təşkili diqqət mərkəzində saxlanılmış, düşmən fəaliyyətlərinin təqlid edilməsi məqsədilə təlim sahəsində 28 hədəf rayonunda 800-ə yaxın hədəf və 90-dan çox maketdən istifadə edilmişdir. Yaradılmış hədəf rayonunun 100 faizi, hədəflərin 85 faizdən, maketlərin isə 90 faizdən çoxu məhv edilmişdir. İdarəetmənin və atəşin düzgün planlaşdırılması nəticəsində 32 raketə, 220 iriçaplı mərmiyə, 4 aviasiya bombasına və 7800-dən çox atıcı silahların döyüş sursatına qənaət edilmişdir.
Diqqətçəkən məsələlərdən biri də təlimlərə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası, “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadası və Naxçıvan Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlı bölmələrinin də cəlb olunması idi. Təlimin ssenarisində bu birliklərin iştirakı ilə bir sıra istiqamətlər üzrə əməliyyatlar hazırlanaraq icra olunmuş, döyüş təyyarələri və helikopterlərin keçidi ilə təlim başa çatmışdır. Əldə olunan nəticələrə görə, təlimdə qarşıya qoyulmuş vəzifələrin icrasına yüksək səviyyədə nail olunmuşdur.
Qeyd edək ki, bu genişmiqyaslı təlimi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov və Türkiyə Respublikasının 3-cü Ordu Komandanı, general-polkovnik Şərəf Öngay izləmişlər. Ali Məclisin Sədri keçirilən təlimi yüksək qiymətləndirərək demişdir: “…Bu gün Azərbaycan-Türkiyə əlaqələri strateji tərəfdaşlığa əsaslanır və bunun tərkib hissəsi kimi ordu quruculuğu sahəsində ardıcıl tədbirlər görülür. Ölkələrimiz arasındakı qarşılıqlı hərbi əməkdaşlıq birliyimizi daha da möhkəmləndirir. Keçirilən birgə hərbi təlim də göstərdi ki, bizim gücümüz birliyimizdədir… Silah və texnika təminatı hələ güclü ordu yaratmaq demək deyil. O ordu güclüdür ki, onun şəxsi heyətində vətənpərvərlik ruhu və peşəkarlıq vardır. Hərbi təlimdə qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi də bir millətin, iki dövlətin ordularının yüksək döyüş qabiliyyətinə və birliyə malik olduğunu təsdiq etdi”.

Türkiyə Respublikasının 3-cü Ordu Komandanı, general-polkovnik Şərəf Öngay isə keçirilən təlimlə bağlı fikirlərini belə ifadə etmişdir: “Birgə təlim Türkiyə-Azərbaycan qardaşlığının daha bir ifadəsinə çevrildi. Ordular arasında ikitərəfli əlaqələrin genişləndirilməsi nəticəsində təlim planauyğun şəkildə icra olundu. Müasir silah və texnikalara sahib olmaq döyüşün qazanılması demək deyil. Vacib olan bu silah və texnikalardan peşəkarlıqla istifadə edə bilən şəxsi heyətin olmasıdır. Döyüş cəsur və igid əsgərlərlə qazanılır. Bu gün keçirilən təlim bunun bariz nümunəsidir. Təlim zamanı hədəflərin sərrast vurulması dosta güvən, düşmənə isə gözdağıdır”.

Həmçinin təlimdən sonra silahlanmaya yeni qəbul edilən hərbi radiokəşfiyyat vasitələrinə baxış olmuş, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Əlahiddə Ümumqoşun Ordunun zabitlərindən bir qrupuna orden və medallar təqdim edilmiş, təlimdə fərqlənən zabit, gizir və əsgərlər qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.
Keçirilən təlim ordumuz, muxtar respublikamız üçün bir çox əhəmiyyətli tərəfləri ilə seçilir. İlk olaraq bu təlim “bir millət, iki dövlət”in sarsılmaz birliyini ortaya qoyur. Təlimdəki əsas məqsəd hər iki tərəfin qoşun birləşmələri arasında təcrübə mübadilələrinin genişləndirilməsi, idarəetmənin təmin edilməsi, qərargahlar arasında əlaqələrin təşkili olduğundan burada hər iki tərəf üçün mühüm təcrübələrin qazanıldığı şübhəsizdir. Birinci ona görə ki, Azərbaycan hazırda müharibə vəziyyətində olan, Türkiyə isə birbaşa hansısa ölkə ilə müharibə vəziyyətində tərəf olmasa da, öz təhlükəsizliyi baxımından sərhədlərində daim müxtəlif güclərlə bu və ya digər şəkildə mübarizə aparan ölkədir və hər iki tərəf müəyyən təcrübəyə malikdir. Keçirilən təlim isə bu cür təcrübələrdən yararlanmaq imkanı verir. Digər tərəfdən müharibə şəraitində qərargahlar arasında əlaqələrin, həmçinin vahid koordinasiyanın təşkili döyüşün qazanılması üçün əsas amillərdən sayıldığından burada da mühüm perspektivlərin əldə olunduğu şübhəsizdir. Bu perspektivlərin əhəmiyyətlilik dərəcəsini artıran odur ki, digər ölkələrin təlim təcrübəsindən fərqli olaraq burada hər iki tərəf üçün dil baryeri yoxdur, vətənpərvərlik ruhu mental dəyərlərlə uzlaşır, təkcə təlimdə deyil, həyatda da ümumi hədəflər eynidir və sair.
Yeri gəlmişkən, təlimlərdə Türkiyə Silahlı Qüvvələrinin 3-cü Ordu Komandanlığının təmsil olunması geotaktiki baxımdan əhəmiyyət daşıyır ki, bu da Naxçıvan-Türkiyə hərbi əlaqələrində daim diqqət mərkəzində saxlanılıb. Ümumilikdə isə sentyabrın 5-də muxtar respublikamızda keçirilən hərbi təlimlər ordularımızın gücünü bir daha göstərməklə, düşmənlərimizə də növbəti gözdağı oldu.

- Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR