22 Dekabr 2024, Bazar

Dünyada baş verən hadisələri, dövlətlərin idarə edilməsini, insan cəmiyyətlərinin dolanışıq tərzlərini hər gün ekran, mətbuat vasitələri ilə izləyirəm. Dünya klassiklərinin çoxunun əsərlərini oxumuşam. Cəmiyyətin ədalətlə idarə olunması, dinclik, əmin-amanlıq, insan arzularına qol-qanad vermək idealları, mən deyərdim ki, dahi Azərbaycan şairi Nizami Gəncəviyə məxsusdur. Dahi şair öz əsərlərində qıfılsız qapılar, gözətçisiz sahələr, çobansız sürülər arzulamaqla sakit məmləkətlər görmək istəyini poetik dillə qələmə almışdır. İndi dünyada belə sabitlik, əmin-amanlıq yalnız Azərbaycan adlanan məmləkətdə mövcuddur. Bu sabitliyin, öz əməyinin bəhrəsi ilə yaşayışın hər bir vətəndaşın dövlət tərəfindən bütün hüquqlarının qorunmasının, əsl mənada, səbəbkarı ulu öndər Heydər Əliyevdir. Bu sabitliyin, inkişafın təminatçısı isə dahi rəhbərin siyasi varisi cənab İlham Əliyevdir.

Nə gizlədək, ağa ağ, qaraya qara demək lazımdır. Yaxın 25 ilin ərzində gördük ki, tərkibində yaşadığımız sovet imperiyası açıq-aydın Azərbaycan torpaqlarından ermənilərə təkrar pay vermək üçün nəhəng bir dövləti bada verdi. Unutdu ki, Adolf Hitlerin, faşizmin cəngindən bu imperiyanı qurtarmada Azərbaycan xalqının misilsiz xidməti olub, müharibədə işlənən yanacağın 85 faizi Azərbaycandan gedib. Bu haqqı-sayın “sağ ol” əvəzinə sovet imperiyası ağır döyüş texnikaları ilə 1990-cı ilin yanvarında Bakıya hücum çəkdi. Ermənilərin torpaq iddialarına dəstək verdi. İmperiya rəhbərliyi Azərbaycanı parçalamaq, onu döyüş poliqonuna çevirmək, vətəndaş qarşıdurması yaratmaq üçün hər cür planlar hazırlamışdı. Bu xalqı bəladan ulu öndər Heydər Əliyev xilas etdi, Azərbaycan dövlətini qurdu. Son 100 ildə analoqu olmayan böyük neft strategiyası yaratdı. Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə Avropa dövlətləri ilə iqtisadi əlaqələr quruldu. Dahi şəxsiyyət həm də Vətənimiz üçün özündən sonra xalqın müstəqilliyini dünya səviyyəsində yaşadan İlham Əliyev kimi varis də yetişdirmişdir. Həqiqət göz qabağındadır. Cənab İlham Əliyev 10 ildir, uğurla Azərbaycan xalqına rəhbərlik edir.

9 oktyabr 2013-cü il prezident seçkilərində biz də xalqımızın düşünən təfəkkürünə, iradəsinə qoşularaq cənab İlham Əliyevə səs verdik. O, ölkəmizin yaşayış məntəqələrinin sosial inkişaf problemlərinin həllini bacarıqla həyata keçirir. Bizim yaşadığımız Şahbuz rayonunun Ayrınc kənd tam orta məktəbinin 2005-ci il dekabr ayında reallaşdırılan açılışında cənab İlham Əliyev iştirak etmişdir. İndi dünyanın əksər ölkələri Naxçıvana həsəd aparır. Muxtar respublikamızın bütün yaşayış məntəqələri öz simasını dəyişir. Ona görə də xalq cənab İlham Əliyevə yekdil­liklə səs verdi.
Cənab İlham Əliyevin gələcək beşilliklərdə də prezident seçilməsi, indiki kimi inamlı qələbəsi hamının ürəyincə olar. Ölkəmizdəki tərəqqi və sabitlik Naxçıvanı da çiçəkli bir diyara çevirmişdir. Ermənilərin Naxçıvan iddiaları alt-üst edilmişdir. Bu müqəddəs torpaqda yaşamaq, yaratmaq böyük şərəfdir. Hər birimiz yaşayış üçün yaradılmış hər cür şərait və sabitliyin müqabilində dövlətçiliyimizə xidmət etməyə borcluyuq. Sınaqdan çıxmış kəlamlarda da deyilir ki, yerdə dövlətçiliyini tanımayan göydə Allahını tanımaz. Ölkə başcısı cənab İlham Əliyevin prezident seçkilərində inamlı qələbəsi və bu qələbədən sonra onun xalqa müraciəti, qarşıda duran bütün məsələlərin həllinə diqqət çəkməsi  bir ağsaqqal kimi şəxsən məni də  hədsiz dərəcədə sevindirdi.

Qaşdar ƏLİYEV
Şahbuz rayonunun Ayrınc kənd sakini

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR