Son illərdə muxtar respublikada aqrar sektora tətbiq edilən güzəştlər bu sahənin inkişafını stimullaşdırmış, innovativ texnologiyalardan istifadə məhsuldarlığı artırmaqla yanaşı, torpaqlardan səmərəli istifadə olunmasına da şərait yaratmışdır. Xüsusilə əhalinin payız-qış mövsümündə meyvə-tərəvəz məhsullarına olan tələbatının tam və dolğun şəkildə, yerli istehsal məhsulları ilə təmin olunmasında soyuducu anbarların və istixana komplekslərinin rolunu vurğulamaq lazımdır. Sahibkarlara göstərilən dövlət dəstəyi nəticəsində hazırda Naxçıvan şəhərində və rayonlarda müasir istixanalar, soyuducu anbarlar yaradılmış, məhsul bolluğu təmin edilmişdir.
Dövlət dəstəyindən bəhrələnən sahibkarlıq subyektləri sırasında “Naxçıvan bağları” tərəvəz məhsulları istixana kompleksi xüsusi yerə və çəkiyə malikdir. 2013-cü ildən Naxçıvan şəhərində fəaliyyət göstərən kompleksdə Hollandiya və Türkiyə istehsalı olan müasir avadanlıqlar quraşdırılmışdır. 12 min kvadratmetr sahədə qurulan istixana kompleksində 2020-ci ilin payız-qış dövrü üçün əkin işləri aparılmış, 30 min pomidor şitilindən istifadə edilmişdir. Hazırda istixana kompleksində Xaçmaz sortu olan pomidor yetişdirilir. Bu sortdan olan bitkilər daha məhsuldar və xəstəliklərə davamlıdır. Onlara lazımi aqrotexniki qulluq göstərilmiş, istehsal prosesində üzvi gübrədən istifadə olunmuşdur.Hazırda şitillər çiçək dövründədir. Yetişdirilən keyfiyyətli pomidor məhsulunu artıq yaxın aylardan başlayaraq sifarişə uyğun olaraq, 10,15 və 20 kiloqramlıq karton taralarda topdansatış bazalarında, pərakəndə satış mağazalarında “Naxçıvan bağları” əmtəə nişanı ilə satışa çıxarılacaq. 12 nəfərin daimi işlə təmin olunduğu istixana kompleksində 100-120 ton məhsuldarlıq gözlənilir ki, bu da muxtar respublikada pomidora olan tələbatın mühüm bir hissəsini ödəyəcək.
Gələcəkdə kompleksin fəaliyyətinin genişləndirilməsi və tərəvəz məhsullarının istehsalının artırılması, eləcə də daxili tələbatı ödəməklə yanaşı tərəvəz məhsullarının xarici bazarlara çıxarılması istiqamətində müəssisə tərəfindən müvafiq tədbirlər həyata keçirilir.
Naxçıvan Muxtar Respublikasının
İqtisadiyyat Nazirliyinin
mətbuat xidməti