22 Dekabr 2024, Bazar

Meydana latınca “platea”, ingiliscə  və fransızca “place” deyirlər. Şəhərlərin və kəndlərin  ictimai həyatı meydanlarda yaranıb, meydanlarda qərarlar oxunub, bu məkanda insanlar özlərini ifadə edib, bilik və bacarıqlarını nümayiş etdiriblər. Bayramlar da orada qeyd olunub, ələmlər də. Bir çox xalqlar kimi, Azərbaycan xalqı üçün də meydan, sözün həqiqi mənasında, YARANIŞDIR… Nə üçün yazıya meydanlardan başladım? Ona görə başladım ki, hər bir qələm adamı üçün ağ kağız  meydandır, yazılan hər bir söz özünüifadədir və kütlənin oxumasına, hər hansı bir məsələyə ictimaiyyətin diqqətinin yönəldilməsinə hədəflənib. Qədim zamanlarda qəzetlərin, romalıların təbirincə, “la gazzetta”ların da yeri meydanlarda ucaldılan sütunlar olub.

…Sentyabrın əvvəllərində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu və Naxçıvan Mətbuat Şurasının elan etdiyi yaradıcılıq müsabiqəsi də mənim üçün, bir növ, meydana çağırış oldu. Ona görə çağırış oldu ki, mövzu son on ildə Naxçıvanın inkişafını əhatə etməlidir və bu mövzuda yazıların hazırlanması böyük məsuliyyət tələb edir. O Naxçıvanın onillik inkişafı haqda yazılmalıdır ki, adının tarix kitablarına yazıldığı dövrdən bu yana onun sakinləri bu qədər inkişaf və çiçəklənmənin şahidi olmayıblar. Bəli, belə bir müsabiqəyə qatılmaq çoxdankı arzumdu. İstəyirdim ki, qələmimi sınayım və Naxçıvanın inkişafının hər hansı bir istiqaməti ilə bağlı düşüncə yelkənini yüksəldib fikir dənizində hədəfə doğru yola çıxım. İstiqamət çox, yanaşmalarım müxtəlif idi. Ancaq hədəf bəlliydi: Naxçıvanın son on ildə keçdiyi yolun məcmusu.
Nədən başlamaq, necə başlamaq mənim üçün hər zaman çətin olub. Elə bu məsələ üzərində baş sındırarkən yaxın ölkələrdən birində baş verən bir hadisə istiqamət verdi mənə. Bu, əhalinin məşğulluğu və əmək miqrasiyası ilə bağlı idi. İş orasındaydı ki, hadisələrin mərkəzində bir azərbaycanlı dayanırdı. O azərbaycanlı ki, iş, sərbəstlik, qanun-qaydalardan uzaq olmaq xəyalı ilə var-dövlət üçün başqa bir ölkəyə üz tutmuşdu və orada olmazın bəlalarla üzləşmişdi. Hər şeyi bir kənara qoyub sualımıza cavab tapmaq istərdik ki, həmin azərbaycanlı ölkə­də iş tapa bilmirdimi? Televiziya kanalları deyirdi ki, həmin gənc yemək bişirib satmaqla məşğul olub. Məgər o, bu işlə elə öz rayonunda məşğul ola bilməzdimi? Cavab birmənalıdır: ola bilərdi, sadəcə, macəra həvəsi onu bu ölkədən getməyə vadar etmişdi.
Məsələ orasındadır ki, müstəqillik illərinin əvvəllərində Azərbaycanda, eləcə də muxtar respublikada ən mühüm problemlərdən biri də məşğulluq problemi idi. Muxtar respublikadan əmək miqrantları müxtəlif ölkələrə üz tuturdular. Ancaq ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali    Məclisinin Sədri, sonra isə ölkə başçısı seçilməsindən sonra ölkəmizdən, eləcə də muxtar respublikamızdan işçi qüvvəsinin xaricə axınının qarşısı alındı. Təkcə bir faktı qeyd edək ki, 1995-ci ildən sonra muxtar respublikada 70 mindən çox yeni iş yeri yaradılıb. Əmək ehtiyatlarından daha dolğun istifadə etmək və əhalinin səmərəli məş­ğulluğunu təmin etmək məqsədilə 2007-ci il 30 may tarixdə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasında məşğulluq strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı (2007- 2010-cu illər)”nın icrası uğurla başa çatdırılıb, dövlət proqramı ilə məşğulluq strategiyasının həyata keçirilməsi üzrə iqtisadi mühitin və əmək bazarının inkişafı, yeni iş yerlərinin açılması, əmək bazarında işçi qüvvəsinin keyfiyyətinin və rəqabət qabiliyyətinin yüksəldilməsi, işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər müəyyənləşdirilib.
Diyarımızda əhalinin məşğulluğu istiqamətində görülən işlərdən saatlarla danışmaq olar, ancaq mən əmək miqrasiyasının bir neçə baxış bucağından dəyərləndirilməsinin tərəfdarıyam. Niyə və necə gedirlər, niyə və necə qayıdırlar? Nələrlə üzləşirlər? Son illərdə görülən işlər insanların Vətənə qayıtmalarına hansı səviyyədə təsir göstərib? Suallar çoxdur.                  
Xarici ölkələrdən birində uzun müddətdir ki, əmək miqrantı kimi yaşayan, ordubadlı Məhəmməd Bağırovla sosial şəbəkə vasitəsilə tez-tez əlaqə saxlayıram. Məhəmməd  səmimi yoldaşlığı, gözəl əl qabiliyyəti, həlim xasiyyəti ilə hamının hörmətini qazanıb. O, bir neçə ildir,  ailə qurub, ancaq dediyinə görə, övladlarının üzünü az-az görə bilir. Məhəmməd müstəqilliyimizin ilk illərində şirin vədlərə, qısa müddətdə varlanmaq “həvəsinə” uyub xarici ölkənin yolunu tutub. Ordubad bağlarının minbir rəngli meyvələrinə, daşına, torpağına həsrət qalan tanışım indi həmişəlik qayıtmağa hazırlaşır. Onun dediklərindən:
– Bu ölkəyə gəlməzdən öncə bura mənə çox cəlbedici görünürdü. Buraya gələrkən gördüm ki, ara-sıra, necə deyərlər, “xala xətrin qalmasın” deyə rayona gələn tanışlar çəkdikləri əziyyətləri, qarşılaşdıqları məhrumiyyətləri məndən gizlədiblər. Bir neçə il burada əmək miqrantı kimi bazarlarda, gəmi tərsanələrində, çörəkbişirmə sexlərində, mətbəələrdə, balıqçılıq müəssisələrində işlədim. Qazancım isə əsəbilik, gərginlik, xəstəliklər, arzularımın puça çıxmasından, itmiş gəncliyimin bir daha geri qayıtmayacağı fikrindən doğulan təəssüf hissi oldu. Qərara gəldim ki, Vətənə dönməliyəm. Artıq təyyarə biletini də almışam. Elə bilirəm ki, bu bilet mənim azadlığımın, müstəqil bir ölkənin vətəndaşı kimi hürriyyətimin, doğma torpağım olan Naxçıvana, ailəmə qovuşmağımın sənədidir. Artıq heç bir şirin vəd, heç bir ehtiyac məni o xəyallar dünyasına apara bilməz. İndi başa düşmüşəm ki, mənim ən böyük ehtiyacım Vətəndir, doğma yurdum, elim, obamdır.
Naxçıvan şəhər sakini Məmmədhüseyn Tağıyev deyir ki, o, ötən əsrin 90-cı illərinin əvvəllərində iş üçün başqa ölkəyə yollanıb, orada uzun müddət zavod və fabriklərdə müxtəlif işlərdə işləyib. Orada olduğu zaman onun qazancı yalnız və yalnız bir neçə peşə olub. Boşa ötürdüyü illərdən böyük təəssüf hissi ilə söhbət açan müsahibim gəncliyinin bir neçə ilini hədər etdiyini etiraf edir: “Əgər o illlərdə Naxçıvanda qalsaydım və təhsilimi davam etdirsəydim, indi alitəhsilli biri kimi hansısa bir işin sahibi idim. Bəlkə də, gəncliyin təcrübəsizliyindən idi ki, mən uzun müddət başqa ölkədə əmək miqrantı kimi qalmalı oldum. Təbiidir ki, orada əmək miqrantı kimi heç bir haqlarım yox idi və  xəstələndiyim zaman iş yeri sahiblərindən də heç bir köməklik görmürdüm. Əksinə, gördüyüm işin axsadığını bilib məni işdən uzaqlaşdıranlar da olurdu.  Bir neçə ilimi beləcə əbəs yerə keçirdikdən sonra öz-özümə qərar verdim ki, öz Vətənimə – Naxçıvana qayıdacağam və işləyəcəyəm.  Beləliklə, mən Naxçıvana döndüm, ümidimi, necə deyərlər, dövlətimizə bağladım. Vətənə qayıtdığım zaman yurdumu doxsanıncı illərin əvvəllərindən çox fərqli, dəyişik gördüm: yeni bir Naxçıvan salınıb. Hər yerdə qayda-qanun, işgüzarlıq, əmin-amanlıq hökm sürür. Bu illərə qədər xarici ölkədə hansısa sahibkarın yanında üç-beş quruş  üçün işlədiyimi hələ də özümə bağışlaya bilmirəm. Dövlətimizin iş adamlarına göstərdiyi qayğının nəticəsidir ki, indi sahibkar­lıqla məşğul oluram. Özüm üçün kiçik bir biznes qurmuşam. Mənə bundan artıq daha heç bir şey lazım deyil. Özümə söz vermişəm ki, qüdrətli Azərbaycanın layiqli vətəndaşı kimi başqa bir ölkə­nin qapısını ancaq turist kimi açacağam. Ümumiyyətlə, itirdiyim illər mənim ən ağrılı yerimdir və sizinlə bu mövzuda söhbət açmağa ona görə razı oldum ki, qoy bu yazını oxuyan gənclər də ötəri həvəsə, çoxlu pul, var-dövlət qazanmaq arzusuna düşüb ən qiymətli gənclik illərini özgə qapılarında keçirməsinlər. Yaxşı həyat şəraitini də, cəmiyyətdə üstün mövqeyi də elə öz Vətənində qazanmaq olar. Bu gün dünyanın ən gözəl guşəsi saydığım Naxçıvanda bunun üçün hər cür imkanlar var.
Daha bir müsahibim, qonşu ölkə­lərdən birində əmək miqrantı kimi beş ilə yaxın yaşamış, alitəhsilli İntiqam Bayramoğlu isə ölkəyə qayıtmasının səbəbini belə əsaslandırır: “Son işlədiyimiz fabrik şüşə fabriki idi və içəridə günün bütün saatlarında cəhənnəm istisi olurdu. Yaşlı ustalardan biri qəliblərə yağ vurmaq üçün istifadə edilən, ucuna əski sarınmış məftili sobada bərk qızdırdı və yerə atdı. Mən isə böyüklərə hörmət xatirinə məftili yerdən qaldırıb ona vermək istədim. Nə oldu, bilirsinizmi? Məftil əlimə yapışdı və onu zor-güclə yerə ata bildim. Ustalar isə şaqqanaq çəkib güldülər. Usta könlümü almağa çalışdı və dedi ki, bu gün sizin ölkənizdə həyat şəraiti regiondakı bütün ölkələrdən yaxşıdır. Təkcə bir misal: Azərbaycan manatı məzənnəsinə görə ABŞ dollarını belə üstələyir. Hər gün yeni zavod-fabrik açılır, yeni iş yerləri yaradılır. İşıq, qaz, rabitə, su və digər xidmətlərin haqları qəpik-quruşa bərabərdir. Daha nə istəyirsiniz? Bu dəqiqə imkanım olsa, köçüb Azərbaycanda yaşayaram.
Doğru sözə nə deyəsən? Belə bir hadisə öz Vətənimdə başıma gələ bilərdimi? Əlbəttə, yox.   
Bu yazıda son illərdə muxtar respublikamızın inkişafını, çiçəklənməsini görüb, sabaha böyük inam və ümidlə Vətənə, öz yurd-yuvasına, ocağına qayıdan onlarla yurddaşımızın adını çəkmək olar. Bir neçə misalla fikrimi ifadə etməkdə məqsədim o idi ki, yurdumuzda görülən işlərin, həyata keçirilən tədbirlərin bir amala – vətəndaşların yaxşı yaşamasına, layiqli həyat sürməsinə, bir sözlə, insan amilinə xidmət etdiyinin bariz nümunələrini real həyatda qarşılaşdığımız, əhatəmizdə olan insanların timsalında oxucularımızın diqqətinə çatdıra bilək. Onu da deyək ki, Naxçıvanımızın bu səviyyədə inkişafından fəxarət hissi keçirmək üçün əsasımız çoxdur və fəxr etmək hamımızın haqqıdır. Gələcəyimizi ən yaxşı şəkildə qurmaq üçün  hər birimizə bərabər imkanlar yaradılıb. Geriyə, sadəcə, dönməz iradə, zəhmət, dövlətə, dövlətçiliyə sədaqət, Vətənə sonsuz məhəbbət və qanun-qaydalara lazımınca əməl etmək qalır.
Son on ildə öz miqyasına görə  biz muxtar respublika sakinlərinin qürur duya biləcəyi, xüsusən də əhalinin məşğulluğu ilə bağlı bir neçə faktı həm Naxçıvanı sevənlərin, həm də ağı qara görməyə aludə olanların diqqətinə çatdırmağı özümüzə borc bildik. Beləliklə, bu yaxınlarda nəfis şəkildə çap olunmuş “Naxçıvan – 2003-2013: Hədəflər, inkişaf, nəticələr” kitabındakı mövzu ilə bağlı bir neçə ürəkaçan göstəriciyə nəzər salaq. Son on ildə dövlət tərəfindən sahibkarlıq subyektlərinə 89,8 milyon manat güzəştli kredit verilib, kənd  təsərrüfatı məhsulları istehsalçılarına 22,7 milyon manat yardım ayrılıb. Ümumi məhsul istehsalının həcmində qeyri-dövlət müəssisələrinin payı 87 faiz olub. 954 istehsal və xidmət müəssisəsi yaradılıb, sahibkarlıq subyektlərinin sayı 2 dəfə artırılıb. Bu da o deməkdir ki, yüzlərlə insan dövlətimizin dəstəyi ilə iş sahibi olub, minlərlə insana işləmək imkanı yaradılıb, torpaqlarımız əkinsiz, qayğısız qalmayıb, kəndlinin öz kəndində işləməsi, gün-güzəran qurması tam təmin olunub. Naxçıvanda son on ildə nə az, nə çox 58 min 460 yeni iş yeri yaradılıb. Əlavə şərhə ehtiyac olmayan daha bir fakt ondan ibarətdir ki, bəhs olunan dövrdə  iqtisadi fəal əhalinin sayı 24,7 faiz, məşğul əhalinin sayı isə 30,1 faiz artıb, işsizliyin səviyyəsi sıfra enib.  Demək, ətrafda bu qədər boş iş yerləri olduğu halda, heç kimin “mən işsizəm” deməyə, ən azından, mənəvi haqqı yoxdur. Əhalinin gəlirləri 9,5 dəfə, əməkhaqqı 9,5 dəfə yüksəlib. Bəli, biz – Naxçıvan sakinləri artıq aylıq gəlirimizdən bir qədər də kənara qoyub, onları banklara əmanət edə bilirik. Böyük uğurdur, əziz həmvətənlərim, böyük nailiyyətdir. Bu uğurların əldə edilməsində əməyi olan hər bir insan alqışa, minnətdarlığa layiqdir.

Bəli, son on ildə muxtar respublikanın sosial-iqtisadi və mədəni həyatında böyük irəliləyişlər baş verib. Bir zamanlar işıqsız, qazsız qalan və digər məişət problemləri ilə çırpınan Naxçıvan nicat tapıb. Bu gün muxtar respublikada dünyanın müxtəlif ölkələrindən gələn əmək miqrantlarına Naxçıvanın inkişafında iştirak etmək imkanı yaradılıb. Bir sözlə, həyata keçirilən quruculuq prosesində  muxtar respublikanı sevən hər kəs fəal iştirak edir. Bundan kənarda qalanlara, “Naxçıvanda iş yoxdur” deyənlərə üzümü tutub deyirəm:

– Hələ ki gec deyil!..

Səbuhi HÜSEYNOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu
 və Naxçıvan Mətbuat Şurasının elan etdiyi “Naxçıvan: inkişafın 10 ili” mövzusunda yaradıcılıq müsabiqəsinə təqdim etmək üçündür.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR