Naxçıvan Şəhər İcra Hakimiyyətində 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar keçirilən müşavirəni İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov açıb.
Sonra Naxçıvan Şəhər Qaz İstismarı İdarəsinin rəisi Mahmud Əbilsoy, İstilik Təsərrüfatı İdarəsinin rəisi Nəsimi Novruzov, Elektrik Şəbəkəsinin rəisi Ələkbər Kərimov və digər təşkilatların nümayəndələri payız-qış mövsümünə hazırlığın vəziyyəti, görülmüş işlər və qarşıda duran vəzifələrlə əlaqədar aidiyyəti üzrə məlumatlar veriblər.
Müşavirədə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov çıxış edərək bildirib ki, növbəti payız-qış mövsümünə hazırlıqla əlaqədar şəhərdə yerləşən mərkəzləşdirilmiş və fərdi qazanxanalara fasiləsiz iş rejiminin təmin olunması məqsədilə texniki baxış keçirilib, elektrik, təbii qaz, içməli su və istilik xətləri təmir olunub. Eyni zamanda qazanxanaların istiliklə təmin etdikləri inzibati və yaşayış binalarını birləşdirən magistral xətlərə və binaların zirzəmilərində olan paylayıcı istilik xətlərinə də baxış keçirilib, 21 nömrəli mərkəzləşdirilmiş qazanxananın istiliklə təmin etdiyi Zəroş Həmzəyeva küçəsi 1 və 2 nömrəli, “İstiqlal” küçəsi 105, 111, 113 nömrəli, Şadlinski məhəlləsi 1 və 2 nömrəli yaşayış binalarını birləşdirən istismara yararsız dəmir boru xətləri plastik boru xətləri ilə əvəz edilib.
Qeyd olunub ki, əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması üçün də müvafiq tədbirlər görülüb, 10 və 0,4 kilovoltluq elektrik hava xətlərində və paylayıcı güc transformator yarımstansiyalarında cari və əsaslı təmir işləri aparılıb, yeni paylayıcı güc yarımstansiyaları quraşdırılıb. Aparılan abadlıq-quruculuq işləri zamanı “İstiqlal” küçəsində bir ədəd binatipli gücləri 630 kilovat-amper və 250 kilovat-amper olan transformator yarımstansiyası, Xətai məhəlləsində 1 ədəd gücü 250 kilovat-amper olan qapalı yarımstansiya quraşdırılıb. Elektrik hava xətlərinin yeraltı kabellərlə əvəz olunması istiqamətində də işlər davam etdirilib, Xətai məhəlləsində və “İstiqlal” küçəsində 16 min 100 metr 10 və 0,4 kilovoltluq elektrik hava xətti yeraltı kabellə əvəz olunub. Qazanxanaların elektrik enerjisi ilə fasiləsiz təchizatı üçün 50, 100, 150 kilovat gücündə 3 daşına bilən generator texniki baxışdan keçirilərək hazır vəziyyətə gətirilib.
Vurğulanıb ki, 2020-ci ilin 7 ayı ərzində Naxçıvan şəhərinə 64 milyon 993 min kilovat-saat elektrik enerjisi ötürülüb, 5 milyon 416 min 631 manat vəsait toplanıb. Verilmiş elektrik enerjisinin 27 milyon 104 min kilovat-saatı əhaliyə aid olub. Ayrı-ayrı təşkilatların fəaliyyətlərində yol verilən nöqsanlara da toxunan Mirsənani Seyidov qeyd edib ki, tabeli müəssisə və təşkilatlar 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıqla bağlı keçirilən müşavirədə Ali Məclis Sədrinin qarşıya qoyduğu tapşırıqları diqqətdə saxlamalı, müvafiq tədbirlər həyata keçirilməlidir.
* * *
Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsində keçirilən yığıncaqda müəssisənin direktoru Behruz Əzimov çıxış edərək bildirib ki, müəssisə Bakı Neft Bazası ilə bağlanmış müqaviləyə əsasən il ərzində 40 min ton “A-92” avtobenzinin, 120 min ton dizel yanacağının, 22 min ton bitumun, 11 min ton mazutun, 1200 ton müxtəlif növ yağların muxtar respublikaya gətirilməsi nəzərdə tutulub. Alınan yanacaq Bakı şəhərindən İran İslam Respublikası ərazisindən keçməklə, Bakı-Gürcüstan-Türkiyə yolu ilə Naxçıvan Muxtar Respublikasına gətirilir.
Diqqətə çatdırılıb ki, 2020-ci ilin 7 ayı ərzində 17 min 765,6 ton “A-92” avtobenzini, 22 min 557,4 ton dizel yanacağı, 7039,5 ton bitum, 7629,7 ton mazut, 87 ton müxtəlif növ yağlar muxtar respublikaya gətirilib. Müəssisə 2020-ci ilin 7 ayında ümumi dövriyyəsi 38 milyon 771 min manat olan 54 min 928,7 ton müxtəlif növ neft məhsulları satıb ki, bu da 17 min 609 ton avtobenzin, 24 min 930 ton dizel yanacağı, 7039,5 ton bitum, 5263,2 ton mazut, 87 ton müxtəlif növ yağlardan ibarətdir.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasının istilik sistemi olmayan təhsil, səhiyyə, mədəniyyət və turizm müəssisələrinə 2020-2021-ci illərin payız-qış mövsümü üçün tələb olunan 51 min 360 litr dizel yanacağının yerlərdə təhvil verilməsi üçün əlavə ehtiyat yaradılıb. Həmçinin cari il avqustun 25-nə olan tarixə anbarlarda 3589 ton dizel yanacağı, 2063 ton “A-92” avtobenzini, 3216 ton mazut ehtiyatı olub. Bundan əlavə, mövsümə hazırlıqla bağlı müəssisədəki boru və nasosların, elektrik avadanlıqlarının saz vəziyyətdə olması diqqət mərkəzində saxlanılır və bu istiqamətdə tədbirlər davam etdirilir.
Sonra məruzə ətrafında çıxışlar olub.
Xəbərlər şöbəsi