Hörmətli redaksiya!
Muxtar respublikamızda uğurla həyata keçirilən torpaq islahatları ilə bu qiymətli sərvətimiz əsl sahiblərinə verildi. Hər bir kənd adamı öz torpağında əkinçiliyin müxtəlif sahələri ilə məşğul olmağa başladı. Düzdür, ilk vaxtlarda çətinliklər də az olmadı. Torpaq mülkiyyətçiləri keyfiyyətli toxum, texnika, su problemləri ilə üzləşsələr də, qısa vaxtda bunların da həll olunacağına inanırdılar. Mən özüm də o çətinlikləri yaşamışam. Ancaq bu gün fərəh hissi keçirirəm ki, muxtar respublikamızda bir qarış torpaq belə, əkilməmiş qalmır. Hətta bələdiyyələrin fondunda saxlanmış torpaqlardan da qanunla müəyyən edilmiş qaydada istifadə olunur.
Mövcud şəraitdən bəhrələnən bir torpaq mülkiyyətçisi kimi mən də bu məktub vasitəsilə öz minnətdarlığımı bildirmək istəyirəm ki, bizə belə imkanlar yaradılıb.
Üç övladımla birlikdə ötən ilin payızında və cari ilin yazında 94 hektar sahədə taxıl əkini aparmışdıq. Bunun 5 hektarı arpa, 40 hektarı sulu, 49 hektarı Darıdağ ərazisində dəmyə sahədə əkdiyimiz buğda idi. Bütün aqrotexniki tədbirləri vaxtlı-vaxtında yerinə yetirdik. Bol məhsula sahib olduq. Həm taxıl əkinində, həm tədarükündə texnika sarıdan da çətinliyimiz olmadı. Çünki əvvəlki illərdə təsərrüfatımızdan qazandığımız gəlirlə yerşumlayan və gübrəsəpən traktorlar, kombayn, çizel almışıq. Bu texnikalarla həmkəndlilərimizə də əl tuturuq.
Cari ildə də əldə etdiyimiz məhsulun bir hissəsini gələn ilin məhsulları üçün toxum kimi ayırmış, bir hissəsini digər tələbatlar üçün saxlamış, yerdə qalanını satmışam.
Hazırda əkiləcək sahələrdə şum qaldırmağa başlamışıq.
Bizə yaradılmış şəraitə görə dövlətimizə minnətdarlığımızı bildiririk.
Hacı Həsənalı ƏSGƏROV
Culfa rayonu, Bənəniyar
kənd sakini