Babək rayonunda 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib. Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov açaraq bildirib ki, 2020-2021-ci illərin payız-qış mövsümündə rayon mərkəzində yerləşən 4 təşkilat və 4 məktəbdənkənar müəssisə qazla, qalan təşkilatlar isə müasir istilik sistemi ilə qızdırılacaqdır. Bununla bağlı verilən tapşırıqlara uyğun olaraq rayondakı qazanxanalara baxış keçirilib, çatışmazlıqlar müəyyənləşdirilib və onların aradan qaldırılması ilə əlaqədar işlər aparılır. Qazanxana ilə qızdırılmayan bir neçə mədəniyyət müəssisəsi üçün tələb olunan yanacaq və digər materiallar barədə aid qurumlara məlumat verilib.
İcra başçısı deyib ki, əhalini payız-qış mövsümündə dayanıqlı mavi yanacaqla təmin etmək üçün yeni tikilən 114 evə və 9 obyektə qaz xətti çəkilib.
Vurğulanıb ki, payız-qış mövsümündə əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi məqsədilə rayon Elektrik Şəbəkəsi tərəfindən xətlərdə təmir işləri aparılıb, sıradan çıxmış dayaqlar yeniləri ilə əvəz edilib, 3 yeni transformator yarımstansiyası istifadəyə verilib. Sakinlərin rahatlığını təmin etmək üçün rayonun Şəkərabad kəndində smartkarttipli sayğaclar quraşdırılır.
“Rayon Rabitə İdarəsi montaj tutumu 13 min 536 nömrə olan 33 elektron ATS-lə 10 min 73 abunəçiyə və 4540 genişzolaqlı internet istifadəçisinə xidmət edir”, – deyən icra başçısı bildirib ki, hazırda idarə tərəfindən payız-qış mövsümünə hazırlıq məqsədilə şəhər, qəsəbə və kəndlərdəki rabitə xətlərində cari təmir işləri aparılır.
Babək Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi tələbata uyğun dərman preparatları və tibbi avadanlıqlarla təminatı davam etdirməli, səhiyyə maarifinə diqqəti artırmalı, rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən qrafikə uyğun dezinfeksiya işləri aparılmalıdır.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.
* * *
Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətindəki müşavirəni xidmətin rəisi Əli Hüseynəliyev açaraq məruzə edib. Bildirib ki, xidmətin payız-qış mövsümünə hazırlıq komissiyası Sədərək rayonunun Heydərabad qəsəbəsinə və digər rayonların ucqar dağ kəndlərinə işləyən nəqliyyat vasitələrinin sahibkarları ilə görüşərək mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində lazımi köməklik göstərib, əlavə olaraq Ordubad rayonunun Məzrə kəndindən şagirdlərin Üstüpü kənd tam orta məktəbinə daşınması üçün ayrılmış “UAZ-3962” markalı mikroavtobus yeni dərs ilinin başlanmasına hazırlıqla əlaqədar tam təmir olunub və xidmət üçün hazır vəziyyətə gətirilib.
Qeyd edilib ki, “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda qarşıya qoyulmuş tapşırıqların icrası məqsədilə şəhərdaxili nəqliyyatda istifadə edilməsi üçün 6 ədəd “King-Long” markalı yeni avtobus alınaraq gətirilib. Avtobuslarla birlikdə dəyəri 66 min manat olan ehtiyat hissələri də alınıb ki, bu da əvvəlki illərdə gətirilmiş və təmirə ehtiyacı olan avtobusların daim saz vəziyyətdə saxlanılmasına, 2020-2021-ci illərin payız-qış mövsümü ərzində baş verəcək nasazlıqların vaxtında aradan qaldırılmasına imkan yaradacaq. Məskunlaşmanın sıx olduğu Xətai və 21-ci məhəllələrdə yaşayan sakinlərin ictimai nəqliyyata olan tələbatını ödəmək məqsədilə açılmış 9 nömrəli marşrut, həmçinin şəhər mərkəzinə çıxışı asanlaşdırmaq üçün yeni açılmış 10 nömrəli marşrut payız-qış mövsümü ərzində sərnişinlərin lazım olan yerə vaxtında çatdırılmalarını təmin edəcək. Altı nömrəli marşrut xətti isə Babək şəhərinədək uzadılıb ki, bu da Babək şəhər sakinlərinin payız-qış dövründə bu marşrutdan rahatlıqla istifadəsinə imkan verəcək.
Sonra məruzə ətrafında çıxışlar olub.
Xəbərlər şöbəsi