Dünən Heydər Əliyev Muzeyində builki qəbul imtahanlarında Naxçıvan Özəl Universitetinin tələbəsi adını qazanan 1+4 sistemi üzrə (xarici dil hazırlıq) təhsil alan gənclərin ingilis dilində açıq dərsi keçilib.
Muzeydə ilk dəfədir ki, xarici dildə keçilən dərsdə universitetin dil koordinatoru Hüseyn Bağırsoylu tərcüməçiyə ehtiyac olmadan tələbələrə ümummilli liderimizin həyatı və siyasi fəaliyyəti haqqında məlumat verib, dahi rəhbərin ölkəmizin gələcəyi naminə gördüyü işlərdən, gəncliyə göstərdiyi qayğısından danışıb.
Qeyd edilib ki, dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Ulu öndər Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Məhz dahi rəhbər Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamaqla dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib. Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı xalqımızın böyük oğlu Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin Əsas Qanununun – Konstitusiyanın qəbul edilməsi, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması ulu öndərimizin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələridir.
Vurğulanıb ki, ölkəmizdə Yeni Azərbaycan Partiyasının sıralarına hər il 25-30 min yeni üzvlər daxil olur ki, bunların da 50 faizindən çoxunu gənclər təşkil edir. Bu, o deməkdir ki, Azərbaycan gəncliyi taleyini Heydər Əliyev ideyalarına bağlayır, öz gələcəyini bu siyasi yolda görür.
Dərsdən sonra tələbələr arasında diskussiya keçirilib. Muzeyin bələdçisi Səma Həsənova tələbələrə ingilis dilində muzeydəki eksponatlar haqqında məlumat verib.
Xəbərlər şöbəsi