26 Dekabr 2024, Cümə axşamı

Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Veteranlar, ağsaqqallar milli-mənəvi dəyərlərimizin qızıl fondudur. Onlar hər cür qayğı və hörmətə layiqdirlər”. Bu gün qədim diyarımızda ulu öndərin hər bir arzusu, hər bir kəlamı rəhbər tutulur, görkəmli dövlət xadiminin siyasəti uğurla davam etdirilir. Ulu Naxçıvanımızda yaşadılan milli-mənəvi dəyərlərimizdən biri yaşlılara hörmət və ehtiramla yanaşmaq, onların qayğısına qalmaqdır. Qədim diyarımızda sakinlərin asudə vaxtlarının səmərəli təşkili, o cümlədən ağsaqqallara, təqaüdçülərə, veteranlara göstərilən qayğı, onların sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər təqdirəlayiqdir. Bu tədbirlər çərçivəsində yeni parklar, istirahət guşələri yaradılır, yaşayış məntəqələrində mədəniyyət evləri və klublar üçün yeni binalar istifadəyə verilir. 

Ötən günlərdə Şərur şəhərində istifadəyə verilən Təqaüdçülər Klubu bu qəbildən olan vətəndaşların asudə vaxtlarının səmərəli təşkili üçün yaradılan şəraitin daha bir əyani ifadəsidir. Biz də həmin ünvanda yaradılan şəraitlə yaxından tanış olmaq üçün oraya üz tutduq, elimizin ağsaqqalları ilə həmsöhbət olduq. Şərur şəhər sakini, ağsaqqal Elbrus Ələkbərovdan öyrəndik ki, binanın birinci mərtəbəsində iş otaqları, kitabxana, bufet və oyun zalı, ikinci mərtəbədə isə 2 dama və 2 şahmat zalı yerləşir. Klubun kitabxanasında 499 kitab vardır. Binanın həyətində abadlıq işlərinin aparılması və musiqili fəvvarənin quraşdırılması ağsaqqallarla bərabər, rayonun digər sakinlərini də sevindirib. Axşamüstü buranın həyəti uşaq, böyüklə dolu olur. Klubda gənclərin ağsaqqallarla görüşü təşkil edilir. Gənclərimiz bizə yaradılan şəraitlə tanış olur, məsləhətlər alırlar.

Şərur rayon Ağsaqqallar Şurasının sədri Mirhüseyn Seyidov:

– İnsan ömürboyu Vətəninə öz işlədiyi sahədə xidmət etməyə çalışır. Fərqi yoxdur müəllim, hərbçi, idmançı ya da bənna, pinəçi. Hansı sənətin, peşənin yiyəsi olursan-ol, vaxt gəlir, qocalıq qapımızda dayanır və biliyimizi, təcrübəmizi gənc nəslə verib təqaüdə çıxırıq. Evdə nəvələrimizlə günümüzü keçirir, boş vaxtlarımızda isə öz həmyaşıdlarımızla görüşüb söhbətləşəcək məkan sorağına çıxırıq. Belə bir yerin yaradılması biz ağsaqqallara ən böyük hədiyyədir. Burada kitab, qəzet jurnal oxumaq, nərd, şahmat oynamaq üçün yaradılan şərait ürəkaçandır. Mən rayon ağsaqqalları adından bizə göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlığımı bildirirəm.
Təqaüddə olan müəlim Rza Camalov:

– Uzun, çətin bir sınaqdan keçib xalqımızın dahi oğlunun ətrafında sıx birləşib bu günümüzə qovuşduq. O vaxtlar belə firavan yaşaya biləcəyimizi xəyal belə, etməzdik. Zaman keçdi, müstəqilliyimizin təməlləri möhkəmləndi və hər cəhətdən inkişafa nail olduq. İllər əvvəl gəzməyə nə bir yaşıllıq var idi, nə də əyləşib tay-tuşunla həmsöhbət olmağa bir yer. Bu gün təkcə rayonumuzda deyil, muxtar respublikamızın hər guşəsində quruculuq ünvanları göz oxşayır. Bütün bunlar isə sevincimizə səbəb olur, dövlətimizə minnətdarlıq hissimizi artırır.
Rayon ağsaqqallarından Musa Məmmədli, Qəzənfər Novruzov, İlyas Hüseynov muxtar respublikamızda bütün sahələrdə olduğu kimi, yaşlı nəslin nümayəndələrinə də xüsusi diqqət və qayğı göstərilməsindən, onların zəruri ehtiyaclarının ödənilməsindən söhbət açdılar. Bildirdilər ki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş müharibə veteranları və sağlamlıq imkanlarını itirmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi aparılan uğurlu sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir, xüsusi imtiyazlı təbəqədən olanların avtomobil və mənzillərlə təminatı diqqətdə saxlanılır. Bütün bunlarla yanaşı, onların asudə vaxtlarını səmərəli keçirmələri üçün də hər cür şərait yaradılır. Biz də bu şəraitdən səmərəli istifadə edərək vətənpərvər gənclər yetişdirilməsi, onların milli ruhda tərbiyə olunmaları və milli-mənəvi dəyərlərimiz əsasında formalaşmaları üçün uzun illər qazandığımız bilik və təcrübəni burada keçirilən görüşlərdə onlara aşılayırıq. Bunun üçün günün tələblərinə cavab verən, mənəvi tələbatımızı ödəyən, bizim üçün əsl mədəni istirahət yeri olan Təqaüdçülər klubunda digər tədbirlərə də böyük pönəm verilir, müxtəlif stolüstü oyunların yarışları təşkil edilir. Bir sözlə, bu gün şərurlu ağsaqqallar üçün bu məkanda yaradılanlar sanki onları cavanlaşdırıb. Bunun üçün minnətdarlığımızı bildiririk.
Ağsaqqal xalqın adət-ənənələrinin daşıyıcısı, nəsildən-nəslə ötürücüsüdür. Müasir cəmiyyətimizidə yeni nəslin tərbiyəsində, cəmiyyətin formalaşmasında, ümumiyyətlə həyatımızın bütün sahələrində ağsaqqal sözü, ağsaqqal məsləhəti əvəzsiz rol oynayıb. Onlara qayğı isə köklü ənənələrimizin bu gün də layiqincə yaşadılmasından xəbər verir.

- Ramiyyə ƏKBƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR