Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsində 10 vakant vəzifənin tutulması üçün elan olunmuş müsabiqənin test imtahanı keçirilib.
İmtahanda namizədlərə qanunvericilik üzrə 40, Azərbaycan dili üzrə 15, informasiya texnologiyaları üzrə 15, məntiqi təfəkkürün yoxlanılması üzrə 30 sual olmaqla, ümumilikdə, 100 sual təqdim edilib, sualları cavablandırmaq üçün namizədlərə 2 saat 30 dəqiqə vaxt verilib. Hər düzgün cavab bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavablara təsir etmir. İmtahan başlanmazdan əvvəl namizədlərə slayd vasitəsilə imtahan və test proqramından istifadə qaydaları haqqında məlumat verilib.
Test imtahanında obyektivlik və şəffaflığın tam təmin edilməsi məqsədilə videoçəkiliş aparılıb. İmtahan bitdikdən dərhal sonra namizədlərə nəticəyə dair arayış təqdim edilib.
Nəticələr Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilib.
Müsabiqəyə çıxarılan vakant vəzifələrin tutulması üçün 20 namizədə sənəd təqdim olunub, onlardan 19-u test imtahanında iştirak edib. Müvafiq keçid balını toplamış 7 nəfər müsahibə mərhələsində iştirak hüququ qazanıb. Test imtahanında müvəffəqiyyət qazanmış namizədlər nəticələr elan edildiyi gündən 10 iş günü müddətində Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet portalı vasitəsilə qeydiyyatdan keçməlidirlər. Qanunvericiliyə əsasən müsahibə mərhələsi sənəd qəbulu başa çatdıqdan sonra 30 gün ərzində keçiriləcəkdir.
Qeyd edək ki, imtahanın təşkili və keçirilməsində karantin rejiminin tələblərinə ciddi əməl olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidməti