Muxtar respublikada energetika sahəsində infrastrukturun daim yenilənməsi imkan verir ki, abonentlərə fasiləsiz elektrik enerjisi verilsin və bu sahədəki xidmət müasir tələblər səviyyəsində qurulsun.Həmin tədbirlərin tərkib hissəsi kimi, bir neçə ildir Naxçıvanda smartkarttipli elektrik sayğacları quraşdırılır.
Xəbər verdiyimiz kimi, ötən il Babək Rayon Elektrik Şəbəkəsinin energetikləri tərəfindən rayon mərkəzi olan Babək şəhərində smartkarttipli elektrik sayğacları quraşdırılıb. Hazırda bu işlər rayonun Şəkərabad kəndində də davam etdirilir. Məlumat üçün deyək ki, avqust ayının ortalarından başlanan iş sürətlə aparılır və artıq 60-a yaxın abonentin evində müasir sayğaclar quraşdırılıb. Bu sayğaclar bir çox üstünlüklərə malikdir. Belə ki, abonent istədiyi məbləğdə enerji sərfiyatını karta yükləyir və həmin kartı sayğaca taxaraq ondan istifadə edir.İstifadəçi sayğacda olan balans miqdarına da nəzarət edə bilir.Belə ki, balans miqdarı ən az səviyyəyə gəldiyi zaman sayğacın ekranında “KREDİ Al” xəbərdarlıq mesajı görünür. Enerji kəsildiyi halda abonent kartı sayğaca taxıb kredit götürə bilir və sonrakı yükləmədə bu kredit onun balansından çıxılır.Kreditin bitməsi axşam saat 17:00-dən bir sonrakı gün saat 10:00-a təsadüf edərsə, abonentin elektrik enerjisi kəsilməyəcəkdir.
Məlumat üçün deyək ki, gələcəkdə Babək rayonunun digər kəndlərində də smartkarttipli elektrik sayğaclarının quraşdırılması planlaşdırılır.