26 Dekabr 2024, Cümə axşamı

1994-cü ildən bəri evinə iki dəfə mərmi düşüb, yaralanan atası dünyasını dəyişib, bu dəfə isə xoşbəxtlikdən xəsarət alan olmayıb.

Tərtər, 26 avqust, Tahir Ağaməmmədov

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhəboyu zonada atəşkəs rejimini yenidən pozaraq, mülki əhalini hədəfə alıb. Hər zaman olduğu kimi, xaincəsinə təxribatlara əl atan və yaşayış məntəqələrini atəşə tutan erməni hərbçiləri avqustun 26-da səhər saat 5 radələrində işğal olunmuş ərazilərimizdəki mövqelərindən Tərtər rayonunun Qapanlı kəndini pulemyot və snayper tüfənglərindən atəşə tutublar. Atılan güllələr kənd sakini Quliyev Zülfüqar Bəhmən oğlunun evinə dəyib, mənzilin pəncərələrini sındırıb.

Ev yiyəsi Zülfüqar Quliyev bildirib ki, düşmən kəndi mütəmadi olaraq atəşə tutur: “1994-cü ildə düşmənin atdığı “Qrad” mərmisinin evimizə düşməsi nəticəsində atam yaralandı, bir müddət sonra isə dünyasını dəyişdi. 2016-cı ilin aprel ayında kəndimiz növbəti dəfə atəşə tutulanda həyətimizə yenidən top mərmisi düşdü. Qonşularımızın da evlərində qəlpə və güllə izləri var. Bu gün səhər saat 5-ə işləmiş düşmən kəndimizi yenidən atəşə tutmağa başladı. Güllənin biri evimizin pəncərəsini qıraraq otağın divarına dəydi. Bura bizim televizora baxdığımız otaqdır. Yaxşı ki, ailə üzvlərimizdən heç kim həmin vaxt otaqda deyildi. Əgər otaqda olsaydıq, hökmən xəsarət alacaqdıq”.

Düşmənin atəşi nəticəsində hər dəfə kənd sakinlərinin ziyan çəkdiyini deyən evin xanımı Səadət Xəlilova dünya qadınlarına müraciət edib. “İstəyirəm ki, bu haqsızlığa görə dünya qadınları səsimizə səs versin, haqq öz yerini tapsın. İşğalçı erməni ordusu bizim torpaqlarımızdan çıxsın. Bu qan-müharibə bitsin. Nə vaxtadək erməni gülləsinin hədəfi olacağıq?”, - deyə o bildirib.

Qeyd edək ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı ən çox zərər çəkən yaşayış məntəqələrindən biri Tərtər rayonunun Qapanlı kəndidir. Təmas xəttinin bir neçə yüz metrliyində yerləşən kənddə düşmən atəşindən zərər çəkməyən ev demək olar ki, qalmayıb. Lakin buna baxmayaraq, kənddə həyat hər zaman öz axarı ilə davam edir. Buna səbəb isə kəndin dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunması, əhalinin yurda, torpağa bağlılığı, Azərbaycan Ordusuna və Ali Baş Komandana olan böyük inamıdır.

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR