Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirəni cəmiyyətin sədri Yəhya Allahverdiyev açaraq məruzə edib.
Bildirilib ki, muxtar respublikada əkinəyararlı torpaq sahələrinin su təminatını yaxşılaşdırmaq, su ehtiyatlarından səmərəli istifadə etməklə suvarılan sahələrin genişləndirilməsi, əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi üçün beton və torpaq kanallarda, ara arxlarda lildən təmizləmə işləri aparılıb, suvarma və yeni təzyiqli boru xətləri çəkilib, mövcud boru xətlərində təmir-bərpa işləri yerinə yetirilib. Torpaqların şoranlaşmasının qarşısının alınması və qrunt sularının səviyyəsinin aşağı salınması davam etdirilib, yaşıllıq ərazilərin suvarılması üçün yeni boru xətti çəkilib, mövcud xətlərdə təmir işləri görülüb.
Diqqətə çatdırılıb ki, rayon Meliorasiya və Su Təsərrüfatı idarələri tərəfindən əhalinin içməli su ilə təchizatının yaxşılaşdırılması üçün mövcud xətlər və hidrotexniki qurğular, subartezian quyuları vaxtında təmir olunmalı, yeni su xətlərinin çəkilməsi davam etdirilməlidir. Çəkilmiş su xətlərində təzyiqin normada saxlanılması, qəzalara yol verilməməsi üçün profilaktik tədbirlər həyata keçirilməlidir. Baş vermiş qəza hallarının dərhal aradan qaldırılması üçün qəza briqadaları yaradılmalı, briqadaların operativ işi təmin olunmalıdır. Su xətlərinin, sayğacların donmasına qarşı tədbirlər görülməlidir.
Vurğulanıb ki, hazırlıq işləri vaxtında sona çatdırılmalı, su nasoslarına baxış keçirilməli, nasaz olan avadanlıqlar yenisi ilə əvəz edilməli, kabel ötürücü kanallarda təmizlik işləri aparılmalıdır. Su nasoslarının payız qış mövsümündə normal işləməsi, fasilələrə yol verilməməsi üçün sutəmizləyici avadanlıqların yerləşdiyi binaların qızdırılması, pəncərə və qapıların saz vəziyyətdə olması diqqətdə saxlanılmalıdır. Mövsüm başa çatdıqdan sonra su anbarlarına sugətirən kanallar lildən təmizlənməli, kanal və hidrotexniki qurğularda təmir-bərpa işləri yekunlaşdırılmalı, kanal və arxlarda suyun maneəsiz axını təmin edilməli, son illərdə tikilmiş qapalı suvarma şəbəkələrində sular boşaldılmalıdır.
Sonda məruzə ətrafında müzakirələr aparılıb.
* * *
“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətində keçirilən iclası giriş sözü ilə açan direktor Mahir Əliyev bildirib ki, Culfa Lokomotiv Deposunda payız-qış mövsümündə istismar olunacaq 5 elektrovozun və 5 manevr-magistral teplovozun hərəkət və dartı hissələri müayinə olunub, onlarda, həmçinin 45 ədəd müxtəliftipli vaqonda cari və depo təmirləri aparılıb. Cari ilin payız-qış mövsümündə vaqon və lokomotivlərin normal və fasiləsiz istismarının təmin olunması məqsədilə qabaqlayıcı tədbirlər görülüb. İstilik sistemləri ilə təchiz edilmiş sərnişin vaqonlarının və aralıq stansiyalarda növbətçi otaqlarının qızdırılması üçün 18,4 ton daş kömür ehtiyatı yaradılıb, mövsüm ərəfəsində isə əlavə olaraq 60 ton kömürün alınıb gətirilməsi təmin ediləcəkdir.
Qeyd olunub ki, Naxçıvan stansiyası ərazisində sərnişin vaqonlarının yuyulması üçün məntəqənin tikintisi başa çatdırılaraq uzunluğu 50 poqonometr olan dəmir yolu çəkilib.
Vurğulanıb ki, xidməti ərazidəki baş və stansiya yollarına baxış keçirilib, yağış və leysan sularının maneəsiz ötürülməsi üçün bütün dağüstü kanallarda, körpü yataqlarında və beton borularda təmir işləri aparılaraq tullantılar təmizlənib. Defektoskop briqadası tərəfindən baş yollar, qəbul-göndərmə yolları və yoldaşıyan qurğular yoxlanılaraq nasazlıqlar bərpa edilib. Ordubad-Şərur sahəsində 625 ədəd yararsız şpal təzə ağac şpalla, 940 yararsız ağac şpal yarımyararlı ağac şpalla, 22 yararsız ağac şpal isə yarıməyararlı dəmir-beton şpallarla əvəzləşdirilib. Uçurum gözlənilən yerlərdə təhlükəli daşların zərərsizləşdirilməsi təmin edilərək bütün qüsurlu rels bərkidiciləri dəyişdirilib, yolun plan və profil üzrə təlimata uyğun saxlanılması məqsədilə təkan və çarpaz yatmalar aradan qaldırılıb. Əlavə olaraq “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Rusiya Federasiyasının “Şpalzavod” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 9600 ədəd təzə ağac şpalın alınmasına dair müqavilə bağlanılıb. Yaxın vaxtlarda ağac şpalların respublikamıza gətirilməsi təmin ediləcəkdir.
Bildirilib ki, istismarda olan güc, dartı va alçaldıcı transformatorlarda profilaktik təmir işlərinə başlanılıb.
Sonda məruzə ətrafında çıxışlar dinlənilib.
Xəbərlər şöbəsi