26 Dekabr 2024, Cümə axşamı

 Cəmşid Naxçıvanskiyə müstəqillik prizmasından baxış


Müstəqil Azərbaycanın memarı və qurucusu ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçılarından olan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Cəmşid Naxçıvanski Muzeyinin əsaslı təmirdən və yenidənqurmadan sonra rəsmi açılış mərasimində görkəmli sərkərdənin irsinin müstəqillik prizmasından yeni baxışa, geniş və obyektiv tədqiqata ehtiyacı olduğunu söyləyərək, bu barədə muxtar respublikada fəaliyyət göstərən aidiyyəti qurumlara müvafiq tapşırıqlar vermişdir. Bu tarixi əlamətdar hadisədən bir gün sonra Ali Məclisin Sədri fəaliyyətində naxçıvanskilər ailəsinin də mühüm xidmətləri olmuş Araz-Türk Cümhuriyyətinin elmi cəhətdən tədqiq olunması məqsədilə 2019-cu il 24 sentyabr tarixli Sərəncam imzalamış, sərəncama əsasən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondu AMEA Naxçıvan Bölməsi ilə birgə “Araz-Türk Cümhuriyyəti” elmi-tədqiqat qrupu yaratmışdır. Göründüyü kimi, həm Cəmşid xanın, həm də sələflərinin daha dolğun və obyektiv tədqiqi üçün tarixi zərurət yaranmışdır. Biz də bu zərurətdən yola çıxaraq Cəmşid xan haqqında düşüncələrimizi oxucularla bölüşmək istədik. 

Ötən yazılarımızda qeyd etmişdik və bir daha fəxarətlə yazırıq ki, ümummilli lider Heydər Əliyev 1969-cu ildə Azərbaycana birinci dəfə siyasi hakimiyyətə gəldiyi dövrdə Cəmşid Naxçıvanskini tarixin qaranlıq qatlarından çıxarıb Azərbaycan xalqına qaytarmışdır. Ulu öndərin siyasi himayədarlığı ilə ərsəyə gələn, tarixçi-alim Əli Əliyevin müəllifi olduğu Cəmşid Naxçıvanski haqqında ilk elmi məqalə “Azərbaycan gəncləri” qəzetinin 7 yanvar 1971-ci il tarixli nömrəsində nəşr edilir. Daha sonra yeni araşdırmalar, yazılar, müzakirələr... Sonra bizim hamımıza məlum olan, ulu öndərin şəxsən imzaladığı, Cəmşid Naxçıvanski Muzeyinin ekspozisiyasını bəzəyən “SSRİ Silahlı Qüvvələrinin görkəmli nümayəndəsi general-mayor Cəmşid Naxçıvanskinin xatirəsinin əbədiləşdirilməsi haqqında” 1971-ci il 23 iyun tarixli Qərar... Sonra generalın adına küçə, vaxtilə yaşadığı binaya vurulan barelyef, Cəmşid Naxçıvanski adına hərbi məktəb, diviziya komandirinin adını daşıyan gəmi, generalın Vətəni Naxçıvan şəhərində adına məktəb və ata ocağında yaradılan muzey... Ümummilli liderin rəhbərliyi altında həyata keçirilən bu tədbirlər onsuz da, qatı sovet senzurasını aşırdı. Yəni qırmızı xətti daha irəli keçmək olmazdı. Əslində, biz sonra başa düşəcəkdik ki, müdrik siyasətçinin o zaman həyata keçirdiyi layihələr elə gələcək müstəqil Azərbaycan üçün imiş. Dahi rəhbər xəyalında yaşatdığı gələcək Azərbaycanın təməlini, bünövrəsini atırmış...

Qayıdaq Cəmşid Naxçıvanski haqqında düşüncələrimizə... Sovet dövründə Cəmşid xan haqqında yazılan bütün materiallarda Cəmşid Naxçıvanskinin qatı bolşevik olduğu iddia edilir. Bu, belədirmi? Xatırladaq ki, Cəmşid Naxçıvanskinin ulu babaları I Kalbalı xan Naxçıvanın müstəqilliyi uğrunda mübarizə apararaq bu yolda gözlərini qurban vermişdir. Ehsan xan Naxçıvan əhalisinin təhlükəsizliyi, onların ata-baba torpaqlarından köçürülməməsi, yurdlarının boş qalma­ması naminə öz həyatını və ailəsini təhlükə altına qoymaqdan çəkinməmişdir. Yəni Ehsan xan diplomatik bir eyhamla “xalqım yoxsa ailəm də yox, Vətənim yoxsa mən də yoxam” demişdi. Babası general-mayor II Kalbalı xan, atasının əmisi general-leytenant İsmayıl xan Naxçıvanski, atası Cəfərqulu xan, böyük qardaşı III Kalbalı xan, kiçik qardaşı III Ehsan xan, əmisi Rəhim xan, dayısı Kərim xan, əmiuşaqları, dayıoğlanları və digər yaxın qohumları Azərbaycanın və onun ayrılmaz tərkib hissəsi olan doğma Naxçıvanın azadlığı və müstəqilliyi uğrunda polad sinələrini düşmənə sipər etmiş, ana yurdun inkişafı naminə böyük fədakarlıq və əzmkarlıq göstərmişlər. Bu qəhrəman eloğullarımızın həyat hekayələri hər biri ayrılıqda bir tarixi romandır. Bu ailənin sonuncu generalı Cəmşid Naxçıvanski soyunu – əslini danıb bir an içində dönüb qatı bolşevik ola bilərdimi? O, bunu edərdimi?.. Cəmşid Naxçıvanski Muzeyində mühafizə olunan sənədlər, fotomateriallar və hətta rəsm əsərləri bunun belə olmadığını bir daha təsdiq edir.
Cəmşid Naxçıvanskinin sovetlər dövründə çəkilmiş fotolarını seyr etdikcə görürük ki, heç birində sərkərdənin üzü gülmür. Onun necə gərgin və qayğılı olması Xalq rəssamı Hüseynqulu Əliyevin, Azərbaycan Respublikasının Əməkdar rəssamı Məmmədəli İsmayılovun əsərlərində də aydın görünür. Bəli, bu qayğı və intizar çiçəklənməkdə olan şura hökuməti üçün deyil, əksinə, müstəqilliyi boğulmuş, heysiyyəti tapdanmış Azərbaycan üçündür. Ailəsinin və doğmalarının ərazi bütövlüyü uğrunda fəda olduqları Naxçıvan üçündür. Neçə-neçə növcavan igidlər kimi, kiçik qardaşı III Ehsan xan da Cəmşidin qucağında can verərkən əmanət etdiyi, uğrunda şəhidlik şərbətini içdiyi Qarabağ, Zəngəzur üçündür...

Generalın istintaq materiallarında onun sovet hökuməti əleyhinə gizli təşkilat yaradaraq ona rəhbərlik etdiyi və ən əsası Avropada fəaliyyət göstərən Azərbaycan Milli Komitəsi ilə sıx əlaqədə olduğu iddia olunur. 97 günlük dindirmələrdən sonra Cəmşid xan zabit şərəfini və təmsil etdiyi xalqın adını uca tutaraq heç kəsin adını çəkmir, sadəcə olaraq 3 aydan bəri gecə-gündüz davam edən ağır işgəncələrdən qurtulmaq üçün iddianaməni imzalayır.
Xatırladaq ki, bu vaxt Cəmşid Naxçıvanski briqada komandiri idi və general-mayor ali hərbi rütbəsini daşıyırdı. Yəni onu NKVD çinovnikləri heç nə olmadan “Vətən xaini” kimi ağır bir suçla yükləyə bilməzdilər.
Bu məqamda bir daha qeyd etmək yerinə düşər ki, sovet dönəmində Cəmşid Naxçıvanskiyə bəraət verilməsi, onun adının əbədiləşdirilməsi üçün ona qarşı irəli sürülən iddiaların tamamilə böhtan olduğunu söyləmək şərt idi. Və Cəmşid xan Kəngərlilər nəslindən yeganə adam idi ki, sovet hökumətinə xidmət etmişdi. Gördüyü bütün işləri zərgər dəqiqliyi ilə hesablayan uzaqgörən böyük siyasi xadim, ümummilli ­liderimiz bunu da bacardı. Yəni Cəmşid Naxçıvanskiyə bəraət alaraq, onun timsalında bütün Naxçıvanskiləri – Kəngərliləri yenidən xalqına qaytardı.
Əgər Cəmşid Naxçıvanskinin iddianaməsi düz idisə və də nəzərə alsaq ki, təxminən, bu sayaq iddialarla daha əvvəl iki dəfə həbs olunub, dar ağacından son anda qurtulmuşdusa, deməli, xan nəvəsi Cəmşid xan, sahib olduğu hər şeyini – işini, rütbəsini, ailəsini – bütün şüurlu həyatını Azərbaycanın müstəqilliyi uğrunda fəda etməyə söz verib, and içibmiş. Yeri gəlmişkən, sərkərdənin üç dəfə həbs olunması, onun ikisində dar ağacından son andaca qurtulması, şəxsi həyatındakı qaranlıq nüanslar, haqqında danışılan yarıgerçək əfsanələr, gizli kod adları onun professional bir çekist-diplomat olmasının da işartılarını bəlirləyir. Qafqazşünas alim Rudolf İvanov da gizli bir eyhamla qeyd edirdi ki, əgər ruslar Naxçıvanskini güllələməsə idi, Hitler Almaniyası Cəmşidin hərbi-siyasi doktrinasından ehtiyatlanıb SSRİ üzərinə hücum etməyəcəkdi.

Göründüyü kimi, Cəmşid Naxçıvanskinin həyat və fəaliyyəti müəmmalı suallarla doludur. Bu sualları cavablandırmaq ümummilli lider Heydər Əliyevin memarı olduğu, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun böyük diqqət və qayğı ilə yanaşdığı müstəqil Azərbaycanın müstəqil tədqiqatçılarının işidir.
Milli hərb tariximizdə mərdlik və sədaqət rəmzi olan Cəmşid Naxçıvanskinin şərəfli döyüş yolu yeni gələn nəsillərə vətənpərvərlik təlimi aşılayır. Onun əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır.
...Ölüm bir bioloji hadisədir, böyük insanların fiziki məhvi onların yolunu saxlaya bilməz. O yol ki Vətən-millət sevgisindən keçir. O yol ki, igidlik, mərdlik, sədaqət doludur. Ölüm qazanmır, ölümü ilə ölümsüzləşən igidlər qazanır!.. Cəmşid kimi, Yusif kimi, Qabil kimi, Mübariz kimi, Polad Həşimov kimi...
Nə qədər ki Azərbaycan var, Cəmşid Naxçıvanskinin şərəfli döyüş yolunu davam etdirəcək sərkərdələr də olacaq! Doğulacaq, böyüyəcək, yetişəcək, ölümü ilə ölümsüzlüyə qovuşacaqlar...

Abasət NURİYEV
Cəmşid Naxçıvanski Muzeyinin direktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR