Dünən Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyi işçilərinin təltif edilməsi haqqında” 18 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təltif edilən Energetika Agentliyi işçilərinə “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” və “Rəşadətli əməyə görə” nişanlarının təqdimat mərasimi keçirilib.
Mərasimdə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin Baş direktoru Yasin Səfərov çıxış edərək muxtar respublikada energetiklərə göstərilən dövlət qayğısından danışıb, muxtar respublika rəhbərinin energetiklərin təltif edilməsi ilə bağlı sərəncamını onların əməyinə verilən yüksək qiymət kimi dəyərləndirib. O qeyd edib ki, göstərilən diqqət və qayğının müqabilində agentlik əməkdaşları daha səylə çalışacaq, muxtar respublikanın etibarlı elektrik enerjisi ilə təminatına töhfələrini verəcəklər.
Sonra Naxçıvan Muxtar Respublikasında energetika sahəsində fəaliyyətlərinə görə təltif olunan energetiklərə “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” və “Rəşadətli əməyə görə” nişanları təqdim olunub. Energetiklər göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıqlarını bildiriblər.
Tədbirə agentliyin Baş direktoru Yasin Səfərov yekun vurub.
Xəbərlər şöbəsi