26 Dekabr 2024, Cümə axşamı

Hörmətli redaksiya!
Azərbaycanımızın qədim guşələrindən olan Naxçıvanın yetirdiyi akademik Yusif Məmmədəliyev və Validə Tutayuq, eləcə də digər alimlər yüksək elmi nailiyyətləri ilə xalqımızı bütün dünyaya tanıdıblar. Müstəqillik əldə etdikdən sonra muxtar respublikamızda təbiət elmlərinin də yüksək səviyyədə tədrisinə dövlət tərəfindən yaradılan müasir şərait bu sahəyə marağı artırıb.
Avqustun 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif ­Talıbovun Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyin yaradılması haqqında imzaladığı Sərəncam kimya və biologiya fənləri üzrə şagirdlərin istedad və bacarıqlarının aşkar edilməsi və inkişafı, həmçinin gələcək ixtisas seçiminin istiqamətləndirilməsi məqsədilə yenitipli təhsil müəssisələrinin yaradılması baxımından mühüm əhəmiyyətə ­malikdir.

Qeyd etmək istəyirəm ki, bu sərəncam ailə üzvlərimizin ikiqat sevincinə səbəb olub. Məsələ burasındadır ki, ailə üzvlərimizin bir neçəsi kimya və ya biologiya ixtisasları üzrə mütəxəssis, ya da bu elmlərin əsasını təşkil etdiyi ixtisas sahibidirlər. Belə ki, mən 1980-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunda Biologiya-kimya ixtisasını fərqlənmə diplomu ilə bitirdikdən sonra Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbdə (əvvəllər Əliabad qəsəbə orta məktəbi) pedaqoji fəaliyyətə başlamışam. Bu gün də həmin təhsil ocağında fəaliyyətimi davam etdirirəm. Dərs dediyim buraxılış sinif şagirdlərinin çoxu hər il qəbul imtahanlarında əldə etdikləri uğurlarla ailə üzvləri ilə yanaşı, pedaqoji kollektivimizin də yüksək sevincinə səbəb olur.
Həyat yoldaşım Tofiq Əliyev kimya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvüdür. O, uzun müddət Naxçıvan Dövlət Universitetində müxtəlif vəzifələrdə çalışmaqla kimyaçı kadrların hazırlanması işində yaxından iştirak edib, 2019-cu ilin oktyabr ayından AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunda direktor vəzifəsində çalışır, muxtar respublika ərazisində geniş yayılmış mineralların, mineral suların tədqiqi və istehsalatda tətbiqi ilə bağlı işlərin aparılmasında, eləcə də yüksəkixtisaslı kadrların hazırlanması sahəsində fəaliyyət göstərir.
Kiçik qızım Rüxsarə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsini bitirib, əvvəllər Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında həkim kimi çalışıb, ailə qurması ilə əlaqədar olaraq Bakı şəhərinə köçdüyündən həkimlik sahəsində fəaliyyətini orada davam etdirir.
Gəlinim İlkay da həmin fakültəni və rezidenturanı bitirib, Naxçıvan Dövlət Universitetinin dissertantıdır. O, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında baş həkimin müavini vəzifəsində çalışır. Bütün bunları sadalamaqda məqsədim Ali Məclis Sədrinin müvafiq sərəncamının bizim ailəlikcə ikiqat sevincimizə səbəb olduğunu bildirməkdir. Onu da qeyd edim ki, bu gün muxtar respublikada yeni və ixtisasyönümlü təhsil müəssisələrinin yaradılması bir ənənə halını alıb. Buna ən gözəl nümunə hər il təhsil sahəsində uğurlar qazanan, məzunlarının sorağı müxtəlif ali məktəblərdən gələn Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydir. Şübhə etmirəm ki, yeni yaradılacaq lisey də doğma diyarımızda təbiət elmlərinin dərindən öyrənilməsinə və inkişafına öz töhfəsini verəcək, bu elm sahələri üzrə xüsusi fitri istedadı olan şagirdlərin elmi potensiallarını düzgün istiqamətləndirməklə gələcəkdə yerli peşəkar kadrların hazırlanması işində öz sözünü deyəcəkdir. Onu da qeyd edim ki, muxtar respublikamızda bu ixtisası seçənlərin gələcəkdə mükəmməl ali təhsil almaları, fəlsəfə və elmlər doktorları kimi yetişib fəaliyyət göstərmələri üçün də hər cür şərait vardır. Biz mütəxəssislər də öz bilik və təcrübəmizlə bu işə yaxından köməklik göstərməyə hazırıq.

Xuraman ƏLİYEVA
Naxçıvan şəhər 16 nömrəli tam orta
məktəbin biologiya və kimya müəllimi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR