Culfa rayonunda 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirəni giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Siyam Hacıyev açıb. Bildirib ki, rayon Qaz İstismar İdarəsi texniki baxış keçirərək qaz xətlərindəki və qazpaylayıcı qurğulardakı mövcud nasazlıqların aradan qaldırılması məqsədilə aparılan işləri sürətləndirməlidir. Yeni qaz xətləri çəkilərkən və ya bərpa işləri aparılarkən mövcud standartların tələbləri diqqətdə saxlanılmalıdır. Kommunal Müəssisələr Kombinatı qazanxanalarda və istilik sistemlərindəki mövcud çatışmazlıqları aradan qaldırmalı, noyabr ayının 1-dək bütün qazanxanalarda qış mövsümünə hazırlıqla bağlı nəzərdə tutulan işləri başa çatdırmalıdır. Qeyd olunub ki, Mənzil İstismar Sahəsi ictimai yaşayış binalarının zirzəmilərindəki istilik xətlərinə texniki baxış keçirməli, binaların elektrik enerjisi, təbii qaz təchizatı sahəsində mövcud olan nöqsanların vaxtında aradan qaldırılması üçün tədbirlər görməlidir.
Vurğulanıb ki, Meliorasiya və Su Təsərrüfatı İdarəsi aidiyyəti qurumlarla birlikdə içməli su və kanalizasiya sistemlərinin, kaptajların, arxların, kanalların qışa hazırlığı ilə bağlı tədbirlər görməlidir. Payız suvarma mövsümü bitdikdən sonra hidrotexniki qurğular növbəti ilə hazırlanmalı, su bəndləri vaxtında bağlanmalı və anbarlarda su ehtiyatı yaradılmalıdır.
Bildirilib ki, payız-qış mövsümünə hazırlıqla əlaqədar dəmiryol nəqliyyatında hərəkətin təhlükəsizliyi üçün zəruri tədbirlər görülməlidir. İstismarda olan elektrovoz və teplovozlarda lazımi təmir işlərinin aparılmasına, xəttə çıxacaq vaqonların istilik sistemlərinin yoxlanılmasına və işlək vəziyyətdə saxlanılmasına diqqət artırılmalıdır. Dəmiryol stansiyasının vağzal binasındakı fərdi qazanxanaya və istilik sistemlərinə texniki baxış keçirilərək qış mövsümünə hazırlanmalıdır.
Rayonda dayanıqlı rabitənin təmin olunması üçün mövcud rabitə dayaqlarının və xətlərinin standartlara uyğunlaşdırılması istiqamətində görülən tədbirlər davam etdirilməlidir.
Müşavirə məruzə ətrafında çıxışlarla davam edib.
* * *
Şahbuz Rayon İcra Hakimiyyətində payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilib.
Müşavirədə Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev çıxış edərək bildirib ki, rayonda əhalinin qış aylarında rahatlığının təmin еdilməsi üçün lazımi şərait yaradılıb. Şahbuz şəhərində fəaliyyət göstərən 49 idarə, təşkilat və müəssisənin yеrləşdiyi inzibati binalardan 44-də müasir istilik sistеmi quraşdırılıb. Həmçinin şəhər, qəsəbə və kəndlərdə, ümumilikdə, 23 yaşayış məntəqəsində fəaliyyət göstərən təşkilatların yеrləşdikləri binalar müasir istilik sistеmi ilə təmin edilib. Rayonun 23 tam orta məktəb, 3 məktəbdənkənar təhsil müəssisəsi, 23 səhiyyə, 55 mədəniyyət müəssisəsi müasir istilik sistemi ilə qızdırılacaq.
Qeyd edilib ki, payız-qış mövsümündə nəqliyyatın intensiv hərəkətini təmin etmək məqsədilə avtomobil yollarının sıradan çıxmış hissələrinə asfalt verilərək bərpa olunub, kənddaxili yollarda hamarlama işləri həyata keçirilib. Şahbuz-Batabat magistral avtomobil yolunda cari təmir işləri aparılıb, 350 siqnal dirəyi, 930 siqnal dirəyinin lentası, 67 yol nişanı yenisi ilə əvəz olunub, 7 körpüdə 145 metr məhəccər təmir edilib.
İcra başçısı bildirib ki, rayоn əhalisinin еlеktrik еnеrjisinə оlan tələbatını yaхşılaşdırmaq məqsədilə 2020-ci ilin ötən dövrü ərzində 4927 abonentə xidmət göstərilib, xətlərə baxış keçirilib, 35 kilovoltluq hava verilişi xətti çəkilib, 35-nin isə çəkilişinin oktyabr ayının sonunadək başa çatdırılması nəzərdə tutulur.
Abadlıq-quruculuq tədbirlərinin keçirildiyi ərazilərdə, eləcə də ayrı-ayrı yaşayış məntəqələrində lazımi yerlərdə təbii qaz xətləri yenidən işlənilib, 13 yeni tikilmiş fərdi evə, 2 sosial obyektə təbii qaz xətti çəkilib, istismara yararsız 17 qaz sayğacı yenisi ilə əvəz edilib.
Sonra çıxışlar olub.
* * *
Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətində keçirilən iclasda xidmətin rəisi Ramin İsmayılov məruzə ilə çıxış edib. Bildirib ki, payız-qış mövsümündə təbii qaza olan tələbatın artması ilə əlaqədar sutka ərzində qaz nəqlinin texnoloji rejimi və qaz sərfinin qeydiyyatı nəzarətdə saxlanılır. Qazpaylayıcı stansiyalarda avadanlıqlara texniki xidmət işləri qrafik üzrə təşkil edilib. Təbii qazın mexaniki qarışıqlardan təmizlənməsi üçün tətbiq olunan qaztəmizləyici seperator və süzgəclərə, texnologiyaya uyğun qurulmuş bağlayıcı avadanlıqlara, təzyiq tənzimləyicilərə, qaz sərfinin hesablanması və alqı-satqısı işlərinin reallaşdırılması üçün qaz sərfini ölçən cihazlara və bütün texnoloji avadanlıqlara zəruri texniki xidmət göstərilib. Təbii qaz nəqlinin soyuq hava şəraitinə uyğun texnoloji rejimdə həyata keçirilməsi təmin edilib.
Qeyd olunub ki, magistral qaz kəmərləri qaz nəqli və təchizatı sisteminin ən əhəmiyyətli qovşağıdır. Yeraltı yüksək və ortatəzyiqli magistral qaz kəmərləri üzərində istismar olunan elektrokimyəvi mühafizə qurğularına (13 katod stansiyasına, 1 drenaj qurğusuna) nəzarət edilib, ardıcıl olaraq anod yataqları yoxlanılıb, kəmərboyu potensiallar fərqi nəzarətdə saxlanılıb, katod stansiyalarında qidalandırıcı transformatorlara xidmətin göstərilməsi kimi işlər görülüb və bu işlər qrafikə uyğun davam etdirilir. Həmçinin Naxçıvan-Sədərək yüksəktəzyiqli magistral qaz kəmərində təzyiqin artırılması məqsədilə Naxçıvan şəhər qazpaylayıcı stansiyasında yeni qaz kompressor stansiyasının qurulması üçün üçtərəfli müqavilə imzalanıb, kompressor stansiyasına lazımi avadanlıqlar sifariş verilib və stansiyanın ilin sonunadək quraşdırılması nəzərdə tutulur.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.
Xəbərlər şöbəsi