Salam, hörmətli “Şərq qapısı” qəzetinin əməkdaşları!
Bu məktubu redaksiyanıza ünvanlayaraq sevincimi oxucularla bölüşmək, dövlətimizə minnətdarlığımı çatdırmaq istəyirəm.
90-cı illərin əvvəlində xalqımızın başının üstünü qara buludlar alanda mən də digər polis yoldaşlarım kimi, Sədərəkdə və Şahbuzda düşmən hücumlarının qarşısının alınmasında iştirak edirdim. Həmin döyüşlərdə bir çox silahdaşlarımızı itirsək də, bir an belə, geri çəkilmədik. Mən həmin döyüşlərdə ağır yaralandım. Qazi oldum. O vaxtlar muxtar respublikamız çox çətin vəziyyətdə olsa da, digər yaralı hərbçi yoldaşlarım kimi, mənim də hər cür ehtiyacım qarşılandı, müalicə edildim. Uzun illərdir, bu qayğını üzərimizdə hiss edirik. Dövlətimizin əlinin daim çiynimizdə olması bizə qürur yaşadır.
Onu da deyim ki, ötən aylarda mən və bir neçə veteran minik avtomobili ilə təmin olunduq. Bu gün doğma Naxçıvanımızda aparılan məqsədyönlü tədbirlər bir daha sübut edir ki, dövlət daim öz vətəndaşının yanındadır. Atılan hər bir addım, dövlətimizin bu istiqamətdə həyata keçirdiyi tədbirlərin ardıcıl olduğunu, müharibə iştirakçılarına, Çernobıl əlillərinə yüksək qayğı göstərildiyini sübut edir. Bu da o deməkdir ki, Vətən yolunda canından, sağlamlığından keçən hər bir vətəndaş dövlətimizin diqqətindən kənarda qalmır.
Dövlətimizin hər bir vətəndaşına qayğı ilə yanaşması gənc nəsli də dövlətimizi, Vətənimizi əzmkarlıqla müdafiəyə ruhlandırır, ölkəmizin firavan sabahına güclü inam yaradır.
Mübariz BAĞIROV
Naxçıvan şəhəri