AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Hidrogeologiya və mineral sular laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədova Beynəlxalq Təbiətşünaslıq Akademiyasının Fəxri doktoru diplomunu alıb.
Məlumat üçün bildirək ki, Rusiya Təbiətşünaslıq Akademiyasının 25 illiyinə həsr olunan 8 mərhələli yubiley sessiyasının vəsatəti ilə akademiyanın nəşrlərində, konfrans, sərgi və müsabiqələrində fəal iştirak edən 10 alimə Beynəlxalq Təbiətşünaslıq Akademiyasının Fəxri doktoru adı verilib. Ölkə elmi nailiyyətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rolu olan Fizzə Məmmədova elm sahəsindəki xidmətlərinə, sözügedən elmi qurum ilə əlaqələrin inkişafındakı səmərəli fəaliyyətinə görə bu ada layiq görülüb.
Qeyd edək ki, Fizzə Məmmədova Fiziki kimya ixtisası üzrə 216 elmi əsərin, 100-dən artıq elmi publisistik məqalənin, o cümlədən 8 şəhadətnamənin, müəlliflik şəhadətnaməsinin, 1 patentin, 3 monoqrafiyanın və 2 qrant layihəsinin müəllifidir. Alimin çoxsaylı elmi əsərləri rus və ingilis dillərində nüfuzlu impakt faktorlu jurnallarda dərc olunub.
AMEA Naxçıvan Bölməsinin
mətbuat xidməti